Türkiyədəki aksiyalar Azərbaycandan necə görünür?

    • Müəllif, Aişə Cabbarova, Elşən Abbasov
    • Vəzifə, BBC Monitorinq, Bakı

Türkiyədə hökümətə qarşı aksiyalar Azərbaycan millət vəkilləri və internet istifadəçiləri arasında qızğın müzakirə mövzusuna çevrilib.

Deputatlar Azərbaycanla Naxçıvan tərəfdən sərhədlənən Türkiyədə baş verənləri tənqid edir.

Demək olar ki, gecə-gündüz internet istifadəçiləri hadisələrin inkişafı ilə bağlı şəkil və materiallar paylaşır və bir çox halda etirazçılara dəstək ifadə olunur.

Bəziləri, hətta azərbaycanlıları öz ölkələrində hakimiyyətə qarşı eyni tipli etiraz etməməsini tənqid edir.

Ötən cümədən minlərlə insan Türkiyənin böyük şəhərlərində küçələrə axışıb.

Polis orqanları isə onları gözyaşardıcı qaz və su şırnaqları ilə qarşılayıb.

Deputatlardan reaksiya

Gözlənilmədən inkişaf edən hadisələr Azərbaycan-Türkiyə münasibətlərində xalqın reaksiyası ilə müşahidə edilib.

Azərbaycanın hökümət rəsmilərindən hələlik heç bir rəsmi şərh verilməyib.

Deputatlardan Sabir Rüstəmxanlı Türkiyə hökümətinin etirazlara münasibətini "təhqir" adlandırıb.

"Türkiyə rəsmi Ankaranın etirazçılara təhqiredici münasibətinə görə ayağa qalxdı. Bu etirazlar uzun müddət ərzində yetişirdi və gözlənilən idi."

Cənab Rüstəmxanlı etirazların Azərbaycana da təsir edəcəyini güman edir.

Onun həmkarı Adil Əliyev isə aksiyaları "ürəkaparçalayan" adlandırıb.

"Biz hamımız bilirik ki, Türkiyəni sevməyən qüvvələr var. Onlar Türkiyənin gücü və inkişafından qorxurlar və bu hadisələrdən qazanmaq istəyənlər ola bilər”, deputat Qafqazİnfo saytına deyib.

"Türkiyə İrana çerviləcək"

Etirazları hökümətə qarşı olduğunu hesab edən politoloq Qabil Hüseynli hadisələrdə siyasi qüvvələrin rol almadığını deyir.

"İnsanların çoxu spontan olaraq indiki siyasi rejimə qarşı ayağa qalxıb. Kimin nə deməsindən asılı olmayaraq, bu eritazlar hökümətə qarşı keçirilir."

Əsasən foto, video və statuslar paylaşımı ilə türkiyəlilərə dəstək göstərən İnternet istifadəçilərindən "Gunlar H-va" yazıb ki, "Ərdoğan rejimi altında Türkiyə qazandığı kiçik demokratiyanı itirdi və İrana çevriləcək. Ərdoğan molla rejimi qurmaq istəyir."

"Sada dayi" adlı istifadəçi həmçinin İslamçı dövlətin qurulması haqqında narahatlığını bildirib. "Həqiqətən qardaş olduğumuzu bildirməliyik. Atatürkün qurduğu dövləti ərəb Məhəmmədin Ərəbistanına çevirmək istəyənlərə qalib gəlməliyik", o yazıb.

"Vusal Veliyev" adlı istifadəçi bununla razılaşmayaraq deyib ki, Türkiyədəki aksiyalar ərəb baharını bu ölkədə qızışdırmaq üçün ABŞ və İsrail tərəfindən təşkil olunub.

Hadisələrə münasibət təkcə onlayn verilməyib.

Azərbaycanlı gənc fəallar dəstəklərini ifadə etmək üçün Bakıda Türkiyə səfirliyi qarşısında bir neçə dəfə təxminən 30 nəfərlik etiraz tədbirləri də keçirib.

Polis aksiyalara müdaxilə edib və jurnalistlərdən bəziləri videolentə aldığına görə zor və təzyiqlə üzləşib.

Türkiyədəki hadisələr yüzlərlə yaralı və iki nəfərin ölümü ilə nəticələnib.

Etirazlar hökümətin Taksim meydanındakı parkda ağacların kəsilməsi ilə bağlı planlarına qarşı nümayişlərlə başlayıb. Lakin hazırda onların daha geniş olaraq xalqın hökümətlə narazılığını ifadə etdiyi deyilir.