Azərbaycanın "kürü diplomatiyası" - yenilənib
Avropanın tanınmış analitik mərkəzinin iddia etdiyinə görə, Azərbaijan hökuməti kürü və digər bahalı hədiyyələrdən Avropa Şurasının dəstəyini satın almaq və demokratiya və insan haqları sahəsində acınacaqlı vəziyyəti tənqid edənləri susdurmaq üçün istifadə edir.
"Avropa Sabitliyi Təşəbbüsü" adlı mərkəzin hesabatında deyilir ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın dostlarından olan deputatlar Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızıl və gümüş əşyaları və nəğd pul kimi hədiyyələr təqdim olunur.
Gəldikləri nəticələrin Azərbaycan və Avropa ölkələrindən olan rəsmilərlə aparılmış müsahibələrə əsaslandığını qeyd edən hesabat müəlliflərinə görə, məhz həmin nəticələr "Azərbaycanın avtoritar hakimiyyətinin" törətdiyi pozuntular barədə vəzifəsi qitə demokratiyasının keşiyində durmaq olan Avropa Şurasının əsasən niyə susduğunu izah edir.
"Kürü diplomatiyası: Azərbaycan Avropa Şurasını necə susdurdu" adlı hesabat bazar ertəsi günü Britaniya parlamentində "Azərbaycan Demokratik Assosiyasiyası - Britaniya" adlı Azərbaycan müxalifət qrupu tərəfindən təşkil olunmuş tədbirdə təqdim olunub.
Tədbirin sədarət heyətində Murad Həsənli (Azərbaycan Demokratik Assosiyasiyası - Britaniya), Kirsty Hughes (Senzura İndeksi), Paul Flynn (Britaniya parlamentinin üzvü), Emin Milli ( blogger və yazıçı) və Gerald Knaus (Avropa Sabitliyi Təşəbbüsü) iştirak ediblər.
Avropa Şurasının sözçüsü BBC-ə deyib ki, korrupsiya ittihamları ilə bağlı onlar şərh vermir.
Onun təbirincə bucür şərhlərin verilməsi Avropa Şurası Parlament Assambleyası üzvlərinin fərdi səlahiyyətlərinə aid olan məsələdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözcüsü Elman Abdullayev həmin ittihamları qəti sürətdə rədd edərək onların "absurd" olduğunu deyib.
Pozuntulara göz yumulub
Hesabatın müəlliflərindən olan Gerald Knaus BBC Azərbaycancaya müsahibəsində Azərbaycan hökumətinin AŞPA millət vəkillərinə dair düşünülmüş siyasətə malik olduğunu deyib.
O, avropalı deputatların Azərbaycana biznes klassla uçuşlarının ödənildiyini və onlara bahalı hədiyyələrin verildiyini qeyd edib.
“Bunun nəticəsi olaraq AŞPA Azərbaycanda insan haqlarının açıq pozulması məsələsində susdurulub”.

Gerald Knausun sözlərinə görə AŞPA müşahidəçiləri 2010-cu ildəki parlament seçkilərinin ciddi saxtakarlıq iddiaları və Milli Məclisdə heç bir müxalifət namizədinin təmsil olunmamasına rəğmən səsvermənin Avropa tələblərinə uyğun keçdiyini deyiblər.
Cənab Knaus 3 il ərzində Azərbaycan vizasını ala bilməyən siyasi məhbuslar üzrə AŞPA məruzəçisi Christoph Straesserin məsələsini misal çəkib.
“Strasburqdakı nüfuzlu rəsmilər buna önəm qazandırmayıblar, halbuki olay qalmaqal doğurmalı idi” .
Knaus müxtəlif ölkə və siyasi spektri təmsil edən millət vəkillərinin Azərbaycandan hədiyyələr aldığını bildirib, hərçənd ki məruzədə konkret korrupsiya ittihamları əks olunmayıb.
Onun sözlərinə görə bu sahədə tənzimləyici qaydaların mövcud olmadığına görə hədiyyə alıb-vermək qeyri-qanuni olmasa da, ciddi etik suallar doğurur və AŞPA öz etimadını qorumalıdır.
“Hədiyyələr normaldır”
Azərbaycan Xarici İşlər Nazirliyinin sözcüsü ittihamları rədd edib.
Elman Abdullayev "rəmzi" xarakter daşıyan hədiyyə mübadiləsinin "protokollarla müəyyən edilmiş normal təcrübəyə" uyğun keçirildiyini qeyd edərək, hədiyyələrin dəyərinin qanunla nəzərdə tutulmuş çərçivəni heç zaman aşmadığını vurğulayıb.
"Bahalı hədiyyələrə dair ittihamların reallıqla heç bir əlaqəsi yoxdur", Elman Abdullayev deyib.
Avropa Şurasının nümayəndəsi BBC Azərbaycancaya deyib ki, məruzəyə münasibət bildirmək AŞPA üzvlərinin fərdi işidir.
Cənab Knausun sözlərinə görə onunla əlaqə saxlayan AŞPA katibliyi kürü və digər bahalı hədiyyə alan rəsmilərin adlarının təqdim olunmasını istəyib.
“Müəyyən şeylərin baş verməsində əmin olduğumuzu bildirdik. Biz mənbələrə malikik və onları qorumalıyıq. Hərçənd ki, həqiqi müstəqil təhqiqat təqdirində daha təfsilatlı informasiya vermək niyyətindəyik”.




