
Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi Zaqatalada qadınlara səyyar hüquqi və psixoloji yardım göstərir.
Təxminən 30 yaşlarında olan Leyla Əkbərova (ad dəyişdirilib) hazırda boşanmaq və qızının geri qaytarılması üçün məhkəməyə müraciət edib.
Leylanın istəyi, 15 yaşında olarkən özündən təxminən 18 il böyük, zorla ərə verildiyi ərindən boşanmaq və ərinin ailəsi tərəfindən saxlanılan qızını geri almaqdır, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova BBC Azərbaycancaya danışır:
Əvvəlcə Ukraynada yaşayan Leylanın anası xərcənglə xəstələndiyindən atası onu Xızıdakı kəndə, qohumlarının yanına qoyur. Kənddə zorla ərə verilən Leyla, o evdə bir sözlə, nökər olub, fikir bildirmək imkanı olmayıb, baldızının ərinin paltarlarına qədər yuyub, döyülüb-söyülüb.
Zeynalovanın sözlərinə görə, Leylanı dilə gətirən isə illər sonra doğulan qızının ondan oğurlanması olub:
Leyla analıq haqqından məhrum edilməklə şantaj edilir.
Qurum rəhbəri deyir ki, Leyla kimi yüzlərlə şəxs məişət zorakılığından əziyyət çəkir.
Zorakılıq
"Regionlarda psixoloqa getmək, ümumiyyətlə, bu söhbət yoxdur. Hüquqi yardımı isə yalnız pulla ala bilirlər"
Mehriban Zeynalova, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi
Bu tip problemlərə vaxtında müqavimət göstərilməməsinin səbəblərini isə Birlik belə açıqlayır:
Bir müddət əvvəl, regionlardakı qadınlarla söhbətimizdə onların fiziki zorakılığa məruz qalmasını etiraf etmək istəmədiyi, ailəni daimi iqtisadi mənbə hesab etdikləri və özlərinin nəyəsə qadir olduqlarına inamlarının olmaması bəlli oldu, Zeynalova deyir.
Onun sözlərinə görə, iki regiondan, İsmayıllı və Zaqataladan təxminən iki yüz qadınla olan sorğuya görə, onlar döyülmədiklərini, lakin özlərini pis apardıqda cəzalandırıldıqlarını bildirib:
Özünü pis aparmaq nədir, bunu anlamıram. Çayı vaxtında gətirməmək, ya hansısa ev işini vaxtında etməmək özünü pis aparmaqdır?", deyə Zeynalova sual edir.
Onun fikrincə, qadınların məişət problemlərindən qurtulması üçün həm məhkəmə sistemi şəffaf qurulmalı, həm yerli qeyri-hökümət təşkilatları nəzdində pulsuz hüquqi yardım xidməti yaradılmalı və qadınlara pulsuz psixoloq yardımları göstərilməlidir:
Regionlarda psixoloqa getmək, ümumiyyətlə, bu söhbət yoxdur. Hüquqi yardımı isə yalnız pulla ala bilirlər.
Ümumilikdə, regionda yaşayan qadınların depressiyada olduğunu deyən Zeynalova bir qadının hekayəsini danışır:
Aliment
Bir qadın ərindən boşanıb və 10 manat aliment alır. Alimentin artırılmasına görə iddia ərizəsi üçün ondan 2000 manat pul istənilib. Halbuki, bu işə görə heç bir dövlət rüsumu yoxdur.
Prezidentin alimentin artırılması barədə sərəncamı olmasına baxmayaraq, məhkəmələr yenə də 20-25 manatdan çox aliment kəsmir, Zeynalova əlavə edir.
Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi ATƏT-in "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna dəstək proqramı çərçivəsində regionlardakı qadınlarla görüşüb.
"Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qüvvəyə minməsi ərəfəsində aktuallaşan bu problem əks etdirən elektron məlumat bazası hazırlanır.
Məlumat bankı
Məlumat bazasını hazırlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi iki gün öncə Trendə bildirib ki, baş vermiş zorakılıq, onların qurbanları haqqında məlumatların bu bankda toplanması adsızlaşdırılmış şəkildə olacaq.
Artıq Daxili İşər Nazirliyi məişət zorakılığı halları ilə bağlı məlumatları Komitəyə təqdim edib, məhkəmələr və yerli icra hakimiyyəti orqanlarına da məlumatların təqdimi üçün müraciət edilib.
"Məişət zorakılığının qarşısının alınması haqqında" qanun bundan əvvəl 2010-cu ildə qəbul olunub. Hazırda qanuna dəyişiklər nəzərdə tutulur.
Qanun birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, zərərçəkmişlərin sosial və hüquqi yardımla təmin edilməsi və digər məsələləri tənzimləyir.

















