Azərbaycan qazını Avropaya TAP daşıyacaq

Azərbaycan qazının Avropaya daşınması üçün Trans Adriatik (TAP) qaz kəməri seçilib.
Yunanıstan hökuməti və TAP arasında çərşənbə günü inevstisiya layihəsi imzalanıb.
Ancaq konsorsiumun lideri olan BP şirkəti hansı qaz kəmərinin seçilməsi barədə son qərarını Azərbaycanda hələ ki, açıqlamır.
Konsorsiumun lideri olan BP şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatli BBC Azərbaycancaya deyir ki, təxminən bir ildir ki, son qərarın iyunun sonunda veriləcəyi bildirilib.
Ötən gün Nabucco West layihəsi özünün müsabiqədə uduzduğunu bəyan edib və bununla da Trans Adriatik (TAP) qaz kəmərinin seçildiyi anlaşılıb.
Bu məlumat yayılandan bir neçə saat sonra isə, Yunanıstan özünün, Albaniya və İtaliyanın da daxil olduğu TAP layihəsi ilə bağlı rəsmi anlaşma imzalayıb, Associated Press agentliyi yazır.
Avstriyanın OMV şirkətinin rəsmisi deyib ki, "Nabucco West layihəsi (Şah Dəniz) konsorsiumu tərəfindən seçilməyib".
Səbəb kimi isə, Nabucco West-in daha bahalı olması göstərilib.
"Nabucco layihəsi bizim üçün bitib", OMV rəhbər idarəedicisi Gerhard Roiss çərşənbə günü deyib.
Afinadakı mənbələr AFP agentliyinə deyib ki, Şah Dəniz konsorsiumu Yunanıstanın Baş Naziri Antonis Samarası çərşənbə günü TAP-ı seçməsi barədə məlumatlandırıb.
Yunanıstan və İtaliya vasitəsilə Avropaya qaz ötürəcək TAP daha ucuz başa gələn qaz kəməri hesab olunur.
BP-nin liderlik etdiyi Şah Dəniz konsorsiumunun hansı qərarı verəcəyi aylardan bəri idi ki, səbirsizliklə gözlənilirdi.
TAP Azərbaycan qazını Türkiyədən Yunanıstan və Albaniya, daha sonra isə Adriatik Dənizinin altı ilə İtaliyanın cənub-şərqinə daşıyacaq.
Nabucco isə qazın Türkiyə-Bolqarıstan sərhədindən Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyaya daşınmasını nəzərdə tuturdu.




