
Aİ-nin xarici siyasət rəhbəri Catherine Ashton Azərbaycanda son günlər ərzində Gülər Əhmədovanın video görüntüsünə görə yaranmış korrupsiya məsələsinə daha yaxından baxmağa çağırılır.
Avropa Parlamentinin Hollandiyadan iki üzvü Baronessa Ashtona Azərbaycan hökümətindən izahat tələb etməsi çağırışı ilə müraciət edib.
Azərbaycanda seçkilər açıq və ədalətli keçir, yoxsa seçkilər ərəfəsində parlamentdə yer satışı geniş yayılmış vərdişdir? Bunu bilmək bizim üçün çox vacibdir, müraciəti imzalayanlardan biri olan Gerben Jan Gerbrandy BBC Azərbaycancaya deyib.
Azərbaycan bu qurumun üzvü olmayaraq Aİ-ın bu məsələ ilə nəyə görə məşğul olmasını izah edərək o deyib ki, Azərbaycan Aİ ilə bir çox səviyyədə əməkdaşlıq edir:
Azərbaycan bizim Şərq Tərəfdaşlığı proqramındakı ölkələrdən biridir... Bizim Avropa Parlamentinin və qonşu ölkələrin milli parlamentlərinin nümayəndələrilə birgə parlament assambleyamız var. Azərbaycan da bu siyahıya daxildir. Belarus seçkilərinin ədalətli olduğunu hiss etmədiyimizə görə biz Belarus deputatlarını xaric edirik, Gerbrandy deyib.
O, və həmkarı Marietje Schaake deyirlər ki, Azərbaycan qaneedici izahat verə bilməsə Aİ müstəqil istintaq tələb etməlidir.
G. Gerbrandy müstəqil beynəlxalq istintaqın real olmadığını etiraf etsə də deyib ki, siyasi cəhətdən, bunu tələb etmək vacibdir.
Bu cür istintaqı kim həyata keçirəcək sualına konkret cavab verə bilməyəcəyini deyib:
Avropa Şurası və ya ATƏT iştirak etməlidir, lakin videoda onların da adları çəkildiyi üçün, bu məsələni onlara tapşırmaq mənim üçün çətin olar.
G. Gerbrady deyib ki, Avropa Şurasını və ATƏT-i korrupsiyada ittihamlandırmasa da, Gülər Əhmədovanın bu qurumların məsələsini həll edəcəyəm sözləri onu narahat edib.

















