Müsəlmanların "halal" pivəyə marağı artıb

Pivə
Şəklin alt yazısı, İranlılar 2007-ci illə müqayisədə 2012-ci ildə dörd dəfə çox alkoqolsuz pivə içiblər

"Economist" jurnalı son sayında Yaxın Şərqdə spirtsiz pivəyə artan maraqdan yazır.

Keçən il ümumilikdə 2,2 milyard litr pivə içilib və bu, beş il bundan əvvəlki istehlakdan 80 faiz çoxdur.

"Economist" yazır ki, iranlılar 2007-ci illə müqayisədə 2012-ci ildə dörd dəfə çox alkoqolsuz pivə içiblər.

Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb əmirliklərində də spirtsiz pivə istehlakı artıb, lakin ümumən regionda spirtli pivənin satışı daha yüksəkdir.

İran firması olan "Behnuş" 1979-ci il İran İslam İnqilabından sonra "Delster" pivələrinin alkoqolsuz istehsalına keçib.

Qəzzada Həməsin hakimiyyətə gəldiyi 2005-ci ildən bəri Fələstinin "Taybeh" şirkəti yaşıl rəngli "halal pivə" istehsal edir.

Livanda alkoqolsuz pivə istehsalçısı "Laziza"nın başçısı Guilda Saber deyir ki, alkoqolsuz pivə Coca-Cola və ya meyvə şirələrinin verə bilmədiyi dad və zövq verir.

Reklamlar

Bununla belə, alkoqolsuz pivənin istehsalçıları artdıqca, bazar daralır və cəsarətli reklamlar ortaya çıxır.

Məsələn, reklamlardan birində çimərlikdə birlikdə pivə içən kişi və qadınlar görüntülənib.

Və ya alkoqolsuz pivə içən bir qrup kişi yanlarından ötən bir qadının arxasınca baxır. Belə başa düşmək olar ki, qadınları seyr etmək, pivə içməkdən daha az günah imiş.

Adi alkoqollu pivə buraxan Türk Efes də 2011-ci ildən Efes Zero istehsal etməyə başlayıb.

"Economist" yazır ki, Səudiyyədə və Misirdə din xadimləri alkoqolsuz pivəni hala edən fitvalar verirlər.