Azərbaycanda əfv sərəncamı: Gözləntilər özünü doğrultdumu?

Şəklin mənbəyi, APA.az
- Müəllif, Aygül Mehman
- Vəzifə, BBC News Azərbaycanca
Azərbaycan Prezidenti İlham Əliyevin bazar ertəsi günü verdiyi əfv sərəncamı ictimaiyyət arasında birmənalı qarşılanmayıb: təqdir edənlər də var, bu əfvin gözləntiləri doğrultmadığını deyənlər də.
Mayın 8-də əfv sərəncamı 801 məhkuma aid edilib.
Əfv olunanlar arasında yerli hüquq müdafiəçilərinin "siyasi məhbus" hesab etdikləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və jurnalist Elçin Məmməd də var.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əfv sərəncamı kimlərə şamil edilib?
Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanan bu əfv sərəncamı "müstəqil Azərbaycan tarixində ən böyük əfv aktıdır", - prezident az. saytında dərc olunan sərəncamda yazılıb.
"Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilmişdir", - məlumatda deyilir.
"Alqışa layiq əfv"
Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, bu, "çox adamı öz ailəsinə qovuşduracaq təqdirəlayiq əfvdir".
Buraxılanların əksəriyyətinin cəzalarının 1-3 ili qaldığını deyən Novella Cəfəroğlu hesab edir ki, sərəncam "bütün təbəqələrə şamil edilib".
"Bizim tövsiyəmiz əfv komissiya üzvlərinədir ki, bu gün siyasi motivlə həbs olunmuş çox az adam azadlığa buraxılıb. Sabah bunları bizə Avropa İttifaqı, Avropa Şurası, Amerika irad tutacaq. Bu məsələləri bitirməkdən ötrü o siyahını əhatə etmək lazım idi. Ancaq ümumilikdə alqışa layiq əfvdir", - Novella Cəfəroğlu BBC News Azərbaycancaya deyir.
Onun sözlərinə görə, onlarda olan "siyasi məhbus" siyahısında 29 nəfər qeydə alınıb.
"Siyahıya axıradək baxmaq imkanımız olmayıb, indi tutuşdururuq. Biz Gəncə, Tərtər hadisələrində təqsirləndirilənləri, inanclıları, ömürlük həbs cəzasına məhkum edilən - OMON-çular, "Qaranquş"ların adlarını vermişdik. "Ömürlük"lər Konstitusiyaya görə buraxıla bilərdilər. Onlar 20 ildən çox həbs cəzası çəkiblər. Biz Milli Məclisə də tövsiyə etmişik ki, bu məsələyə baxsınlar".
Novella Cəfəroğlu hesab edir ki, "siyasi motivlə tutulanların, gərək, hamısı buraxılaydı".
Hüquq müdafiəçisi Bəşir Süleymanlı bu əfvin gözləntiləri "doğrultmadığını" vurğulayır.
"Bu əfv indiyədək olan əfv sərəncamları ilə müqayisədə daha çox məhkuma şamil olunub. Amma buna baxmayaraq, azad edilənlərdən yalnız iki şəxsin adı siyasi məhbus siyahısında var. Bu qədər adam azadlığa buraxılsa da, yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi şəxslər azadlığa buraxılmır. Bu, məyusedici haldır. Gözlənilən o idi ki, hökumət Heydər Əliyevlə bağlı əfv fərmanında böyük açılım edəcək, ancaq təəssüflər olsun ki, bu hal baş vermədi. Hətta əvvəlki əfvlərdən ["siyasi məhbus" siyahısından] daha az adam azadlığa buraxıldı", - cənab Süleymanlı deyib.
O vurğulayır ki, ölkədə müxtəlif qrupların "siyasi və vicdan məhbusu" siyahısı var və onun fikrincə, bu siyahıda əks olunmuş rəqəmlər müxtəlif olsa da, "ümumilikdə ölkədə 100 civarında siyasi məhbusun olduğu" təxmin edilir.
"Cinayət törədib qanunla məsuliyyətə cəlb olunursa…"
Əfv sərəncamını hökumətin vətəndaşa olan "diqqəti və etimadı" kimi qiymətləndirən Milli Məclisin deputatı Aydın Hüseynov ölkədə "siyasi əqidə və fəaliyyətlərinə görə həbslərin olması ilə razılaşmır, o vurğulayır ki, "siyasi məhbus" adlandırılan şəxslərin konkret olaraq həbsləri ilə bağlı cinayət işi var.
"Cinayət törədib, qanunla məsuliyyətə cəlb olunursa, jurnalist və ya siyasi fəaliyyət çətirinin altında gizlənə bilməz".
Bəzi yerli və beynəlxalq hüquq müdafiəçiləri Azərbaycanda "siyasi və vicdan məhbus"larının olduğunu bildirir.
Azərbaycan hakimiyyəti ölkədə heç kimin siyasi fəaliyyətinə görə təqib edilmədiyini bildirir.
Sonuncu əfv sərəncamı ötən il mayın 27-də olub.





