5.2 milyon avroluq layihələr Azərbaycana nə verib?

- Müəllif, Aygül Mehman
- Vəzifə, BBC News Azərbaycanca
Avropa İttifaqı və Avropa Şurasının "Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq" Proqramı çərçivəsində Azərbaycanda keçirdiyi layihələrin effektivliyi suallar yaradıb.
Təhlilçilər 5.2 milyon avroluq layihələrin "müsbət nəticələrinin" digər beynəlxalq təşkilatların Azərbaycanda insan haqlarının durumunun pisləşməsi ilə bağlı bəyanatları ilə təkzib olunduğunu iddia edirlər.
Avropa Şurasının sözçüsü Tatiana Baeva BBC News Azərbaycancaya icraçısı olduqları proqram çərçivəsində layihələrin "şəffaf həyata keçirildiyini və uğurla başa çatdığını" deyib.
Milyon avroluq layihələr
Son dörd ildə Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycan üçün nəzərdə tutulan bu dörd layihəyə, ümumilikdə, 5.2 milyon avro vəsait ayrılıb.
Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi layihəsinə 1.75 milyon avro xərclənib, Avropa İttifaqı (Aİ) və Avropa Şurasının (AŞ) hesabatında belə deyilir.
Məlumatda o da bildirilir ki, Azərbaycanda ədliyyə xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, çirkli pulların yuyulmasına qarşı mübarizənin gücləndirilməsi, ifadə və media azadlığı ilə bağlı layihələrə isə 3,45 milyon avro sərf olunub.
Proqram çərçivəsində baş tutmuş layihələr AŞ tərəfindən icra olunub.
Layihələrin nəticələri Avropa Şurasının saytında yerləşdirilib. Hesabatda layihələrin icrasıyla bağlı "müsbət proqreslərin olduğu" bildirilir, amma proqreslərin nədən ibarət olduğu qeyd olunmur.
Vətəndaş cəmiyyətinin inkişafına yardım, yoxsa hökumətlə əməkdaşlıq?
Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov Avropa Şurasının bu layihədə əsas icraçı kimi hökumətlə əməkdaşlığı "üstün tutduğunu", nəticədə isə vətəndaş cəmiyyəti nümayəndələrinin əksəriyyətinin bu prosesdən kənar qaldığını deyir.
Akif Qurbanov hesab edir ki, hökumət bu layihələrlə öz imicini müsbət istiqamətdə qorumağa çalışır, Avropa Şurası da burada "əsas yardımçı rolunda" çıxış edir.
"Layihələr başlamazdan əvvəl ölkədə siyasi məhbusların sayı daha az idi. Hazırda isə vətəndaş cəmiyyətinin fəaliyyəti iflic duruma gətirilib".
O, bütün bu proseslərin "daha çox depressiv mühitin yaranmasına" səbəb olduğunu deyir.
"Aİ və AŞ-nın bu layihələrin uğurlu olması qənaətinə hardan gəldikləri bəlli deyil, çünki bu qurumların heç bir müstəqil qiymətləndirmə meyarı və metodları, üstəlik müstəqil ekspertləri də olmayıb", cənab Qurbanov qeyd edir.
Onun sözlərinə görə, bu layihələr icra olunarkən, müstəqil ekspertlər AŞ-a qanunvericilikdə dəyişikliklərlə bağlı - QHT-lərin qeydiyyatı, maliyyələşməsi, könüllülərin cəlbi, ianələrin toplanması kimi problemlərin Avropa standartına uyğunlaşdırılması ilə bağlı konkret təkliflər verilib.
"Lakin təkliflərin hazırlanıb təqdim olunmasından iki il keçməsinə baxmayaraq, onların heç biri reallaşdırılmayıb".

Şəklin mənbəyi, AZAD FİKİR UNİVERSİTETİ
Beynəlxalq təşkilatların missiyası "vətəndaş cəmiyyətinə dəstək verməkdir"
Hüquq müdafiəçisi İntiqam Əliyev bildirir ki, dəyəri milyonlarla olan bu layihələrin "effektiv olmadığını uzun illərdir ki, vurğulanır".
"Avropa Birliyi, Avropa Şurası, ATƏT, BMT, o cümlədən Dünya Bankı və çoxsaylı dövlətlərarası beynəlxalq QHT-lər Azərbaycan hökuməti ilə (o cümlədən, onun nəzarəti altında olan təşkilatlarla) iqtisadi, siyasi, şəffaflıq, hüququn aliliyi, o cümlədən ədliyyə, məhkəmə, hüquq-mühafizə orqanları, vəkillik və digər sahələrdəki islahatlar adı altında müxtəlif layihələr həyata keçirirlər."
Lakin elə həmin beynəlxalq təşkilatların hesabatlarına görə də son illərdə Azərbaycanda enerji sahəsi istisna olmaqla, qalan bütün sahələrdə və xüsusən də, insan haqları ilə bağlı durum "əhəmiyyətli dərəcədə pisləşib", cənab Əliyev bildirir.
"Bu layihələr durumun yaxşılaşdırılmasına kömək etmirsə, o pulları havaya sovurmağa dəyərmi?"
Cənab Əliyev "beynəlxalq təşkilatlara xatırlatmaq lazımdır ki, onların missiyası "vətəndaş cəmiyyətinə dəstək verməkdir, onu əzən hökumətə yox!" deyə vurğulayır.
Azərbaycan hökuməti ölkədə insan haqları barədə səslənən tənqidləri qəbul etmir.
İfadə və KİV azadlığı
"Azərbaycanda QHT-lərin imkanlarının daraldığı, heç kimin insanları bir araya gətirib təlim keçə bilmədiyi zamanda AŞ-nın təlimləri bu istiqamətdə çətin də olsa müəyyən nəfəslik aça bildi", media məsələləsi üzrə təhlilçi Ələsgər Məmmədli deyir.
Cənab Məmmədli bu layihələrin müsbət təsirlərinin olduğunu deyir. O eyni zamanda, "mediada difamasiyadan həbslərin olduğunu, internet üzərinə blokun qoyulmasıyla bağlı qanunvericiliyin sərtləşdirildiyini" də xatırladır.
"Bir sözlə, prosesin getdiyi məqamda Azərbaycan mediasının azadlığına təsir edən addımlar Azərbaycan hökuməti tərəfindən atıldı və təəssüf ki, AŞ bu prosesi dayandıra bilmədi, çünki qurum bunu dayandıracaq gücdə deyil. Bu məsələdə aşağıdan yuxarı bir dirənc də olmalıdır. Azərbaycan mediasında isə belə mühit yoxdur".
Turan Agentliyinin rəhbəri Mehman Əliyev deyir ki, AŞ-nın KİV azadlığı ilə bağlı layihələrinin Azərbaycanda hansısa nəticələrini görməyib.
"Mediada istər iqtisadi, istər peşə və əxlaqi normaları baxımından, istərsə də media təhlükəsizliyi və ya söz və ifadə azadlığı baxımından heç bir müsbət dəyişiklik olmayıb. Əksinə, qeyri-qanuni yollarla saytlar bloklanıb, jurnalistlər həbs olunub".
Media rəhbəri hesab edir ki, belə layihələr "hakimiyyətin yaxşılığa doğru addım atmağa siyasi iradəsi" olacağı təqdirdə mümkündür.
2014-ci ildən indiyə kimi Azərbaycanda bir neçə media orqanının - Meydan TV, Azadlıq Radiosu, Azadlıq qəzetinin saytları bloklanıb.
10-dan çox jurnalistə ölkədən çıxış qadağası qoyulub. Jurnalistlər bu qadağanı özlərinin peşə fəaliyyətləri ilə əlaqələndirirlər. 2017-ci ildə isə bloqçu Mehman Hüseynov həbs olunub.

Şəklin mənbəyi, TURAN
"Avropa Məhkəməsinin qərarlarına 50-60 faiz istinad var"
BBC News Azərbaycanca ədliyyə sistemində aparılmış islahatlarla bağlı Ədliyyə Nazirliyindən məlumat almaq mümkün olmayıb.
Ali Məhkəmənin hakimi Vafəddin İbayev bildirir ki, Avropa Məhkəməsinin presedentlərinin tətbiqi yeni məsələ deyil.
Cənab İbayev BBC News Azərbaycancaya onu da deyir ki, o, yavaş-yavaş hakimlərin qərarlarında Avropa Məhkəməsinin qərarlarına istinadlarla qarşılaşmağa başlayıb. O, bu halla "bütün işlərin 50-60 faizində" qarşılaşdığını deyir.
Vafəddin İbayev "artıq hakimlər həm konvensiyanın özünü, həm də ayrı-ayrı qərarlara istinad edərək milli hüququ Avropa standartları baxımından şərh etməyə çalışırlar" deyir.
Əvvəlki təcrübədə mülki işlərdə "dövlət hesabına vəkil verilməsi praktikasının olmadığını" bildirən Vafəddin İbayev, "artıq bu məsələ həll olunub və aztəminatlı şəxslərə ehtiyac olduğu təqdirdə, dövlət hesabına vəkillə təmin olunurlar" deyir.
Avropa Məhkəməsinin mətbuat azadlığı ilə bağlı mövqeyinin Azərbaycanda tətbiqi ilə bağlı Ali Məhkəmənin plenum qərarının olduğunu deyən hakim İbayev bu qərarların məcburi olmadığını, bir növ tövsiyyə xarakteri daşıdığını bildirir.
Diffamasiya məsələsinə gəlincə, Vafəddin İbayev diffamasiya ilə bağlı Ali Məhkəmənin plenum qərarının olduğunu deyir.
"Onun əsas məğzi isə aşağı məhkəmələrə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı azadlıqdan məhrumetmə cəzasının tətbiqindən imtina olunması, cəza tətbiq olunmamasının tövsiyəsidir."
Avropa Şurası iddialarla bağlı nə deyir?
Avropa Şurasının sözçüsü Tatiana Baeva isə deyir ki, Avropa Şurası hökumətlərarası təşkilatdır və məqsədi Cənubi Qafqaz, Şərqi Avropa və Balkanlarda yerli hökumətlərin insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində qanunvericiliyini və praktikasını Avropa standartlarına uyğunlaşdırmağa kömək etməkdir.
O, AŞ-nın layihələrini yerli hökumətlərlə əməkdaşlıq çərçivəsində inkişaf etdirdiyini və layihələrin müxtəlif məqamlarında QHT-lər və beynəlxalq təşkilatların da prosesə qoşulması üçün cəhd etdiyini bildirir.
Avropa Şurasının sözçüsü vurğulayıb ki, əməkdaşlığın prioritetləri "dövlətlərin praktikası", xüsusilə də "Avropa İnsan Hüquqları Məhkəməsi də daxil olmaqla, monitorinq və məsləhət mexanizmləri ilə" müəyyənləşdirilir.
Tatiana Baeva qurumun tətbiq etdiyi layihələrin şəffaflığına nəzarətin "kollektiv şəkildə həyata" keçirildiyini vurğulayır.
"Büdcələr və bütün səviyyələrdə xərclər həm daxildə, həm xaricdə, həm də müstəqil olaraq yoxlanılır. Bu prosedurlar güclüdür və qarşılıqlı uyğunluq tez-tez donorlarımız tərəfindən təsdiqlənir".









