HRW İran hökumətinə: "Azərbaycanlı fəalları azadlığa buraxın!"

Joe Stork
Şəklin alt yazısı, "Biz bu kişilərin etiraz hüquqlarından istifadə etmələrindən başqa fəaliyyətə dair işarə edən heç bir sübut görməmişik." - Joe Stork

"İranın ən böyük etnik azlığı olan azərbaycanlılarla necə rəftar etməsi, hökümətin bütün iranlıların fundamental hüquqlar və bərabər müdafiəsinə münasibəti haqqında çox şey açıqlayır", Human Rights Watch təşkilatının Yaxın Şərq üzrə direktoru Joe Stork deyib.

İnsan haqları təşkilatı çərşənbə axşamı yaydığı bəyanatında İran hökümətini həbs olunan beş azərbaycanlı fəalı "dərhal və şərtsiz" azadlığa buraxmağa çağırıb.

Bu yaxınlarda İranın appelyasiya məhkəməsi Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının (Yeni GAMOH) mərkəzi komitəsinin üzvləri olan fəallar haqqında doqquz illik həbs cəzasını təsdiq edib.

Mahmud Fəzli, Ayat Mehrəli Bayqlu, Bəhbud Quluzadə, Şəhram Radmehr və Lətif Həsəni 31 dekabr 2012 və 16 fevral 2013 tarixləri arasında həbs olunublar. İran höküməti onları "qeyri-qanuni qruplaşmalar təşkil etmək" və "dövlətə qarşı təbliğat aparmaq"da təqsirli bilib.

Məhbusların Human Rights Watch (HRW) ilə danışan ailə üzvlərinə əsasən, onlardan bəziləri müxtəlif xəstəliklərdən əziyyət çəkir, bəziləri isə dindirmə zamanı fiziki və psixoloji təzyiqə məruz qalıb.

HRW Şəhram Radmehrin qardaşı Səccada istinadən yazır ki, bu təzyiqə görə cənab Radmehr "dəhşətli baş ağrılarından əziyyət çəkməyə başlayıb" və dindirmə zamanı üç dəfə huşunu itirib.

Ayat Mehrəli Bayqlunun həyat yoldaşı Zəhra Fərəczadə isə istintaq zamanı vəkillərin üzləşdiyi çətinliklərdən danışıb. "İstintaq zamanı müttəhimlərin vəkillərinin heç biri məhkəmə işi sənədlərini görə bilməyib", HRW xanım Fərəczadəyə istinadən yazır və əlavə edir ki, məhkəmə prosesi sənədlər vəkillərə veriləndən sonra cəmi bir həftə sonra başlanılıb.

"Hüquqları üçün və ya daha çox muxtarlıq üçün dinc çıxış etmək, azlıq qrupunun üzvlərinə uzunmüddətli həbs cəzaları kəsmək üçün heç də səbəb deyil", Joe Stork deyib.

"Biz bu adamların... etiraz hüquqlarından istifadə etmələrindən başqa fəaliyyətlərinə dair işarə edən heç bir sübut görməmişik."

HRW iddia edir ki, GAMOH üzvləri yalnız bu təşkilatla əlaqələrinə görə azadlıqdan məhrum edilib.