Şahdəniz konsorsiumu TAP-ı seçdiyini rəsmən açıqlayıb

Azərbaycan təbii qazın Avropaya ixracı üçün TAP (Trans Adriatic Pipeline) boru kəmərini seçdiyini rəsmən açıqlayıb.

“Şahdəniz-2” layihəsinin lideri BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gordon Birrell bildirib ki, son iki ildə bir neçə kəmər seçimləri nəzərdən keçirilib.

“Bu layihə strateji önəm daşıyır və bu layihənin icrası nəticəsində Azərbaycan yeni kəmər vasitəsilə Avropanın yeni qaz təchizatçısına çevriləcək”, APA Birrellin sözlərini yazır.

Nabucco seçilmədiyini çərşənbə günü bəyan edib, dünən isə Yunanıstan və TAP arasında investisiya lahiyəsi imzalanıb.

"Şahdəniz" Konsorsiumu son bir ildə təbii qazın ixracı üçün TAP və "Nabucco West" layihələrinin seçimini edib.

Yeni imkanlar

Azərbaycan rəsmiləri də bildirib ki, bu kəmərin seçilməsi ilə Avropanın enerji təchizatçısına çevrilmək üçün mühüm addımlardan birini atılıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, “TAP layihəsi Avropanın enerji xəritəsini dəyişəcək və əməkdaşlıq üçün yeni imkanlar açacaq”.

Yerli qaz ehtiyatlarının 2 trln. kubmetr həcmində olduğunu bildirən şirkət rəsmisi, bunun Avropada gələcək layihələrdə də iştirak imkanı yaratdığını açıq edib.

Digər rəsmi, Sənaye və Energetika naziri Natiq Əliyev deyib ki, TAP “rentabellik, təhlükəsizlik, səmərəlilik və kommersiya” baxımından “yaxşı” seçimdir.

“Regional və transmilli layihələr əməli sürətlə gerçəkləşir. "Şahdəniz-2" Azərbaycan, Gürcüstan və Türkiyə iqtisadiyyatının inkişafına və sərmayə qoyuluşlarına səbəb olacaq”, Əliyev qeyd edib.

Şahdəniz konsorsiumu açıqlayıb ki, seçim aparılarkən maliyyə və kommersiya, təhlükəsizlik, şəffaflıq, səmərəli fəaliyyət və dizayn kimi xüsusiyyətlər nəzərə alınıb.

"Nabucco West"in şərhi

Seçilməyən “Nabucco West” layihəsi rəsmiləri TAP-ın seçilməsi qərarını tanıdıqlarını bəyan edib.

Şirkətin açıqlamasında deyilir ki, Nabucco Avropaya yeni qaz marşrutunu reallaşdırmayacağına görə “təəssüf edir”, lakin öz layihələrinin diversifikasiyaya ehtiyac olmadan ehtiyaclara cavab verəcək yeganə marşrut olduğuna da “inanırlar”.

Rəsmilərə görə, diversifikasiyaya ehtiyac hələ də Avropa bazarı, əsasən də Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri üçün çətinlik yarada bilər.

“Qərar iki bazar və bu bazarların şərtlərinə əsaslanan seçim etmiş istehsalçılar arasında olan rəqabət əsasında qəbul edilib”, “Nabucco Gas Pipeline International GmbH” bildirib.

Şirkət bundan sonra, alternativ qaz mənbələrinə əsaslanan imkanlarını inkişaf etdirməyi planlayır.

TAP kəmər vasitəsilə Azərbaycandan Avropaya ildə hələlik on milyard kubmetr qaz çatdırılması planlaşdırılır.

Layihəyə sərmayə qoyulması ilə bağlı qərarlar isə cari ilin sonunadək veriləcək.

40 milyard dollar həcmində vəsait yatırılmasının planlaşdırıldığı TAP kəməri ilə ildə 16 milyard kubmetr qazın nəql edilməlidir.

Uzunluğu 870 km olan kəmərlə Azərbaycan qazı Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq.