ABŞ Snowden-in Rusiyadan ekstradisiyasında israr edir

Edward Snowden

ABŞ hökuməti Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin sabiq texniki xidmət əməkdaşı Edward Snowden-in təhvil verilməsi çağrışı ilə yenidən Rusiyaya müraciət edib.

Çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin Snowden-in indiyədək “Şeremetyevo” hava limanının tranzit zonasında olduğunu etiraf edib.

Ağ Ev hesab edir ki, hətta ölkələr arasında ekstradisiya haqqında razılaşma olmadığı halda, Amerika xüsusi xidmətlərinin telefon və internet şirkətləri müştəriləri haqqında məlumat toplama proqramı haqqında məlumat yaymış Snowden-in təhvil verilməsi üçün “aydın hüquqi əsaslar” mövcuddur.

“Biz cənab Snowden-i yubanmadan köçürmək çağrışı ilə Rusiya hakimiyyətinə müraciət edirik. Bu addım Rusiya ilə Amerika arasında qanunvericilik sahəsində əməkdaşlığı inkişaf etdirməyə kömək edər”, - ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Caitlin Hayden deyib.

O, Rusiya və ABŞ hüquq-mühafizə orqanları arasında, xüsusilə aprel ayında Bostonda partlayışlardan sonra sıx əlaqələr yarandığını xatırladıb.

Hayden hesab edir ki, Snowden-in Rusiyadan köçürülməsi üçün Amerika xüsusi xidmətin sabiq əməkdaşına qarşı vətənə casusluq ittihamı ilə cinayət işi qaldırıldığı və pasportunun ləğv edilməsi qanunvericilik əsası ola bilər.

Eyni zamanda, Venesuela prezidenti Nicolas Maduro bəyan edib ki, Edward Snowden müraciət etsə, Karakas ona sığınacaq təqdim etmək imkanını nəzərdən keçirməyə hazırdır.

Haitiyə səfəri zamanı Maduro hələlik Snowden tərəfindən belə xahiş alınmadığını bildirib.

Bu arada ABŞ dövlət katibi John Kerry Edward Snowden-lə bağlı yaranmış vəziyyətə dair yeni bəyanat verib.

O, bu kimi məsələlərin həllində beynəlxalq təcrübəyə müraciət etməyi təklif edir: “Ölkələrimiz [Rusiya ilə ABŞ] arasında ekstradisiya haqqında saziş yoxdur. Lakin suveren dövlətlər arasında davranış qaydaları mövcuddur. Qanun mövcuddur və ona hörmət etmək lazımdı. Biz sadəcə Rusiyadakı dostlarımıza müraciət edərək deyirik ki, BMT üzrə tərəfdaş kimi, ABŞ tam normal hüquqi prosedur çərçivəsində adi sorğu edib və biz istəyirik ki, qanuna riayət edilsin”.