Qadınlar dövlət məmuruna: "..nə məişət texnikası, nə də yadplanetlilərik"

Azərbaycanda 26 İyun simvolik “Kişilər Günü” ərəfəsində bir qrup insan haqları fəalı dövlət məmurunun aylar öncə qadınlar barədə söylədiyi fikirlərə münasibət bildirib.
Fəalların yaydığı bəyanatda deyilir ki, Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov “8 mart - Beynəlxalq Qadınlar Günü” öncəsi mediaya müsahibəsində “şərəf və ləyaqəti alçaldan” və “qadınlara qarşı ayrı-seçkiliyə haqq qazandıran” ifadələr işlədib.
Bu səbəbdən, fəallar Həsənovu təbrik etmək üçün ona hədiyyə və məktub göndərib.
“Biz, Azərbaycan qadınları Namiq bəyə xatırladırıq ki, nə dayə, nə ev qulluqçusu, nə məişət texnikası, nə də yadplanetlilərik”, Bolqarıstanda fəaliyyət göstərən “Qadın İnsan Haqları İnstitutunun builki məzunu Ülviyyə Məmmədova bildirib.
Həsənova göndərilən məktubda isə, Azərbaycanın insan haqları barədə qanunları, ölkənin qoşulduğu beynəlxalq konvensiyalar və üzərinə götürdüyü öhdəliklərdən parçalar verilib.
Fəalların əsas tələbi, Həsənovun “Azərbaycan xanımlarından üzr istəməsidir”.
Məktubda eyni zamanda kişilər təbrik olunur. Həmin fəallar müraciətə əlavə ediblər ki, "Bəylərimiz bizə nə texniki funksiyaları yerinə yetirmək üçün, nə də pul kisəsi qismində lazım deyil. Siz bizə ömür-gün yoldaşı, könül dostu kimi gərəksiniz".
Cənab Həsənov martın 7-də Publika.az saytına verdiyi müsahibədə inkişaf edən texnikaya görə "qadına ehtiyac qalmadığını" deyib.
Bu fikirlərə ilkin etiraz mart ayında edilsə də, fəalların sözlərinə görə, hədiyyənin xarici ölkədən alınması və çatdırılması da zaman tələb edib.
Eyni zamanda, onlar bir neçə gün sonra Azərbaycanda qeyri-formal "kişilər günü” kimi qəbul edilən 26 iyun “Silahlı Qüvvələr Günü”nü gözləyib. Hərçənd ki, fəallar məktubu və hədiyyəni "Silahlı Qüvvələr Günü"nə aid olmadığını deyir.
Hədiyyə
Həsənova hədiyyə olaraq “rezin qadın” göndərilib və hədiyyənin “ya mətbəxə, ya da hər hansı tabuta" qoyulması məsləhət görülüb.
“Sizə nə hədiyyə edəcəyimiz barədə çox düşünmədik. Şükürlər olsun ki, müasir dövrümüzdə texnika sürətlə inkişaf edir. Sizin texnikaya olan marağınızı nəzərə alaraq, bu sahədə olan yeniliklərdən birini Sizə hədiyyə göndəririk”, Məmmədova bildirib.
Onun sözlərinə görə, bu cür fikirlərin yüksək rütbəli dövlət rəsmisi tərəfindən səsləndirilməsi dövlət siyasəti üçün daha da “təhlükəlidir”.
“Çünki Azərbaycan cəmiyyəti demokratik prinsipləri rəhbər tutaraq yaşamağa çalışır və yüksək rütbəli məmur kimi onun sözləri vətəndaşlar, xüsusilə gənclər üçün nümunədir”.
BBC Azərbaycanca cənab Həsənovla məsələyə şərh almaq üçün əlaqə saxlasa da, Nəqliyyat Nazirliyindən onun “bu gün ofisdə olmayacağı” deyilib.
Mətbuat xidməti rəhbəri müsahibəsində deyib ki, “..qadın işləyirsə, balans pozulur, ailədə münaqişələr yaranır. Texnika getdikcə o qədər inkişaf edir ki, qadına ehtiyac qalmır. Paltaryuyan maşın, qabyuyan maşın... Qadına heç bir iş qalmır. Dayə tutan qadın görəndə əsəbləşirəm. Qadın kişinin nəvazişini çəkmək üçün yaranıb”.
Etirazlar
Müsahibəsindən sonra o, fikirlərini dövlət məmuru kimi deyil, adi vətəndaş kimi ifadə azadlığından istifadə edərək bildirdiyini desə də, yerli ekspertlərin tənqidinə məruz qalıb.
Gender məsələləri üzrə ekspertlər onun sözlərini ölkədə qadınlara qarşı “diskriminasiya”nın göstəricisi hesab edib və son illərdə Azərbaycanda qadınların hüquqları ilə bağlı bir sıra qanunların qəbul edilməsini xatırladıb.
Ötən gün gender məsələləri üzrə məsul dövlət orqanı açıqlayıb ki, Azərbaycanda qadınlara zorakılıq hallarının qarşısının alınması və qadın hüquqlarının bərabərliyi üçün üçün regionlarda və Bakıda maarifləndirmə işləri aparılır.
“...son seçkilərdə Milli Məclisdə qadın millət vəkillərinin sayı artaraq, 10 faizdən 16 faizə, bələdiyyələrdə isə qadınların sayı 4 faizdən 26 faizə çatıb”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Hicran Hüseynova deyib.
Mart ayında keçirilən ilk aksiya və indiki etiraza ayrı-ayrılıqda əllidən yuxarı fəal və İnsan Haqları Klubu da qoşulub.




