BBC

BBC navigation

Şahzadə Andrew Britaniya səfirindən "Azərbaycan haqda məlumat alıb"

Şazhadə Andrew

York hersoqu Andrew Britaniyanın Azərbaycandakı səfiri Peter Bateman ilə Buckingham sarayında görüşüb, bu barədə kraliça sarayından BBC Azərbaycancaya bildiriblər.

Sarayın sözçüsü deyib ki, səfir Şahzadəni Azərbaycanda hadisələrlə bağlı məlumatlandırıb, ancaq o, heç bir təfərrüat açıqlamayıb.

York hersoqu Britaniyanın Ticarət və İnvestisiya üzrə xüsusi nümayəndəsi vəzifəsindən ötən il istefa verib. "Ancaq bu ona Azərbaycana yaxın şəxsi maraq göstərməyə mane olmur", - The Telegraph saytı yazır.

Bu barədə açıqlama verən saray sözçüsü deyib ki, Şahzadə Andrew-nun Azərbaycanla 10 ildən bəridir ki, əlaqələri var.

Onun Azərbaycan Prezidenti İlham Əliyevlə hələ də yaxın münasibətlərinin olub-olmamasına dair sualı cavablandıran sözçü deyib: "Şahzadə Azərbaycana bir müddətdir ki, getmir".

Saray sözçüsü həmçinin Şahzadənin Azərbaycana nə zaman səfər edəcəyi barədə hər hansı plandan xəbərsiz olduğunu deyib.

Şahzadə Andrew Azərbaycan prezidentini beş ildə səkkiz dəfə ziyarət edib, səfərlərdən ikisi "tam özəl" kimi təsvir olunur, - The Telegraph saytı yazır.

Qəzetin saytında Azərbaycan "dünyanın ən korrupsiyalı ölkələrindən biri kimi" təsvir olunub.

"Prezidentin seçkilərdə səsləri oğurlamaqda iştirakı haqda iddialardan başqa, prezidentə qarşı siyasi opponentlərinə işgəncə verilməsinə dair iddialar da səslənir", - yazıda deyilir.

Azərbaycanda hakimiyyət ölkədə seçkilərin şəffaf və ədalətli keçirildiyini dəfələrlə bəyan edib, işgəncələrə dair iddiaları rədd edib.

"Hersoq Azərbaycana o qədər tez-tez səfər edir ki, yerli media onun regionda biznes əlaqələri, o cümlədən Xəzər Dənizi sahilində qolf kurortuna sahib olmasına dair spekulyasiyalar edib. Buckingham sarayı bu iddiaları rədd edir" - qəzet yazır.

Yazıda xatırladılır ki, Şahzadə 2009-cu ilin iyununda özəl təyyarə ilə üç günlük Azərbaycana uçub və bu səfər Britaniya vergiödəyicilərinə 60 min funt sterlinqə başa gəlib.

"Onun həmçinin dünyanın ən yaxşı masajçısı kimi təsvir olunan kor rus masajçını işə götürmüş Prezident Əliyevin dəbdəbəli spasına getməsinə dair məlumatlar da var".

Bu mövzuya Britaniyanın İndependent qəzetidə toxunub.

“Şahzədə və onun dostu olan qəddar dictator” adlı məqələdə Britaniya qəzeti Azərbaycan prezidentinin “ən qəddar və korrupsiyaya uğramış rəhbərlərdən biri” hesab olunduğunu iddia edir.

Qəzetin yazdığına görə, səfir P.Bateman ötən həftə Britaniyada olduğu zaman şahzadə Andrew ilə görüş xaişini bildirmişdi.

Azərbaycan rejiminin tənqidçiləri ümid edir ki, həmin görüşdə buznesdən savayı məsələlər də müzakirə olunub.

“bi ümid edirik ki, şahzadə bu görüşdən istifadə edərək, səfiri dilə tuta bilib kı, o, Azərbaycanda insan haqqlarının pozulması ilə bağlı ciddi narahatlığını bildirsin”, Amnesty İnternational təşkilatının Azərbaycan üzrə tədqiqatçısı Natalia Nozadze deyib.

“Burada söhbət polisin aşırı və kobud gücdən istifadə etməsi, ictimai etirazlara qadağa qoyulması və höküməti tənqid etdikləri üçün döyülən və həbs olunan bloger və jurnalistlərə qarşı senzuraın tətbiq olunması kimi məsələlərdən gedir”, Natalia Nozadze bildirib.

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.

]]>