TAP kəmərinin Azərbaycana faydası nə olacaq?

Borular

Cümə günü “Şahdəniz-2” konsorsiumunun lideri BP şirkəti təbii qazın Avropaya ixracı üçün TAP kəmərini seçdiyini rəsmən açıqlayıb və seçimin strateji önəm daşıdığını qeyd edib.

Mütəxəssislər deyir ki, TAP maliyyə və kommersiya, təhlükəsizlik, şəffaflıq, səmərəli fəaliyyət və dizayn kimi xüsusiyyətlərinə görə daha sərfəli olduğundan qərar onun üzərində cəmləşib.

Bu qərara gəlməkdən öncə son iki ildə bir neçə layihə, o cümlədən də "Nabucco West" layihəsini nəzərdən keçirib.

Beynəlxalq təşkilatlar və xarici diplomatlar, qərardan əsasən "məmnun" olduqlarını bildiriblər.

Rusiya amili

İqtisadçı Natiq Cəfərli BBC Azərbaycancaya deyir ki, məsələnin siyasi tərəfi Rusiya ilə bağlı idi.

"Rusiyanın əsas məqsədlərindən biri o idi ki, Nabucco West həyata keçməsin, onun seçilməsi Rusiya ilə münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilərdi”.

TAP-a gəldikdə isə, iqtisadçı layihənin avropalılardan daha çox azərbaycanlılara "xeyir" verəcəyini düşünür.

Onun sözlərinə görə, Avropa üçün Azərbaycan qazının hansı kəmərlə Avropaya çıxmasının elə də ciddi əhəmiyyəti yoxdur.

Cəfərli TAP-ın seçilməsini iyunun ortalarında Azərbaycanın Dövlət Neft Şirkətinin (ARDNŞ) Yunanıstanın dövlət qaz paylayıcı şirkətini (DESFA) satın alması ilə əlaqələndirir, hərçənd ki rəsmilər bunu təsdiqləmir.

“Orada rəqabət Rusiyanın Qazprom şirkəti ilə ARDNŞ arasında idi, çox güman ki, TAP-ın seçimində Rusiyanın Yunanıstanın qazpaylayıcı şirkətindən imtina etməsi də rol oynadı”, deyən Cəfərli “müəyyən sövdələşmə” olduğunu güman edir.

“Rusiya Yunanıstandan çəkildi və Azərbaycan Nabucco-nu seçməyərək TAP-ı seçdi”.

Ekspertin sözlərinə görə, Yunanıstan ərazisində olan qazpaylayıcı şirkət vasitəsilə ARDNŞ özü birbaşa istehlakçılara çıxma imkanı tapır ki, bu da Azərbaycana daha çox gəlir gətirə bilər.

Nəticədə isə, TAP bu iqtisadi nöqteyi-nəzərdən Azərbaycana sərf edir.

TAP seçimi və DESFA-nın alınması

ARDNŞ prezidenti Rövnəq Abdullayev isə qərarın verilməsində Rusiya amili barədə fikirləri rədd edib.

“Bu seçimin ARDNŞ tərəfindən bu yaxınlarda Yunanıstanın DESFA qaz şirkətinin alınması ilə heç bir əlaqəsi yoxdur”, Abdullayev deyib.

TAP-ın başqa üstünlüyü isə, onun həyata keçirilmək üçün 2.2 milyard dollara ehtiyac olmasıdır. Nabucco isə, əksinə, daha artıq vəsait tələb edir.

Qiymət məsələsinin seçimdə mühüm üstünlük təşkil etdiyi fikrilə enerji təhlükəsizliyi üzrə Platts şirkətindən təhlilçi John Roberts şərik çıxır:

“Ötən ilin sonunadək hər iki layihə baş-başa inkişaf edərək bərabər şanslara malik olub. Lakin sonradan vəziyyət TAP layihəsinin xeyrinə dəyişdi. Belə ki, İtaliya bölgədə virtual qaz habına çevrildi. Bu, ölkə üzərindən qaz yayımı asanlaşdı. İkinci səbəb isə budur ki, ortada olan TANAP kəməri, bahalı yatırımlar tələb edir. Bu başqa elementlərin daha ucuz olmasına məcbur edirdi”, - John Roberts BBC Azərbaycancaya bildirir.

Yekdil qərar

Cənab Robertsi təəccübləndirən məqam isə, “sonucda Şahdəniz sərmayyəçilərinin yekdil qərarı” olub, amma o, TAP layihəsinin gələcəyinə inandığını ifadə edir.

“Bu gün Bakıdakı mərasimə Avropanın Azərbaycandakı ən yüksək rütbəli diplomatı qatılaraq qitənin bu qərara dəstəyini nümayiş etdirib. Avropa yalnız Şahdənizdəki ilk 10 milyard kubmetr qazın Avropaya ötürülməsilə kifayətlənmir və bunun tezliklə ardı olacağına ümid edir”.

Təhlilçinin haqqında danışdığı Avropa İttifaqı rəsmiləri verilmiş qərarı “Xəzər dənizinə birbaşa qapı açılır” kimi qiymətləndirib.

Aİ Komissiyasının yaydığı məlumatda deyilir ki, Komissiya prezidenti José Manuel Barroso TAP-ın seçilməsini “Avropanın birgə uğuru və İttifaqımızın enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsi” adlandırıb.

Barroso 2011-ci ildə Azərbaycanla imzalanan və Xəzər dənizindən Avropa İttifaqına birbaşa xüsusi keçid olmasını nəzərdə tutan Cənub Qaz Dəhlizinin tezliklə reallaşmasına təkan verəcək.

Qurumun Enerji Məsələri üzrə Komissarı Günter H. Oettinger isə deyib ki, Avropanın enerji təhlükəsizliyi baxımından gələcəkdə artıq daha çox qaz qəbul edəcəyimizdən əmindir.

Öhdəlik

"Qazın yeni xüsusi qaz boru kəməri sistemilə birbaşa Avropaya çatdırılacağı ilə bağlı Azərbaycan öz üzərinə aydın öhdəlik götürmüşdür", deyən Oettinger Azərbaycanı “yeni tərəfdaş” adlandırıb.

Azərbaycanın həqiqi yeni tərəfdaş olması üçün isə, Avropa ölkələri ilə layihə çərçivəsində müqavilələr imzalanmalıdır.

BP şirkəti də açıqlayıb ki, artıq yunan və italiyan şirkətləri ilə qaz müqavilələri üzrə müzakirələri başa çatdırıb və yaxın həftələrdə müqavilələr bağlayacaq.

40 milyard dollar həcmində vəsait yatırılmasının planlaşdırıldığı TAP kəməri ilə ildə 16 milyard kubmetr qazın nəql edilməlidir.

Uzunluğu 870 km olacaq TAP qaz kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdırmalıdır.