Türkiyə etirazları: yerli media haradadır?

Erdoğan mətbuata açıqlama verir
    • Müəllif, Mevlut Katik
    • Vəzifə, BBC Monitorinq, Türk media təhlilçisi

Türkiyədə altı gündür davam edən etirazların yerli mediada necə işıqlandırılması ölkədə suallar qaldırıb.

Böyük hadisələri adətən dərhal işıqlandıran əsas telekanallar bu etirazlar haqqında demək olar ki, xəbər verməyib. Bu halda bir çox adam məlumat almaq üçün sosial mediaya üz tutub.

Türkiyə mediası - xüsusilə böyük televiziya şəbəkələri - geniş şəkildə siyasi bağlılıqlar və partiyalara bölünür. Bu qruplaşmalardan imtina edənlər biznes maraqlarına görə çətinliklərlə üzləşir.

Bu iki faktorun Türkiyədə hadisələrin mediada işıqlandırılmasına böyük təsiri var, xüsusən hakimiyyətin iştirak etdiyi xəbərlərdə.

Qəflətən başlayıb gözlənilməz miqyasda böyüyən etirazlar KİV-ləri təəccübləndirdi. Bu, medianın ilk olaraq səssiz olmasını qismən izah edir.

Amma etirazların televiziyada işıqlandırılmamasının fundamental səbəbi - medianın kimə məxsus olması, hökümətlə əlaqələri və siyasi bağlılıqlarıdır.

İqtidaryönlü və anti-hökümət media

24 TV, dövlətin TRT telekanalları, Kanal 7, Ülke TV və Samanyolu TV - "iqtidaryönlü media" kateroqiyasındadırlar.

Baş nazir Recep Tayyip Erdoğan TRT Haber telekanalına etirazlar haqqında tammetrajlı müsahibə verib. 24 TV davamlı şəkildə etirazçıları nümayişlərə görə qınayıb, onları "Türkiyənin və hökümətin nailiyyətlərini" sarsıtmağa cəhd etməkdə suçlayıb.

Digər tərəfdən isə CNN Türk və müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) Halk TV telekanalları var. CNN Türk-ün yerli mediada dominant rolu, hökümət təzyiqi və sərt vergi cərimələrinə görə cilovlanıb. Bu iki telekanal etirazları daha çox işıqlandırıb.

Eyni zamanda sosial mediada CNN Türk, NTV və Habertürk telekanalları tənqid olunub - etirazları işıqlandırmadıqlarına görə, və ya onları hökümətin nöqteyi nəzərindən işıqlandırdıqlarına görə.

Cümə və şənbə günləri Taksimdə etirazlar yetişərkən, hökümətyönlü Sabah və Yeni Şafak qəzetləri Gezi Parkı hadisələri haqqında yazmayıb, CNN Türk isə şənbə günü axşam saatlarında pinqvinlər haqqında veriliş yayımlayıb, Türkiyənin ingilisdilli "Today's Zaman" saytı xəbər verir.

HaberTürk və NTV kanallarına gəldikdə, görünür ki, onların hökümətlə əlaqələrini daha çox onlara sahib olan biznes qruplarının maraqları müəyyən edir. Görünür ki, onlar höküməti əsəbiləşdirməmək üçün ehtiyat edirlər. Onlar etirazlar haqqında geniş reportaj verməyib, şərhçilərlə canlı debata vaxt ayırmayıblar.

Sosial medianın rolu

Beləliklə adətən istifadə etdikləri mənbələrdən məlumat ala bilməyən türklər sosial mediaya üz tutub. Əlaqə saxlamaq və xəbər almaq üçün ən populyar məkan Twitter olub. Bu, cənab Erdoğanın ona hücum etməsini qismən izah edir.

"Twitter adlanan bir bəla var. Ən çox yalan burda tapmaq olar. Mənim üçün, sosial media cımiyyət üçün ən böyük bəladır", o deyib. Türkiyənin Daxili İşlər Nazirliyi iyunun 3-də bəyanat yayıb ki, sosial mediada yayımlanan yalan məlumatlar ölkənin gənclərini "yoldan çıxarıb".

Facebookda da etirazçıların dramatik şəkilləri və dəstək mesajlar paylaşılıb. Ola bilsin ki, dəstək yığmaqda bu, Twitterdən daha önəmli rol oynayıb, çünki Twitterdə foto və video paylaşmaq qismən yeni tendensiyadır.

Türkiyədə sosial media istifadəçilərinin sayı son bir neçə il ərzində 300 faiz artıb və sosial mediadan təkcə etirazçılar deyil, etirazlar haqqında fikirlərini bildirən sadə vətəndaşlar da istifadə edib.