İlham Əliyevin Azərbaycanı: millətçilik, "fədakar nəsil" və repressiyalar

    • Müəllif, Damien McGuinness
    • Vəzifə, BBC News, Bakı

"Ağlamamağa çalışıram ki, oğlum üçün möhkəm olum", oğlunun şəklini mənə göstərərək göz yaşlarını saxlamağa çalışan riyaziyyat müəlliməsi Səkinə Qurbanova deyir.

Aprelin 1-də yaraşıqlı, gülərüz 27 yaşlı hüquqşünas Zaur küçədə mülki geyimli polis işçiləri tərəfindən saxlanılmışdı. O vaxtdan o, həbsdədir və qanunsuz silah saxlamaq ittihamı üzrə məhkəməsini gözləyir.

Amma onun anası deyir ki, onların evində silah üçün axtarış aparılmayıb və o, höküməti tənqid etdiyinə görə cəzalandırılır.

"Mən heç oğlumu ziyarət edə də bilmirəm", o deyir. "Başa düşmürəm, nə qədər qəddar olmaq olar ki, qoymurlar bir neçə saniyəlik də onu görüm. Onların anaları yoxdurmu?"

Zaur müxalif N!DA hərəkatının həbsdə olan, məhkəməsini gözləyən yeddi fəalından biridir. Təqsirli bilinsə o, səkkiz ilədək həbs cəzası ala bilər.

Son iki il ərzində Azərbaycanda onlarla jurnalist, müxalifət fəalı və bloqçu həbs olunub. Onlar narkotik ya silah saxlamaqda suçlanırlar, yaxud xuliqanlıq ittihamı ilə həbs olunurlar.

Amma insan haqları təşkilatlarına əsasən, ittihamlar qondarmadır və avtoritar hökümətin Ərəb Baharı üslublu üsyanın qabağını almaq cəhdidir. Və oktyabrda keçiriləcək seçkilər yaxınlaşarkən, hakimiyyət daha sərt repressiyalar həyata keçirməkdə suçlanır.

"Fədakar nəsil"

Zaur Qurbanlının anası Səkinə Qurbanova
Şəklin alt yazısı, Səkinə Qurbanova deyir ki, onun oğlu yanlış həbs edilib.

Yeni nizamlamalara görə, şəhərin mərkəzində hökümətə qarşı etiraz aksiyalarında iştirak edənlərə qarşı sərt cərimələr var - orta azərbaycanlının illik maaşından yuxarı. Yeni, sərt diffamasiya qanunlarına görə isə onlayn tənqid kriminallaşdırılır.

Bakının Fəvvarələr Meydanında mən Araz adlı gənclə görüşdüm. O, mənə iştirak etdiyi mitinqin polis tərəfindən zorakılıqla dağıdılmasından danışdı.

Araz deyir ki, polis onu döyüb, gözlərinə gözyaşardıcı qaz sıçratmışdı. Polis maşınına basılanda, orda polis işçisinin digər dustaqları necə döyməsinə, birini isə qanadana qədər yumruqla vurmasına şahid olub.

Mən Arazdan soruşuram ki, riskləri bilirsə, nə üçün o mitinqlərdə iştirak edir?

"Mənim valideynlərim bunu etsəydilər, mən indi normal ölkədə yaşayardım", o mənə deyir. "Kimsə nə vaxtsa nəsə etməlidir. Böyük dəyişikliklər istəyirsənsə, heç olmasa bir nəsil özünü qurban verməlidir. Və məncə bu nəsil bizik."

Polis zorakılığı haqqında ittihamlar barədə sualı Elman Abdullayevə verdim - Azərbaycan hökümətinin gənc, xarizmatik, mehriban və ingliscə nöqsansız danışan sözçüsü.

"Heç kim qarantiya verə bilməz ki, kütlə dinc qalacaq", o deyir. "Bu, adamların xaotik hərəkətidir. Polisin işi, təhlükəsizliyi təmin etməkdir. Təhlükəsizlik yoxdursa, polis işini görmür."

Azərbaycan kontekstində, təhlükəsizlik - açıq-aydın etirazların olmamasıdır. Və mərkəzdə hər hansı toplantı həqiqətən də hakimiyyət tərəfindən təxribat və qeyri-stabillik mənbəsi kimi qəbul olunur.

Millətçilik bəhanəsi

Tənqidçilər Azərbaycan hökümətini təkcə yumorsuz deyil, həyacanlı kimi də görür.

Görünür ki, oktyabr seçkilərində Prezident İlham Əliyev qalib gələcək. Amma indi narazılığın ənənəvi olaraq kiçik müxalifətdən gənc, digital düşüncəli fəallara yayılmasını görmək olar.

Bu yaxınlarda baş verən aksiyalara həmçinin orduda çağırışçıların müəmmalı ölümlərinə etiraz edən yaşlı analar, korrupsiyaya qurşanmış mülkədarlara etiraz edən mağazaçılar da qatılıb.

Və şübhələr var ki, hökümət yetişən bu təfriqənin qarşısını almaq üçün millətçi hisslərdən istifadə edir.

"Mənim fikrimcə prezidentin ailəsi korrupsiya kimi real problemlərdən yayındırmaq üçün millətçilik bəhanəsindən istifadə edir", tədqiqatçı jurnalist Xədicə İsmayılova deyir. "Xalqı kontrol altında saxlamaq üçün onlara xarici düşmən lazımdır."

Prezident yazıçı Əkrəm Əylislini "Xalq yazıçısı" titulundan və təqaüdündən məhrum edib.
Şəklin alt yazısı, Prezident yazıçı Əkrəm Əylislini "Xalq yazıçısı" titulundan və təqaüdündən məhrum edib.

Azərbaycanda bu düşmən Ermənistandır. Müharibəni və torpaqlarının 20 faizini uduzandan sonra, yarım milyondan çox azərbaycanlı evini tərk etməli olub. Artıq iyirmi ildir ki, evə qayıda bilmirlər və indiyə qədər dəhşətli şəraitdə yaşayırlar.

Bir neçə ay əvvəl, ölkədə hökümət əleyhinə etirazların sayı həddən artıq yüksək olanda, ermənilərə simpatiya göstərən azərbaycanlı kitab haqqında qalmaqal yarandı. İğtişaşlardan yayındırmaq üçün təsadüfi vaxtdır, hökümət tənqidçiləri pıçıldadılar. Əslində roman bundan bir neçə ay əvvəl nəşr olunmuşdu.

Bir vaxt hörmətəlayiq olan yazıçı birdən ölkəsində ən nifrət edilən adama çevrildi. "Hökümət nədən qorxur?" Bakıda m'niml' görüşəndə yaşlı yazıçı başını yelləyərək dedi.

Digər tərəfdən 2004-cü ildə, Macarıstanda, yatan erməninin başını balta ilə kəsən Ramil Səfərov Azərbaycana qayıdanda milli qəhramana çevrildi, prezident tərəfindən əfv olundu və rütbəsi mayor səviyyəsinə qaldırıldı.

"Mənim fikrimcə liderlər bu münaqişəni sevirlər, ondan istifadə edirlər", Xədicə İsmayılova belə düşünür. "İndi düzgün addım, Azərbaycanda Ermənistan vətəndaşlarını qəbul etmək olardı. Amma bu, münaqişəni bitirərdi. Hökümət isə bunu istəmir."