Rəşadət Axundovun babası dəfn edilib

Nəvəsi Rəşadət Axundova yeni ittihamın təqdim edilməsindən sonra intihar cəhdi etmiş Ənayət Axundov xəstəxanada vəfat edib.
NiDA Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər BBC Azərbaycancaya Ənayət Axundovun Mehdiabad kəndində dəfn olunduğunu deyib.
Sentyabrın 12-də mətbuat mart ayından həbsdə olan Rəşadət Axundova qarşı 12 ilədək həbs cəzasını nəzərdə tutan kütləvi iğtişaşların təşkili ilə əlaqədar yeni ittihamın təqdim olunduğunu xəbər verib.
Bu xəbərdən sonra damarlarını kəsmiş cənab Axundov xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Bu barədə Rəşadətin xanımı Türkən Hüseynova Kavkaz-Uzel saytına bildirib.
Müsavat və AXCP partiyası Ənayət Axundovun ölümü ilə bağlı iqtidarı ittiham ediblər. Rəsmilər tərəfindən məsələyə münasibət bildirilməyib.
NİDA Vətəndaş Hərəkatının yeddi üzvü hazırda həbsdədir. Gənclər martın 10-da "Əsgər ölümlərinə son" aksiyasında zorakılığa çağırışda, narkotik və partlayıcı maddələrin qanunsuz saxlanmasında ittiham olunurlar.
İyun ayında məhkəmə Rəşadət Axundovun həbs cəzasını daha 3 ay müddətinə uzadıb.
NİDA yeni ittihamın irəli sürülməsi ilə əlaqədar bəyanat verib və bunu "tamamilə əsassız və heç bir hüquqi arqumentə söykənməyən" qərar adlandırıb.
NİDA fəalı “Amnesty International” tərəfindən vicdan məhbusu kimi tanınıb.
Hakimiyyət nümayəndələri Azərbaycanda gənclərin fəaliyyətinə məhdudiyyətlər olmadığını, yalnız "cinayətkarların" cəzalandırıldığını deyir.




