Azərbaycan qazını Avropaya TAP daşıyacaq

Azərbaycan yataqlarını inkişaf etdirən qrup Yunanıstana qaz ixracını nəzərdə tutan TAP (Trans Adriatik Pipeline) kəmərini seçib, rəsmilər çərşənbə günü bildiriblər.

Türkiyə sərhədindən Avstriya çəkiləcək Nabucco West-in rəqabətdə məğlub olduğunu bildirir. 2019-cu ildə istifadəyə veriləcək layihə Avropanın Rusiya enerji daşıyıcılarından asılığının azaldılmasını nəzərdə tutur.

Ötən gün Nabucco West layihəsi özünün müsabiqədə uduzduğunu bəyan edib və bununla da Trans Adriatik (TAP) qaz kəmərinin seçildiyi anlaşılıb.

Bu məlumat yayılandan bir neçə saat sonra isə, Yunanıstan özünün, Albaniya və İtaliyanın da daxil olduğu TAP layihəsi ilə bağlı rəsmi anlaşma imzalayıb, Associated Press agentliyi yazır.

Yunanıstan hökumətinin üzvü, maliyyə naziri Yannis Stournaras müvafiq müqavilənin imzalama mərasimində deyib ki, saziş iş yerlərinin açılmasına xidmət edəcək.

"Mən inanıram ki, bu ölkəmizdə yeni iş yerləri yaradacaq. Yunanıstan region üzrə enerji mərkəzinə çevriləcək”.

"Bu Yunanıstana 1.5 milyard sərmayyə yatırmaq üçün sabit zəmin yaradır. Və buna görə də mən əminəm ki, Şahdənizin ixrac marşrutu kimi TAP-ı seçməsi onun üçün mühüm elementdir”, - TAP-ın icraçı direktoru Kjetil Tungland deyib.

Konsorsiumun lideri olan BP şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatli BBC Azərbaycancaya deyir ki, təxminən bir ildir ki, son qərarın iyunun sonunda veriləcəyi bildirilib.

Avstriyanın OMV şirkətinin rəsmisi deyib ki, "Nabucco West layihəsi (Şah Dəniz) konsorsiumu tərəfindən seçilməyib".

Səbəb kimi isə, Nabucco West-in daha bahalı olması göstərilib.

"Nabucco layihəsi bizim üçün bitib", OMV rəhbər idarəedicisi Gerhard Roiss çərşənbə günü deyib.

Afinadakı mənbələr AFP agentliyinə deyib ki, Şahdəniz konsorsiumu Yunanıstanın Baş Naziri Antonis Samarası çərşənbə günü TAP-ı seçməsi barədə məlumatlandırıb.

Yunanıstan və İtaliya vasitəsilə Avropaya qaz ötürəcək TAP daha ucuz başa gələn qaz kəməri hesab olunur.

BP-nin liderlik etdiyi Şahdəniz konsorsiumunun hansı qərarı verəcəyi aylardan bəri idi ki, səbirsizliklə gözlənilirdi.

TAP Azərbaycan qazını Türkiyədən Yunanıstan və Albaniya, daha sonra isə Adriatik Dənizinin altı ilə İtaliyanın cənub-şərqinə daşıyacaq.

Nabucco isə qazın Türkiyə-Bolqarıstan sərhədindən Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyaya daşınmasını nəzərdə tuturdu.