“Azərbaycan siyasi məhbusları azad edəcək”

Şəklin mənbəyi, bbc
Bakıya səfərindən sonra Avropa Şurasının məruzəçisi, Joseph Debono Grech deyib ki, ötən ilki etirazlarla bağlı həbs olunan 16 adamın 2-3 həftə ərzində azad olunacağını gözləyir .
Avropa rəsmisi ötən ilin mart və aprel ayındakı küçə etirazlarından sonra həbsə alınan 16 adamın azad olunacağına dair nikbin olduğunu deyib.
Ötən həftə Bakıya səfər edən Joseph Debono Grech BBC Azərbaycancaya müsahibəsində bildirib ki, görüşdüyü rəsmilər 16 məhbusun işlərinin yenidən nəzərdən keçiriləcəyini vəd edib.
Dekabr ayında maltalı millət vəkili ilə onun ispaniyalı həmkarı Pedro Agramunt prezident Əliyevi 17 məhbusun azad olunmasına çağıran məktubu imzalayıblar.
Lakin Yeni İldən bir qədər əvvəl məhbuslardan yalnız Cabbar Savalan azad olunub.
Cənab Debono Grech Azərbaycanın insan haqları və demokratiyanın genişlənməsi ilə bağlı öhdəliklərinin yerinə yetirilməsində irəliləyiş etdiyini bildirib.
O “yalnız 20 yaşında” olan ölkənin İran və müharibə vəziyyətində olduğu Ermənistan problemi ilə üzləşdiyini qeyd edib.
Avropa nümayəndəsinin sözlərinə görə o, və cənab Agramunt Azərbaycan rəsmilərinə siyasi məhbusların işinə baxan və indiyədək ölkəyə girişi danılan Avropa Şurasının daha bir məruzəçisi Christoph Straesser-ə viza verməli olduğunu deyib.
Maltalı millət vəkili cənab Straesser-ə vizanın açılacağına inandığı bildirib.
“Azərbaycan rəsmilərinə etimad edirik”
Joseph Debono Grech Azərbaycandakı danışıqlarda insan haqları üzrə Amnesty International tərəfindən vicdan məhbusu hesab edilən 16 nəfərdən başqa siyasi məhbus sayılan digər adamların da azad olunması məsələsinin qaldırdığını deyib.
Hökumət məhbusların azad olunmasına dair hər hansı zəmanət veribmi, sualına cavab verən Debono Grech deyib ki, “onlar (məhbusların) dərhal azad olunacağını demirlər, onlar işlərə yenidən baxılacağını bildiriblər. Onlar bu cür edirlər. Lakin 2 və yaxud da 3 həftə ərzində məhbuslar azad olunacaq”.
Avropa rəsmisi keçmişdə Avropa Şurasının iki məruzəçisinə verdiyi vədlərə sadiq qalan Ədliyyə Nazirliyi ilə prezident Əliyevin administrasiyasına inandığını bildirib.
Maltalı millət vəkili Bakı danışıqlarında “olduqca sərt” olduğunu vurğulayıb.
Debono Grech bildirib ki, cənab Agramunla məhbəsdə baş çəkdiyi bəzi siyasi məhbuslar onlarla yaxşı rəftar olunduğunu deyiblər.
Həmməruzəçilər Bakıdakı rəsmilərə Christoph Straesser-ə vizanın danılmasının mümkün olmadığını bildiriblər.
“Biz ona viza veriləcəyi qənaətindəyik, yəni bu nəticəyə gəldik. Bu mütənasib addım olardı”.
“Tərəqqi”
Cənab Debono Grech Bakıdakı hökuməti tənqid etməkdən imtina etdi.
Qeyd olunan məsələlərin Azərbaycanın öhdəlikləri yerinə yetirmədiyindən xəbər verirmi? sualına cavab verən Debono Grech Rusiya və Ermənistanda da siyasi məhbusların olduğunu bildirib.
O, bir tərəfdən Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanın ikinci tərəfdən sabitliyi pozmağa çalışan İran cəhdləri ilə üzləşərək çətin durumda olduğunu qeyd edib.
Maltalı millət vəkili Azərbaycanın tərəqqi etdiyini bildirib.
“Onlar Avropa Şurası qarşısındakı öhdəliklərinin 100 deyil 60-70 faizini yerinə yetirirlər”, - deyib Joseph Debono Grech.




