
Daxili İşlər Nazirliyinin Müsavat Partiyasının fəalı Aydın Acalovun ölümü ilə nəticələnən yol qəzasının təhqiqatı ilə bağlı məlumatında çoxlu yalan məlumatlar var, bunu qəza ilə əlaqədar həbs olunmuş Nigar Yaqublunun atası deyir.
"Onun məhkəmədən yayınması barədə deyilənlər ağ yalandır", - Tofiq Yaqublu BBC Azərbaycancaya deyib. "Müstəntiq nə vaxt çağırsa, biz onun görüşünə getmişik", - o əlavə edib.
Daxili İşlər Nazirliyinin qəza ilə bağlı bəyanatında deyilir ki, sentyabrın 6-da və 7-də Nigar Yaqublu ifadə vermək üçün Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsinə dəvət edilsə də, müxtəlif bəhanələrlə, üzürsüz səbəbdən istintaqdan yayınıb.
Yol qəzası baş verən zaman Aydın Acalovun idarə etdiyi avtomobildə olmuş Nigar Yaqublu şübhəli şəxs qismində saxlanıb və onun haqqında 2 ay müddətində həbs-qətimkan tədbiri seçilib.
Həbs
"Belə bir hadisə üçün həbs-qəti imkan tədbirinin seçilməsi praktikası Azərbaycanda yoxdur. Hadisənin üstündən xeyli keçəndən sonra kimlərinsə yadına düşüb və bizdən qisas almaq istəyirlər" - Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu deyir.
"Hadisə olub, amma onun təfərrüatlarını demirik, çünki məhkəmədə müdafiə olunmağımız üçün bildiyimiz məsələlər var, vəkillə razılaşdırmışıq ki, bu barədə heç nə açıqlamayaq", - o, əlavə edir.
Tofiq Yaqublu qızının həbsinin arxasında siyasi maraqlar durduğunu desə də, onun qəza zamanı avtomobili idarə edib-etməməsi barədə sualı cavablandırmayıb və bunu istintaqın davam etməsilə izah edib.
"Bu suala cavab vermək çətin deyil, amma hüquqi səbəblərdən bu barədə danışmırıq", - cənab Yaqublu deyib.
"Ac-susuz"
"Nigar və mən səhərin erkən saatlarından axşam saat 8-ə işləmişə qədər Azərbaycan Dövlət Yol Polisi İdarəsinin istintaq şöbəsinin bir otağında gözləməli olmuşuq. Ordan kənara çıxmağa imkan verməyiblər, onu ac-susuz saxlayıblar, ordan isə məhkəməyə aparıblar".
Tofiq Yaqublunun sözlərinə görə, məhkəmə hakimi öncə tərəddüd edib və məhkəməni ertəsi günə təxirə salıb. "Bu zaman isə Nigar qanuna görə, azad olunmalı idi, çünki müstəntiq onun həbsinə qərar verməmişdi".
"Gecə saat 10-un yarısı hələ də məhkəmə gedirdi, polis maşınları əraziyə tökülmüşdü, sanki Bin Ladenin məhkəməsi gedirdi" - Tofiq Yaqublu deyir.
Onun sözlərinə görə, müstəntiq Nigar Yaqublunu polis idarəsinə gətirib və evinə getməsinə icazə verməyib. "Bu müddət ərzində isə ona nə yemək-su, nə də paltar verməyimizə imkan vermədilər".
"O, bütün günü müstəntiqin gözü qarşısında ac-suzuz olub, sonra məhkəmə, sonra isə polis idarəsi" - Tofiq Yaqublu qızının ac saxlamasından dəhşətə gəldiyini deyir.
"Gecə getdik, onlara dedik ki, Nigar ağır qəzadan çıxıb, fiziki və psixoloji sarsıntı keçirib, onun normal qidalanması lazımdır, imkan verin ona yemək verək. Yenə icazə vermədilər. Bu gün də cəhd elədik".
APA-nın DİN-ə istinadən yaydığı məlumatda deyilir ki, avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi "Kamaz-5320" markalı yük avtomobili ilə Bakı şəhər sakini Aydın Acalova məxsus "Peugeot-206" markalı minik avtomobili toqquşub, nəticədə Acalov hadisə yerində ölüb, həmin avtomobildə olan Nigar Yaqublu isə müxtəlif bədən xəsarətləri alıb.
Tofiq Yaqublu qızının vəziyyətinin hazırda yaxşı olduğunu deyib.

















