Eurovision- 2013: Birinci yarımfinalın 10 qalibi açıqlanıb

Çərşənbə axşamı İsveçin Malmö şəhərində 2013-cü ilin Eurovision Mahnı Müsabiqəsinin birinci yarımfinalı keçirilib.
Bu yarışda bəzi mənbələrə əsasən favorit Danimarka və 12 digər ölkə iştirak edib və səsvermə 10 ölkəyə finala vəsiqə verib.
Bu ölkələr, Moldova, Litva, İrlandiya, Danimarka, Belarus, Rusiya, Belçika, Ukrayna və Niderlanddır.
Mayın 18-də keçiriləcək ikinci yarımfinalda iştirak edəcək 17 ölkəyə isə Azərbaycan, Ermənistan, Gürcüstan və Yunanıstan daxildir.
Yarımfinalda Azərbaycanı 21 yaşlı Fərid Məmmədov "Hold Me" mahnısı ilə təmsil edəcək.
Britaniyanın "Mirror" qəzetinə əsasən, Fərid Məmmədov Azərbaycan təmsilçilərinin "təsirli ifalar" ənənəsinə sadiq qalır.
Ötən il müsabiqədə 42 ölkə təmsil edilsə də, bu il Eurovisionda cəmi 39 ölkə iştirak edir.
Keçən ilə fərqli olaraq, bu il Ermənistan müsabiqəyə qatılsa da, Bosniya və Herseqovina, Portuqaliya, Türkiyə və Slovakiya müsabiqədə iştirak etməyəcək.
Avropa Yayım Ittifaqının (EBU) ən böyük maliyyəçiləri olduqlarına görə, 2000-ci ildən bəri Fransa, Almaniya, İspaniya və Böyük Britaniya avtomatik finallara keçir.
2010-cu ildə İtaliya da bu siyahıya daxil olub.




