Azərbaycanda 30 aprel-ADNA hadisələrindən dörd il ötür

Azərbaycanda dörd il əvvəl Neft Akademiyasının ikinci korpusunda 12 nəfərin ölümü, 13-nin isə yaranlanması ilə nəticələnən hadisə yad edilir.

Sosial şəbəkələrdə bir qrup gənc müxtəlif yadetmə mərasimləri keçirəcəyini bildirib.

Çərşənbə günü artıq sosial şəbəkələrdə ölənlər barədə görüntülər və xatirələr yayılır və rəylər bildirilir.

Əsas istifadə edilən açar sözlərdən biri "#30aprel, #ADNA terroru, unutmadıq!"dır.

Rəsmi məlumata görə, 2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Akademiya binasına daxil olaraq, sonuncu mərtəbəyə qədər qarşısına çıxanlara atəş açıb.

Qədirov sonda özünü güllələyib.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bildirib ki, Qədirov haqqında cinayət işinə xitam verilsə də, onunla əlaqəli şəxsləri müəyyən edib.

Hadisənin sifarişçisinin Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu iddia edilir və barəsində İnterpolla axtarış verilib.

Digər təqsirləndirilənlər, Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanova ömürlük, Ariz Qabulova isə on bir il həbs cəzası verilib.