Bakıda Norveç səfirliyi niyə bağlanır?

- Müəllif, Aygül Mehman
- Vəzifə, BBC News Azərbaycanca
"Norveçin Azərbaycanda səfirliyini bağlaması bu ölkənin daxili qərarıdır", Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva deyib.
BBC News Azərbaycancaya danışan Leyla Abdullayeva hər iki ölkə arasındakı diplomatik münasibətlərin "normal" olduğunu vurğulayıb.
Norveç Krallığı gələn ildən Bakıdakı səfirliyini bağlayacağını bildirsə də, bunun səbəblərini açıqlamayıb. Eyni zamanda hökumət Tbilisidə səfirliyin açılacağını bildirib.
Norveçin öz səfirliyini insan hüquqları, demokratiyanın inkişafı ilə əlaqədar bu hökumətlə ilə münasibətlər quran ölkədə yerləşdirmək istəməsi normaldır, keçmiş səfir Steinar Gil BBC News Azərbaycancaya deyir.
"Biz Norveçdə səfirliyimizi bağlamaq niyyətində deyilik"
Azərbaycan cavab addımı olaraq Norveçdə öz səfirliyini bağlamayacaq. Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva BBC News Azərbaycancaya açıqlamasında bildirib ki, Azərbaycan eyni addımı atmaq fikrində deyil.
"Biz hər hansı bir yerdə, o cümlədən Stokholmda səfirliyimizi bağlamaq niyyətində deyilik. "Bir kərə yüksələn bayraq, bir daha enməz" prinsipi suveren və müstəqil dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir".
Bu arada Azərbaycanın İsveç və Norveç Krallıqlarında, eyni zamanda Finlandiya Respublikasındakı səfirləri geri çağırılıblar. Bu barədə prezidentin saytında məlumat verilir.
Norveç "demokratiyanı inkişaf etdirmək istəyən" Gürcüstana köçür
Norveçin Xarici İşlər Nazirliyi Azərbaycandakı səfirliyinin bağlanacağını elan edərkən bildirib ki, Azərbaycanla əlaqələrinə bu ölkənin Ankaradakı səfirliyi məsul olacaq. Ölkə Azərbaycanda fəxri konsulluq saxlamaq niyyətindədir, qurumun saytında göstərilib.
Cənubi Qafqazda bu dəyişiklər 2019-cu ildə tətbiq ediləcək, Norveç Xarici İşlər Nazirliyinin saytında belə yazılıb.
Məlumatda o da göstərilir ki, Norveç hökuməti Gürcüstan patyaxtı Tbilisidə səfirlik açır.
Norveçin Azərbaycanda 2002-2006-cı illərdə səfiri olmuş Steinar Gil bu qərarı normal sayır.
"Bu çox normaldır ki, bizim Cənubi Qafqazda səfirliyimiz, demokratiya, insan haqları və vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqədar Norveç hökuməti ilə münasibətlər quran ölkədə yerləşəcək ", o deyir.
"Gürcüstan bizim üçün Avrasiya regionunda prioritet partnyor ölkələrdən biridir... Tbilisidə daimi mövcudluq bütün regionda hadisələri izləmək üçün bizə yaxşı imkan yaradır", bunu xarici işlər naziri Ine Eriksen Soreide deyib.
"Hər bir vətəndaş üçün "pis xəbər"
Hüquq müdafiəçisi Arzu Abdullayeva Norveç səfirliyinin ölkədən getməsinin Azərbaycan üçün "pis xəbər" hesab edir.
"Ən demokratik səfirliklərdən biri", Arzu Abdullayeva Norveç səfirliyini belə xarakterizə edir.
O deyir ki, norveçli diplomatlar hətta Azərbaycanın Qarabağ məsələsində belə "müəyyən irəliləyiş əldə etməsi üçün də" dəstək verirdi.
Arzu Abdullayeva 2003-cü il prezident seçkisindən sonra "Azərbaycanda 1000-dən çox adamın həbsdən azad edilməsi" üçün Norveç səfirliyi və o vaxtkı səfir Steinar Gil-in fəallıgını xatırlayır.
"Onlar günahsız adamların azadlığı üçün əllərindən gələni etdilər. Elə bunların nəticəsində də cənab Gil Azərbaycanda vətəndaş cəmiyyətinin dostu hesab olundu. Hökumət tərəfindən isə bu, yaxşı qarşılanmamışdı", o deyib.
2003-cü ildə Azərbaycanda keçirilən seçkilərdə İlham Əliyev prezident seçilib. Oktyabrın 15-16-da baş tutmuş seçkilərin nəticələrindən narazı olanların keçirdikləri etiraz aksiyalarında yüzlərlə adam polis tərəfindən "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun "tələblərini kobud surətdə pozduqlarına görə" saxlanılıb.
Arzu Abdullayevaya görə, səfirliyin ölkədən getməsi "hər bir vətəndaşa toxuna biləcək qərardır".
Norveçin Azərbaycan həyatında iştirakı
Norveç Azərbaycanın həyatına da 90-cı illərdə girib: Ölkənin ən iri enerji şirkəti Equnoir (əvvəlki Statoil) "Əsrin müqaviləsi"nin bağlanmasında iştirak edib.
Şirkət Norveç hökuməti ilə birgə Azərbaycan hökumətini Norveç modelinə əsaslanan neft fondları yaratmaq, həmçinin SOCAR və tələbələrlə əməkdaşlıq etməklə, azərbaycanlıların texniki inkişafını təmin etmək üçün Azərbaycan hökumətinə dəstək olub, Equnoir-in saytında belə yazılır.
Bundan başqa, Norveç Qaçqınlar Şurası Azərbaycanda məcburi köçkün və qaçqınlara sığınacaq və icma infrastrukturunun inkişafı, insan hüquqlarının maarifləndirilməsi və müdafiəsi sahələrində bir çox mühüm layihələr həyata keçirib.
Bu ölkənin Qızıl Xaç Cəmiyyəti 10 ildən çoxdur ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə qaçqın və məcburi köçkünlərlə bağlı müxtəlif humanitar layihələrdə əməkdaşlıq edir.
Azərbaycanda olduğu müddətdə Norveç səfirliyi insan haqlarının müdafiəsində, vətəndaş cəmiyyətinin inkişafında, demokratiyanın dəstəklənməsində fəal rol oynayıb.
Azərbaycanın həyatına bu qədər nüfuz etmiş bir ölkə səfirliyini niyə bağlayır sualına Arzu Abdullayevanın bir cavabı var: "Səfirliyin ölkədə fəaliyyətinin dayandırılması burdakı mövcud korrupsiya ilə bağlıdır, cəmiyyət tədricən demokratiya mədəniyyətini itirir, insan haqları sahəsində vəziyyət getdikcə pisləşir, həbslər davam edir, siyasi məhbuslar azad olunmur və bütün bunlar səfirliklərdə təəssüf hissi doğurur".
"Normal haldır"
Millət vəkili Rafael Hüseynov isə düşünür ki, Azərbaycanın Norveçlə münasibətləri bütün istiqamətlərdə "xoş əlaqələr səviyyəsindədir". Deputat Norveçin Azərbaycandan getmək istəməsinə təəcüblənmir, o, bunu normal sayır.
"Diplomatik təcrübədə səfirliklərin müxtəlif ölkələrdə açılıb-bağlanması normal haldır", o vurğulayır.
Deputat deyir ki, Azərbaycan da "hansısa ölkələrdə səfirlik açıb-bağlayır, lakin bir neçə ölkənin əhatəsini öhdəsinə götürən səfirlikdə işlər davam etdirilir".









