Nabucco-West-ə yeni üzv cəlb etmək üçün danışıqlar aparılır

Avropaya qaz nəqli üzrə Nabucco-West konsorsiumunun səhmdarları layihəyə ən azı daha bir Avropa şirkətinin cəlb olunması üzrə danışıqlar aparırlar.
Nabucco – West-in ən böyük səhmdarlarından olan OMV şirkətinin icraçı direktoru Reuters agentliyinə layihəyə maraq göstərən tərəflərin olduğunu deyib.
"Bu barədə danışıqlar aparılır. Lakin mən layihəyə kimin qatılmaq istədiyini məxfilik səbəbindən açıqlaya bilmərəm”, Gerhard Roiss deyib.
Dominantlıq
Almaniyanın RWE şirkətinin 17 faizlik payını sataraq konsorsiumundan çıxmasından sonra yeni üzvün əlavə olunması dövlət nəzarətindəki firmaların dominantlığı ilə bağlı narahatlıqları azalda bilər, Reuters agentliyinin təhlilində deyilir.
Layihəni kiminsə tərk edəcəyinə dair əlamətlər nəzərə çarpmır, Nabucco-West konsorsiumunun rəhbəri Reinhard Mitschek bildirib.
OMV və Almaniyanın Bayerngas şirkəti layihəyə qatılmaqda maraqlı olmadığını bildirib.
Nabucco – West konsorsiumuna Bolqarıstanın BEH, Türkiyənin “Botaş”, Macarıstanın “Mol” və Rumıniyanın Transgaz şirkəti daxildir.
Seçim
Şahdəniz konsorsiumu Nabucco-West və cənubi Avropaya yönlənəcək rəqib TAP kəməri arasında seçimini iyun ayının sonunadək elan etməlidir.
Nabucco konsorsiumu və Trans Anadolu Boru Kəməri (TANAP) arasında Anlaşma və <link type="page"><caption> Əməkdaşlıq Memorandumu</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/03/130304_nabucco_tanap_agreement.shtml" platform="highweb"/></link> imzalanıb.
Avropa qaz ehtiyacının 4-də birini Rusiya qarşılayır.
Xəzər hövzəsindən enerji daşıyıcılarının idxalı Rusiya qazından asılılığın azaldılması yönələn Avropa İttifaqı siyasətinin tərkib hissəsini təşkil edir.
Shahdəniz-2 layihəsindən ixrac ediləcək 16 milyard kubmetr qazın 10 milyardı Avropa və 6 milyardı Türkiyə bazarı üçün nəzərdə tutulub.




