BBC

BBC navigation

Uzun İstanbul küçəsi, yaxud erməni gettosu

Uzun, başdan-başa dümdüz, darısqal bir küçə. Hər iki tərəfdən al-əlvan rənglərlə boyanmış beş-altı mərtəbəli evlər... Onların arasından hərdən bir yarımqarsaq taxta bünövrələr görünür - tutqun, darıxdırıcı, cansız.

Axşam saat altıdır. Günün istisi bir qədər düşüb, və ətraf məhəllələrin sakinləri küçəyə axışıb. Demək olar, maşın da hərəkət etmir. Doğrusu, bunun üçün heç yer də yoxdur - üstünə səliqə ilə müxtəlif mallar düzülmüş yaxud nizamsız səpələnmiş brezent palazlar, tabaqlar və masacıqlar yavaş-yavaş küçə səkisindən yolun hərəkət hissəsini tutmağa başlayır. Uzunburun italyan kişi ayaqqabısı və misilsiz sayda qayışlı-düyünləməli qadın yay ayaqqabısı ilə qonşuluqda meyvələr. Arabaya portağal, armud, əncir, alma, şaftalı, ərik qoyulub, onların arasına bədii şəkildə meynələr düzülüb, üstdən isə banan dəstələri.

Istanbul

Bunun yanında - Çindən gətirilmiş oyuncaqlar. Bətnində batareya gizlədilmiş alabəzək idbarcıqlar, ekvatorial Afrika tayfalarının mərasimi bədən hərəkətlərinə bənzər nə isə bir rəqs təqlid edərək, dartınırlar. Tükü çəngə-çəngə qoparılmış ağ pişik balası, hər beş addımdan bir dayan-dayana və ölgün-ölgün miyovlayaraq, zombi inadkarlığı ilə yoldan keçənlərin üstünə gedir.

Kamuflyajlı avtomatçılar harasa sürünürlər. Kuklalar gözlərini bərəldir, polis və yanğınsöndürən maşınları sanki gözləyirlər ki, kimsə onları işə salsın... Və bunların hamısı yöndəmsiz, şit-bayağı, “göz deşəndir”.

Mallarını qaranlıq yarımzirzəmi gizlədən mağazanın qarşısında Nuh əyyamından qalma tərəzi. Tərəzinin iki qalay gözləri, yanında çəki daşları – yüz qramlıq, iki yüz, beş yüz, bir kiloqramlıq... Bu tərəzini görəndə xatirələrə dalırsan – başqa bir həyat, başqa bir ölkə haqqında xatirələrə.

Istanbul

Sanki bu, həmin o uşaqlıqda anamın pomidor, xiyar, bibər və mürəbbə üçün ərik aldığı Yerevan dükanın tərəzisidir.

Lakin mən Yerevanda deyiləm. Mən İstanbul yoxsullarının məhəllələrindən birindəyəm.

Və tərəzidən bir-iki addım aralanıb, mən yenidən bu küçənin həyatına qərq oluram. Manekenlər lap çəkinin ortasına düzülüb. Onların əyninə boz rəngin müxtəlif çalarlarında kişi pencəkləri və kostyumları, saxta “Nayk” vergülü ilə idman şalvarları, dermatin gödəkcələr, anlaşılmaz ölçüdə köynəklər geyindirilib. Qadın manekenləri rəngbərəng donlar “geyinib”, bəzilərinin başı əlvan müsəlman ləçəklərinə bürünüb.

Bir yanda da “yarımbədən” manekenlər – ayaqlar yerindədir, gövdəsi kəsilib. Səkidə altı-yeddi cüt böyük adam ayaqları, yanında iki-üç cüt uşaq ayaqları durur. Sanki bu qeyri-həqiqi insanları tən ortadan kəsiblər. Mənzərə, xüsusilə də bədənsiz uşaq ayaqları ürəyi zəiflər üçün deyil.

Istanbul

Və yenə də brezent parçası üzərində ayaqqabılar, yanında başını müsəlman yaylığı ilə örtmüş qadın göyümtül butulkalarda su satır.

Daha sonra nə isə qəhvəxanaya və ya çayxanaya oxşar bir yer. Ağ divar boyunca düzülən stulların üstündə, asta-asta qəhvə və çay içib, arabir qəlyan qullab vurub, ərincək-ərincək söhbət edərək və ayıq-sayıq yoldan keçənləri izləyərək, kişilər əyləşib.

Satışa çıxarılan köhnə-kürüş arasında qışqıra-qışqıra uşaqlar qaçışır, yeniyetmələr velosiped sürür, orda-burda alçaq masalar arxasında oturub kişilər nərd oynayır.

Küçənin tininədək getsəniz, Osmanlı dövründən qalma köhnə bulağa rast gələrsiniz. Bu bulaq, görünür, müharibə illərin əvvəlindən bəri su görməyib. Əslində, bu mərmər tikilinin nə vaxtsa bulaq olduğunu üzərindəki İstanbulun bu rayon sakinlərindən heç kəsin oxuya bilmədiyi hörmə yazı xatırladır. Bulağın üstünə və ətrafına mal düzülüb, ona qaradərili gənc keşik çəkir. O, damağında siqaret, əllərini dizləri üstə qoyub, çömələrək oturub.

Bulaqla üzbəüz ağ üçmərtəbəli binanın üzərində gözüm ermənicə: “Bu evi memar Muradyan tikib” yazılı lövhəciyə sataşır.

İstanbul

- Üç kilo beş! Üç kilo beş! – arabadan üzüm satan kişinin yeknəsəq səsi gəlir. Başa düşürəm ki, o, “üç kiloqram üçün beş lira” nəzərdə tutur.

Ona boylu-buxunlu yorğun bir qadın yaxınlaşır. Qısa danışıqlardan sonra kişi bazarlığı çəkir. Qadın hesablaşır, paketləri yerə qoyub kiməsə ucadan deyir: “Görmürsən, ağırdır? Gəl kömək elə”. Mən bunu anlayıram, çünki ermənicədir.

- Gəlirəm, gəlirəm, - deyingən səs eşidilir. Bir az gözləyə bilməzsən, nədir?

- Nəyini gözləyim, ay tənbəl? Səninki bütün gün oturub siqaret çəkməkdir.

- Kiri! Əlimdə iş var.

- Nədənsə, bir iş gördüyünü görmədik.

- Mən neylim ki, pul verməyiblər?

- Bəs mən nə bilim ki, verməyiblər?

- İnanmırsan, get özün soruş.

Qadın paketlərlə küçənin bir tərəfində, o isə iki-üç dostu ilə küçənin o biri tərəfində çöməlmə oturub. Onlar qonşulara fikir verməyib söyüşürlər, qonşular da onların dialoquna fikir vermir. Bəlkə ona görə ki, belə söhbətlər burada görünməmiş bir şey deyil?

Mən isə özümü açar deşiyindən gizlicə baxan kimi hiss edirəm. Axı onlar üçün mən adi əcnəbiyəm. Onlar, əlbəttə, heç güman da etmirlər ki, mən nəinki onların hər sözünü anlayıram, hətta onların danışığında Vanadzor ləhcəsini duyuram.

İstanbulun Kumkapı mahalı bir növ ermənistanlı qeyri-leqal əmək mühacirləri yaşayan gettodur. Erməni nitqini burada hər addım başı eşitmək olar.

İstanbul

Nə üçün onlar məhz buranı seçiblər? Bilmirəm. Bəlkə mənzil kirayəsinin ucuzluğu, bəlkə də Kumkapıda bir neçə erməni kilsəsi, Erməni Apostol Kilsəsi Konstantinopol patriarxının iqamətgahı, Müqəddəs İsa erməni xəstəxanası, erməni məktəbinin burada yerləşdiyinə görə...

Yəqin elə bunların hamısıdır erməni mühacirləri bura cəlb edən – axı kilsələr və məktəblər İstanbulun başqa mahallarında da var.

Hərçənd Türkiyə hakimiyyəti İstanbulda Ermənistandan gəlmiş yüz min qeyri-leqal mühacir olduğuna tez-tez işarə etsə də, Alin Özinyanın təhqiqatına əsasən, İstanbulda onların sayı 10 mindən bir qədər artıqdır. Çoxları beş ildən artıq yaşayır, elələri də var ki, XX əsrdə - 90-cı illərdə gəliblər. Mühacir ailələrini, başlıca olaraq, varlı evlərdə dayəliklə və süpürgəçiliklə pul qazanan qadınlar saxlayır. Onların yanına gələn ərləri, bir qayda olaraq, bekar qalırlar.

Nədir onları burda saxlayan? Yəqin bir çox mühacirlər kimi, daha yaxşı yaşayış axtarışında öz məğlubiyyətini etiraf etmək istəməməsi; evə qayıtmağın daha acı məğlubiyyətə bərabər olması hissi; “xaricdə pis yaşamaq” evdə yaşamaqdan yaxşı olduğuna inam; evdə işsizlik və çarəsizlik gözlədiyi qorxusu – o hisslər ki, xaricdə onlara tab gətirmək daha asandır; nəhayət, adi vərdiş...

Mən sosioloq deyiləm. Mənim cavabım yoxdur. Mən Kumkapının üzün küçəsi ilə gedirəm və məni bura, bu qəribə erməni gettosuna nə cəlb etdiyini anlamağa çalışıram, nə üçün hər dəfə İstanbula gələndə mən bu yerə gəlirəm ki, eləcə bu küçədən keçim və, bəlkə bu qəlyanaltıların birində bir kasa qəhvə içim? Nə üçün? Bilmirəm...

Mövzular

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.

]]>