Rusiya ilə Gürcüstan 5 il keçmiş: nə sülh, nə də müharibə

Hakimiyyət başına Rusiyaya daha yaxın olan Bidzina İvanişvilinin gəlməsinə rəğmən Moskva ilə Tbilisi münasibətlərində mülayimlik nəzərə çarpmır.
Moskvalı politoloq Pavel Svyatenkov deyir ki, Gürcüstanla əlaqələr Rusiyanın münasibətdə olduğu 200 ölkə arasında ən çətinidir.
“Bu münasibətlər belə vəziyyətdə uzun müddət qala bilər”, - ekspert BBC Rus xidmətinə bildirib.
Ötən ilki seçki kampaniyası vaxtı Rusiya ilə əlaqələrin bərpa ediləcəyi barədə İvanişvilinin vədləri hələ ki, ticarət mübadiləsi və iqtisadi əlaqələrin canlanmasına ümid edənlərin arzularını doğrultmayıb.
Şərab diplomatiyası
2006-cı ildə əlaqələrin kəskinləşməsindən sonra qadağan edilmiş Gürcüstan şərablarının ilk partiyası Rusiyaya daxil olub. Lakin iki aydır ki, başlanan satışlar gözlənildiyindən xeyli zəifdir və bəzi ekspertlərə görə məşhur şərab markaları artıq öz mövqelərini bərpa edə bilməyəcəklər.
“Gürcü şərabları qadağadan öncə bazarın 10 faizinə malik olub. İndi onlar bazarda 2 faizdən artıq pay ala bilməyəcəklər”, - Rusiyada nəşr edilən Moscow Times qəzetinə şərab üzrə ekspert Erkin Tuzmuxamedov deyib.
Baş nazir Bidzina İvanişvilinin tərəfdarları iqtisadi yaxınlaşma ardınca siyasi dialoqun aktivləşməsini gözləyirdilər.
Lakin belə görünür ki, Rusiya bazarından məhrum edilmiş iqtisadi məhsulun yeni bazara yönləndiyi kimi Gürcüstan siyasəti də Rusiyadan yan keçən Avroatlantik məkanına oturuşmaqdadır.
Dialoqa maraq
Gürcüstanlı politoloq Ramaz Sakvarelidzenin dedyinə görə, Tbilisidə ümid edirdilər ki, Rusiyaya dostyana siyasət, jestlər və Saakaşviliyə xas olan qərbpərəst ritorikanın azalması ilə əlaqələrin bərpasına zəmin yaranacaq.

Onun sözlərinə görə, Rusiya öz mövqeyini may və iyun ayında Gürcüstandan qopmuş Cənubi Osetiya ilə sərhəddə tikanlı məftil çəkməklə ifadə edib ki, bu da bir çox gürcü üçün Moskvanın dialoqda maraqlı olmamasının təzahürüdür.
"Hakimiyyətə yeni qüvvə gəlsə də, Moskvanın mövqeyi zərrə qədər də dəyişməyib. Saakaşvili deyirdi ki, Rusiyaya doğru addım atmağın heç bir mənası yoxdur. Onu lazımsız emosionallıq və inadkarlıqda təqsiləndirirdilər. İndi Rusiya onun düzgün olduğunu təsdiqləyir”, - politoloq BBC Rus xidmətinə deyib.
5 il əvvəl baş verən müharibənin irsi barədə indiyədək daban-dabana zidd mülahizələr söylənilir.
Rusiyadakı sərt xətt tərəfdarları əmindirlər ki, ölkə ilk dəfə olaraq Qərbə baş əymədən öz iradəsilə hərəkət etdi. Belə qənaətdə olanlara əsasən Kosovonun tanınmasından sonra Cənubi Osetiyanı tanıyan Moskva Qərblə bərabər hüquqlu tərəfdaş kimi danışmaq haqqını əldə etdi.
Qonşuların ehtiyatı
Əks fikirdə olanlara görə, Rusiya Azərbaycan kimi münaqişələrə malik ölkələrin gözündə bitərəf vasitəçi roluna xələl gətirdi.
Maraqlıdır ki, Gürcüstana qoşun yeridilmisi və sərhədlərin yenidən dəyişdirilməsi perspektivi hətta Rusiyanın yaxın müttəfiqi olan antiqərb Belorus prezidenti tərəfindən belə dəstək qazanmadı.
"Qərblə münasibətlər kafidir - deyir Pavel Svaytenkov. - Gürcüstana gəlincə isə bu böyük itki deyil."
“Rusiyanın aqressiv davranması qonşuları ehtiyatlandırdı. Bu münaqişədən sonra Azərbaycan özü üçün nəticələr çıxardı və münaqişənin həllində ayırıcı qüvvə kimi Rusiyanın iştirakına razılıq verməz”, - Rasim Musabəyov BBC Azərbaycancaya deyib.
Bu yaxınlarda 2008-ci ildəki müharibə barədə Russia Today kanalına müsahibə verən Rusiyanın baş naziri əlaqələrin yaxşılaşacağına inandığını deyib.
Müharibə vaxtı prezident və baş komandan olan Dmitri Medvedev həmçinin deyib ki, əlaqələr Cənubi Osetiya müstəqilliyinin tanınmasından sonra bərpa edilə bilər.
Gürcüstan daha əvvəl əlaqələrin bərpası üçün öz ərazi bütövlüyünün tanınması şərtini irəli sürüb.
Belə görünür, ki müharibədən 5 il keçmiş verilən bəyanatlara rəğmən tərəflərin mövqeləri dəyişməz qalır.




