“ABŞ-ın Snowden iddiaları sərsəmləmə və cəfəngiyatdır”, - Putin

Rusiya prezidenti Vladimir Putin Amerika hökumətinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edward Snowden-i ekstradisiya etmək çağırışlarını rədd edib.
Onun sözlərinə görə, bu, mümkün deyil. Çünki Rusiya ilə ABŞ arasında canilərin təhvil verilməsi üzrə ikitərəfli razılaşma mövcud deyil.
“Cənab Snowden doğurdan da Moskvaya gəlib. Bu, bizim üçün tamamilə gözlənilməz hal olub”, - Finlandiyanın Turku şəhərində çıxışı zaman Putin bəyan edib.
Putin Snowden'in tranzit sərnişin kimi gəldiyini təsdiq edib və çərşənbə axşamı Rusiya XİN başçısı Sergey Lavrov bəyan etdiyi kimi, onun Rusiya sərhədini keçməyini bildirib. Putin eləcə də ABŞ tərəfindən Rusiyaya ünvanlanan ittihamları “sərsəmləmə və cəfəngiyat” adlandırıb.
Amerika kəşfiyyat xidmətlərinin fəaliyyətinə dair məxfi sənədlər dərc edən Snowden'ə qarşı ABŞ-da casusluq ittihamı ilə cinayət işi başlanıb. Bazar ertəsi ABŞ dövlət katibi John Kerry qeyd etmişdi ki, Rusiyanın Snowden'i ekstradisiya etməməsi iki ölkə arasında münasibətlərdə mürəkkəbliklər doğura bilər.
Rusiya prezidenti Snowden'in həbs olunmasının məntiqəuyğuluğunu sual altına qoyub. O, bu halı, həbsdən ehtiyatlanaraq artıq bir ildən çox Londonda Ekvador səfirliyində qaçqın kimi sığınan Wikileaks saytını yaradan Julian Assange'ın vəziyyəti ilə müqayisə edib.
“O da özünü Snowden kimi hüquq müdafiəçisi hesab edir və informasiya yaymaq uğrunda mübarizə edir. Özünüzə sual verin – belə adamları məhbəsə oturtmaq üçün təhvil vermək lazımdırmı?” – Putin deyib.
“Hər halda, mən belə məsələlərlə məşğul olmamaq istərdim, çünki bu, donuz qırxmaq kimi bir şeydir – çığ-vığı çox, yunu isə azdır”, - Rusiya prezidenti əlavə edib.
Snowden may ayında qaçmiş olduğu Honkonqdan Moskvaya “Aeroflot”un reysi ilə gedib və Ekvadordan siyasi sığınacaq istəyib, bazar günü bu ölkənin XİN-in məlumatından bəlli olub. Onun bazar ertəsi Havanaya uçacağı xəbər verilmişdi, lakin o, təyyarəyə minməyib.




