Saleh Kamrani: "Aclıq edən azərbaycanlı məhbusların saxlanma yeri məlum deyil"

İranda aclıq elan etmiş Yeni GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) partiyasının 5 nəfər rəhbər üzvü artıq 10-cu gündür ki aclıq edir.
Bunu BBC Azərbaycancaya İsveçdə yaşayan və əslən İrandan olan azərbaycanlı hüquqşünas Saleh Kamrani bildirib.
Saleh Kamraninin sözlərinə görə, 1 gün əvvəl aclıq edən fəalları Təbrizdən Tehrana aparsalar da, onların Tehranda harada saxlandığı bilinmir.
Saleh Kamrani aclıq aksiyası keçirən fəalların əsas tələblərinin İranda azərbaycanlıların etnik mənsubiyyəti və mədəni dəyərlərinin, o cümlədən azərbaycan dilinin qorunması və işlədilməsini təmin edilməsindən ibarət olduğunu qeyd edib.
Onun təbirincə, bu baxımdan, İranda yaşayan azərbaycanlılar müəyyən ümidlərini ötən ay İranda keçirilmiş prezident seçkilərilə və həmin seçkilərdə qalib gəlmiş yeni prezident Həsən Rohani ilə bağlayıblar.
"Rohaninin seçkiyə qədər etdiyi çıxışları azərbaycanlılar üçün ümidverici səslənirdi", Saleh Kamrani deyir.
Saleh Kamranin təbirincə, İranda azərbaycanlıların hüquqlarının müdafiəsini qarşısına məqsəd qoymuş Yeni GAMOH partiyasının fəalları ölkənin daxilində fəaliyyət göstərmək yolunu seçiblər, və bu səbəbdən də həbs olunublar.
İrandakı mənbələrə istinad edən Saleh Kamrani, aclıq elan etmiş Yeni GAMOH fəallarının tələbləri yerinə yetirilməyincə aclığa davam edəcəklərini vurğulayıb.




