
2012-ci ilin sentyabrından Türkiyənin dünyəvi yəhsil sisteminə İslam dininin daha geniş tədrisi də əlavə olunub.
Hökumətin yeni qərarına əsasən, orta məktəblərdə "Din mədəniyyəti və əxlaq bilgisi" fənni ilə yanaşı, Quran da tədris olunacaq.
Təhsil sistemində aparılan islahatlar çərçivəsində reallaşan dəyişiklik dünyəvi dövlət quruluşuna sahib olan Türkiyədə birmənalı qarşılanmayıb.
Qərarda şagirdlərin Quran dərslərinə könüllü cəlb olunacağı bildirilsə də, dünyəvi təhsil sisteminin tərəfdarları hesab edirlər ki, məktəbyaşlı uşaqlar belə bir qərar verə biləcək yaşda olmadıqlarından məktəb rəhbərliyinin təsiri altına düşə bilərlər.
Dünyəvi sistemə təhlükə varmı?
Təhlilçilərin fikrincə, bu ilin fevralında baş nazir Rəcəp Tayyip Erdoğanın "Dindar bir gənclik yetişdirmə" ideallarının olduğunu bəyan etməsinin ardınca orta məktəblərdə Quran dərslərinə başlanılmasının təsadüfi olmadığını hesab edirlər.
"Hürriyyet" qəzetindən Doğaner Gönen deyir ki, Türkiyənin Təhsil Nazirliyi bu qərarın könüllü Quran öyrənməsinə yönəlmiş addım olduğunu bəyan etsə də, reallıqda tədris fənni kimi tətbiq olunacağı ehtimalı var.
"Uşaq yaşında dini təhsilin verilməsi doğru deyil. Uşaqlar daha müstəqil düşüncəyə sahib olduğu yaşda təhsillə bağlı seçim edə bilərlər. Onların pedoqoji yaşa hazır olmadığı bir vaxtda belə bir qərar vermələri cətindir" - jurnalist BBC Azərbaycancaya deyib.
Doğanay Gönen dərs proqramlarına Quran dərslərinin daxil edilməsini ölkənin dünyəvi dövlət sistemini baltalayan və uşaqların beyinlərini pozacaq bir sistemə doğru addım kimi dəyərləndirmələrin olduğunu da xatırladıb. "Bu, iddialı dəyərləndirmə olsa da, cəmiyyətin real narahatlığını əks etdirir", jurnalist əlavə edir.
Liberal Düşüncə Topluluğunun Din və Azadlıq Araşdırmaları Mərkəzinin direktoru Bilal Sambur BBC Azərbaycancaya müsahibəsində hakim AK partiyası hökumətinin bu addımını dövlətin dinə nəzarətini gücləndirməsinin davamı kimi qiymətləndirib.
"Bu, AK partinin öncədən düşündüyü bir addımdır. Bununla AK parti Türkiyədəki sadəcə siyasətə deyil, dinə xidmət edən partiya kimi də hakimiyyətdə olduğu mesajını verir", deyir Bilal Sambur.
Din təhlilçisinin fikrincə, baş nazir Ərdoğanın vaxtilə Türkiyədə məzhəb fərqinin aradan qaldırılması və "tək din"dən ibarət nəslin yetişdirilməsi vacibliyi tezisini irəli sürməsi, dindar nəsil yetişdirmək ideallarının olmasını bəyan etməsi və ardınca məktəblərdə Quranın tədris olunması - bunlar eyni anlayışın dəyişik formada əks olunmasıdır.
"AK parti dindar partiyadır və iqtidarda olduğu müddətdə öz dini ideallarına uyğun siyasət yürütməyi özünün haqqı və vəzifəsi kimi görür", dini ekspert Bilal Sambur deyib.
Radikal İslam
Hökumətin orta məktəblərdə Quran dərslərini tədris etmək qərarına əks fikirlərlə yanaşı, müsbət düşüncələr də mövcuddur. Təhlilçilər hesab edirlər ki, Quranın tədrisi radikal təriqətlərin fəaliyyətinə qarşı önəmli qərardir.
Jurnalist Əli Doğan deyir ki, Quranın əsl məna və mesajları ancaq məktəblərdə öyrədilə bilər.
"Radikal islamın güclənməsi, İslami terrorun artmasının ən böyük səbəbi Quranın gerçək anlamıyla öyrədilməməsidir" - Əli Doğan belə hesab edir.
Onun fikrincə, son illərdə Türkiyədə dini icma və təriqətlərin güclənməsi Türkiyədə islami fanatiklərin artmasına səbəb olub.
"Quranın tədrisi bunun qarşısına keçməyin yollarından biridir. Bunun da dövlət tərəfindən həyata keçirilməsi ən uyğunudur", jurnalist deyir.
Məktəbdə imam
Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) təhsildə islahatları nəzərdə tutan yeni sistemin tətbiqinə qarşı çıxıb. CHP-də hesab edirlər ki, bu sistem gələcək gəncliyi cahilliyə sürükləyəcək.
Yeni islahatlara dövlət orta məktəblərində imam hatiplər - din xadimləri yetişdirməyə imkan verən təhsil sisteminin tətbiqini nəzərdə tutur.
CHP-nin parlamentdə təmsiçisi Osman Faruk Loğoğlu BBC Azərbaycancaya müsahibəsində deyib ki, bu islahatlarin həyata keçirilməsi qızların cox gənc yaşda evləndirilməsi, gənc yaşda olan anaların sayının coxalması, erkən yaşda evlənən qızların təhsildən uzaqlaşaraq evlərinə qapanmasına yol aça bilər.
"Bundan başqa, iş həyatına çox erkən atilan gənc oğlanların sayı artacaq, hazırda yoxsul olan insanlar qız və oğlan övladlarının daha yüksək təhsil şansından istifadə edə bilməyəcəyi üçün özləri də, uşaqları da yoxsul qalacaqlar. Təhsildə islahatların əsas məqsədi baş nazirin ideallarına uyğun "dindar və dinc nəsil" yetişdirməkdir", deyib Türkiyə parlamentarisi.
"Məzhəb ayrı-seçkiliyi"
Türkiyədə əhalinin bir hissəsi narahatdır ki, orta məktəblərdə Quran dərslərinin tədrisi məzhəb ayrı-seçkiliyinə xidmət edə bilər.
Ələvi icması Türkiyədə İslam məzhəbləri arasında sünnilikdən sonra çoxluq təşkil edən məzhəblərdəndir. Mənbələrdə ələvi əhalinin sayı 20-25 milyon arasında ehtimal edilir.
Ələvi icmasını təmsil edən Cem Vakfının rəhbəri İzzəddin Doğanın fikrincə, kiçik yaşlı məktəblinin Quran ayələrini beyin süzgəcindən kecirmək imkanı olmayacaq.
"Dövlətin bu məsələ ilə məşğul olması yanlış nəticələrə səbəb ola bilər. Çünki Quran ayələrini hər məzhəb fərqli şərh edir. Uşaqlar Quran ayələrini hansı məzhəbin interpretasiyası ilə və hansı məzhəbin müəlliminin təqdimatında öyrənəcək?" - cənab Doğan deyir.
O, hesab edir ki, dövlət bu işlərə qarışmamalıdır. "Dövlətin bu işlərə qarışması xaos yarada bilər. Qərb dövlətləri bu cür problemlərin yarana biləcəyinə görə dinin məktəblərdə tədrisi məsələsindən kənarda durub".

















