Şuşa-Xankəndi yolunda aksiyalar: Azərbaycan "yumşaq gücə əl atır"

Şuşa yaxınlığında aksiya

Şəklin mənbəyi, Azertag

Şuşa şəhəri yaxınlığında yüzlərlə azərbaycanlı fəal iki həftəyə yaxındır ki, etiraz edərək ətraf mühitin qorunması tələbiylə aksiya keçirir, ancaq Azərbaycanda bu aksiyanı tənqid edənlər də var.

Aksiyaların Azərbaycan hakimiyyəti tərəfindən dəstəkləndiyi aydın olsa da, hökumət bunu birbaşa etiraf etməyib.

Ermənistan Azərbaycanı Laçın-Xankəndi/Stepanakert yolunu bağlamaqda və burda yaşayan erməni əhali üçün "böhran vəziyyəti yaratmaqda" ittiham edir.

Azərbaycan bu ittihamları rədd edərək yolu bağlamadığını deyir və bildirir ki, eko-fəallar Rusiya sülhməramlılarının nəzarətində olan bölgədə faydalı yataqların istismarının qarşısının alınmasını tələb edirlər.

Yerli mediada aksiyadan yayımlanan videoreportajlarda müsahibə verənlərin bəziləri dövlət qurumları yanında ictimai şuraların üzvü olduqlarını deyiblər.

Bəzi QHT nümayəndəsi, universitet müəllim və tələbələri, dövlət qurumlarında könüllü fəaliyyət göstərənlər sosial şəbəkələrdə foto-video paylaşaraq aksiyaya aparıldıqlarını yazıblar.

Aksiyanın hansı təşkilat tərəfindən təşkil edildiyi bildirilmir, amma paylaşılan video-fotolarda onların Şuşaya komfortlu sərnişin avtobuslarında getdiyi, isti yeməklə təmin olunduğu görünür.

Etiraz aksiyasını işıqlandırmaq üçün Şuşaya gedən bir neçə tənqidi media təmsilçisi isə ərazidən geri qaytarıldığı ilə bağlı sosial media hesablarında yazıblar.

Yayılan video görünütülərdən məlum olub ki, Şuşa ətrafında quruculuq işlərinə cəlb olunan fəhlələr də aksiyaya qoşulub.

Azərtac xəbər verir ki, Qarabağın şəhər və kəndlərində müxtəlif bərpa-quruculuq layihələrində çalışan Türkiyə vətəndaşları da aksiyaya qoşulub.

"Aksiyaların məqsədi aydın deyil"

BBC-yə danışan təhlilçilər hesab edir ki, Azərbaycanda müstəqillikdən üzü bəri dövlət və vətəndaş cəmiyyəti ekoloji məsələlərdə laqeyd olub və indi belə etirazla ətraf mühit probleminin qabardılması süni yanaşmadır.

Onlardan biri - vətəndaş cəmiyyətinin təmsilçisi Anar Məmmədli hesab edir ki, bu aksiyaların məqsədi aydın deyil, Azərbaycan cəmiyyəti məlumatsızdır, Qarabağdakı mədənlərdə "ekoloji fəlakətin olması məsələsi qəflətən" ortaya çıxıb.

Siyasi psixoloq Samirə Qasımlı düşünür ki, İkinci Qarabağ müharibəsindən sonra, ötən iki ildə hakimiyyət sanki bu ekoloji problemin qabarmasını görməyib və məsələ bu gün yaranıb.

Siyasi təhlilçi Əhməd Əliliyə görə, aksiyalar birbaşa Rusiyanın Qarabağ siyasəti, daha konkret olaraq, Ruben Vardanyanın Qarabağdakı fəaliyyəti əleyhinə yönəlib.

Azərbaycan rəsmiləri bildirir ki, ölkədə vətəndaş cəmiyyəti nümayəndələri "talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışırlar".

Şuşa yaxınlığında etiraz edən azərbaycanlı fəallar

Şəklin mənbəyi, Azertag

"Etirazlar ekoloji yox, siyasi məqsədlidir"

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədliyə görə, Azərbaycanda cəmiyyət, o cümlədən dövlət orqanları əvvəldən ekoloji məsələlərə laqeyd olub.

"Xəzərin çirkləndirilməsi, meşələrin qırılması, vəşhi heyvanların ovlanması kimi ətraf mühit məsələlərində dövlətdən və etiraz edənlərdən reaksiya olmayıb. Bu kimi hallar da bu aksiyanın məqsədinin ekoloji problemlərə yönəldiyini şübhə altına alır", - cənab Məmmədli deyir.

Təhlilçi BBC News Azərbaycancaya bildirib ki, Azərbaycan cəmiyyəti Rusiya sülhməramlılarının Qarabağda yerləşməsi ilə barışmır, buna etirazı var.

Onun fikrincə, indiki etirazlarda məqsəd Rusiya hərbçilərinin ərazidən çıxarılması, "separatist rejim"in aradan qaldırılması, azərbaycanlıların ora qayıtmasıdır. Ancaq o, həmçinin bildirir ki, indiki halda "formal olaraq ekoloji məsələ qoyulur".

"Dolayısı ilə ortaya belə məsələ çıxır ki, formal olaraq adı ətraf mühit məsələləri qoyulub, amma mahiyyət etibarı ilə niyyət siyasidir və söhbət "Dağlıq Qarabağda" Azərbaycanın suverenliyinin bərpasından gedir. Suverenliyin bərpasını istəmək məsələsində səmimiyyət yoxdur. Əgər hökümət nümayəndələri və yaxud hökümətə yaxın təşkilatlar desələr ki, biz buna etiraz edirik və aksiyanı buna görə keçiririk, onda buna hərkəsin dəstəyi olar", - Anar Məmmədli deyib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov xarici səfirlərlə görüşündə deyib ki, aksiyanın məqsədi "qeyri-qanuni fəaliyyətin qarşısının alınmasıdır".

"Təbii etirazları dağıdır"

Cənab Məmmədliyə görə, Azərbaycanda sərbəst toplaşmaq azadlığına münasibət hökümət tərəfindən barışmaz olub.

O xatırladır ki, son vaxtlar Rusiya və İran səfirliklərinin qarşısında dəfələrlə keçirilməsinə cəhd olunan aksiyaların qarşısı alınıb.

"Hətta hökümətin özünün də narazı olduğu məqamlarla bağlı müxalifət, tənqidçi insanlar aksiyalar keçirmək istəyəndə hakimiyyət bunun qarşısını alıb. Ona görə də həmin aksiyanın orda təşkili hökümət tərəfindən idarə olunur. Bu isə süni aksiya kimi görünür", - Anar Məmmədli deyib.

Onun fikrincə, hökumət adamlara Rusiya ilə bağlı etirazlarını ifadə etməyə imkan versəydi, o zaman bu aksiya da süni olmazdı.

"Xarici düşmən, münaqişə, pafoslu çıxışlar"

Siyasi psixoloq Samirə Qasımlı hesab edir ki, Şuşa ətrafındakı hökümətyönümlü fəalların etiraz aksiyası "teatral şou və manipulyasiyadır".

Onun fikrincə, hakimiyyət həssas mövzulardan diqqət yayındırmaq üçün daha böyük, daha qlobal münaqişə mövzularına meyil edir.

O izah edir ki, Azərbaycanda hakimiyyət İkinci Qarabağ müharibəsinə kimi ölkədəki əsas problemləri pərdələmək üçün Qarabağın işğalı faktından istifadə edib, amma torpaqların bir hissəsinin azad olunmasından sonra rəsmilər yenə eyni xətti izləməyə davam ediblər.

"İnsanlar ümid edirdilər ki, Qarabağda quruculuq işlərinin başlaması Azərbaycanda dönüş nöqtəsi olacaq. Sosial problemlərə, demokratikləşməyə, insan hüquqlarına diqqət artacaq. Əslində Qarabağ zəfərinə görə ölkə rəhbərinin də reytinqi artmışdı və düşüncə bu idi ki, yüksək reytinqlər səbəbindən yumşalmalarda çəkingənlik olmayacaq. Ancaq son iki ildə bütün problemlər gözardı edildi", - Samirə Qasımlı vurğulayır.

"Müharibədən dərhal sonra Zəngəzur dəhlizi məsələsi və bir müddət bu məsələnin bütün kəsimlərdə müzakirəsi, ardınca İranla Azərbaycan arasındakı gərginlik oldu və nəticə olmadı. İndi də ətraf mühit problemi bəhanəsiylə Rusiya sülhməramlılarına qarşı etirazlar var. Bütün bu mövzular müharibə ilə bağlı idi", - Samirə Qasımlı deyib.

Samirə Qasımlıya görə, son iki ildə olanlara baxdıqda görünən odur ki, "qarşımıza xarici düşmən obrazı qoyulur, gərginlik gündəmdə saxlanılır, sanki hər an müharibə başlaya bilər".

"Belə hal cəmiyyətin hisslərini məşğul edir, onları səfərbər vəziyyətdə saxlayır. İnsan daim müharibə vəziyyəti haqda düşünürsə, digər bütün problemlər onun üçün önəmli olmur", - Samirə Qasımlı izah edir.

"Azərbaycanın yumşaq güc nümayişi"

Siyasi təhlilçi Əhməd Əlili hesab edir ki, aksiyalar məqsədlidir və birbaşa Rusiyanın Qarabağ siyasəti əleyhinə, birbaşa olaraq Ruben Vardanyanın Qarabağdakı fəaliyyətinə yönəlib.

"Rusiyada gördülər ki, Azərbaycanla Ermənistan bir-birinin suverenliyin tanıyıb və bu, Avropa platformasında baş tutub. Özləri prosesdən kənarda qalmasınlar deyə Rusiya müdaxilə etdi. Üstəlik, Azərbaycan deyəndəki Qarabağ erməniləri ilə danışığa hazırdır, bu zaman Rusiya ora Ruben Vardanyanı göndərdi. Nəticədə Vardanyanın pul mənbəyi olaraq gördüyü mədənlərin ekoloji məsələləri ilə bağlı Azərbaycanda etiraz başladı", - Əhməd Əlili bildirib.

O, BBC News Azərbaycancaya müsahibəsində deyib ki, etirazçıların üzərində xüsusi polis və hərbi nəzarət olan ərazilərə getməsi ən azı onu göstərir ki, Azərbaycan tərəfi bu aksiyanın baş tutmaması üçün müqavimət göstərmir, tam əksinə, maraqlıdır ki, bu proses getsin.

Cənab Əlili onu da deyib ki, bu aksiyalarla Azərbaycan ənənəvi "siyasi alətlər qutusu"ndan deyil, yeni "siyasi alətlər qutusu"ndan istifadə etməyə çalışır.

"Ənənəvi olaraq, Azərbaycan güc, dəmir yumruq deyirdisə, indi görürük vətəndaş cəmiyyətinin iştirakı ilə yeni bir vəziyyət yaradılır. Bu, o deməkdir ki, Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı yeni impuls meydana çıxır", - Əhməd Əlili bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində hökümət, müxalifət və vətəndaş cəmiyyəti arasında "müəyyən ülvi birlik" olub, amma indi bu aksiyalarda o görünmür.

O hesab edir ki, buna nail olmaq üçün bəzi işlər görülməlidir.

Əhməd Əliliyə görə, "İctimai birlikləri vətəndaş diplomatiyasının inkişafı üçün istifadə etmək Azərbaycanın xarici siyasətinin ümumi maraqları baxımından çox faydalı olardı".

Cənab Əlili deyir ki, onun müşahidələri aksiyada iştirak edən təşkilatların əksəriyyətinin aralarında beynəlxalq əlaqələri olan, əsasən yerli fondlarla və yerli auditoriya ilə işləyən yerli vətəndaş cəmiyyəti nümayəndələrinin olduğunu göstərir.

Siyasi psixoloq Samirə Qasımlı hesab edir ki, Azərbaycan hakimiyyətinin Rusiyaya qarşı hər hansı güc nümayişi yoxdur.

O deyib ki, əgər yumşaq güc Qarabağ ermənilərinə qarşı istifadə olunursa, bu tərzdə olmamalıdır.

"Əgər yumşaq güc ermənilərə qarşı istifadə olunursa, bəs, onda nəyə görə onlarla aqressiv və radikal ton və ritorikada danışılır? Onlara münasibətdə bu etimad formalaşdırma, güvən yaratma ola bilər. Konkret sülh gündəliyi olmalıdır", - Samirə Qasımlı deyib.

Aksiyada havaya sülh rəmzi göyərçin buraxıblar

Şəklin mənbəyi, Azertag

Təşkilatçılıq

Şuşa-Xankəndi yolundakı etirazlardan yayılan görüntülərdə sülh rəmzi olaraq 44 ağ göyərçinin səmaya buraxılması təşkil edilib, amma çıxış edən bir qadın elə "pafosla" çıxış edib ki, əlindəki göyərçinin öldüyündən xəbəri belə olmayıb.

Sosial mediada yayılan videolarda görünür ki, ətrafdakı insanlar ona göyərçinin öldüyünü, bəziləri isə canlı bir göyərçinlə dəyişməsini desələr də xanım onları eşitmir.

Eko fəallar sosial mediada yazıb ki, aksiyada bir neçə qadının xəz palto geyinməsi iştirakçıların ekohərəkətlə əlaqəli olduğuna şübhə etməyə əlavə əsas verir.

Ətraf mühit fəalları həmçinin deyirlər ki, göyərçinlər gecələr uçmur və aksiyada bu nəzərə alınmayıb.

Hələ şəhər sakinlərinin köçürülmədiyi Şuşada havaya buraxılan göyərçinlərin də uçandan sonrakı taleyi müəmmalıdır, Şuşanın soyuq qış havasında hara uçduqları bilinmir- bəzi eko fəallar sosial mediada yazıb.

Samirə Qasımlı və Anar Məmmədli o qənaətdədirlər ki, aksiyaların təşkilində "qüsurlar olub və belə utancverici mənzərə yaranıb".

Aksiyanın mümkün nəticələri

Siyasi təhlilçi Əhməd Əlili aksiyaların mümkün nəticəsi haqqında iki ehtimal irəli sürür.

O deyib ki, birinci halda sülhməramlılarla etirazçılar danışsalar və nəticə müsbət olsa, bu, Moskva və Bakı arasında razılaşma ilə nəticələnə bilər.

"Hazırda Rusiya geri çəkilib və Ermənistan və erməni təşkilatlarının beynəlxalq platformalarla olan əlaqələrinə arxayındır. Moskvada hesab edirlər ki, Ermənistanın Avropa və Amerika təşkilatları ilə əlaqələri o qədər intensivdir ki, onlar Azərbaycan üzərində təzyiq formalaşdıra biləcəklər. Nəticədə Azərbaycan geri addım atmalı olacaq. Biz artıq görürük ki, Aəzrbaycanın beynəlxalq təzyiqlərə dözmək imkanı var", - Əhməd Əlili deyib.

Təhlilçi onu da bildirib ki, azərbaycanlı fəalların şüarlarında da dəyişiklik var və onlar ekoloji tələblərlə yanaşı, Laçın dəhlizinin Ermənistan tərəfdəki girişində Azərbaycan gömrük postunun qoyulması tələbini də səsləndirirlər.

Cənab Əlilinin ikinci proqnozuna görə, proseslər olduğu kimi qala bilər və bu da Azərbaycanın uğuru sayıla bilər.

"Əgər etirazçılara təzyiq olarsa Azərbaycan üçtərəfli bəyanatın pozulmasında onları günahlandırıb, eskalasiyaya hazırlaşa bilər".

Onun fikrincə, Türkiyəli generalın Azərbaycan müdafiə nazirinə müşavir təyin olunması və Türkiyə F-16-larının Azərbaycanda saxlanılması Azərbaycanın hərbi eskalasiyaya hazırlıqlı olması deməkdir.

Samirə Qasımlı deyib ki, o, Şuşa-Xankəndi yolundakı etirazlarla bağlı ciddi nəticə gözləmir. O, Azərbaycanın Rusiyaya qarşı güc istifadəsinin inandırıcı olmadığını bildirib.

Samirə Qasımlıya görə, indiyə kimi Azərbaycan hakimiyyəti Kremllə heç bir halda qarşıdurmaya getməyib.

gənclər

Şəklin mənbəyi, Azertag

Şəklin alt yazısı, Aksiyada iştirak edən bəzi iştirakçıların geyimində işarə olunan "Regional İnkişaf" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb.

Aksiyalar necə başladı?

Azərbaycanlı fəallar Şuşa-Xankəndi yolunda etirazlarını davam etdirirlər.

Onlar Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə faydalı qazıntı yataqlarının istismarının qarşısını almağı tələb ediblər.

Fəalların etiraz etdiyi yer Xankəndini (Stepanakert - ermənilər belə adlandırır.) Ermənistanla birləşdirən yeganə yolun üzərində yerləşir və tanınmamış "Dağlıq Qarabağ" təmsilçiləri Azərbaycanı yolu bağlamaqda ittiham edib.

Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək, Azərbaycana qarşı müvəqqəti tədbirlərin görülməsini və Laçın dəhlizinin açılmasını tələb edib.

Azərbaycan Xarici İşlər Nazirliyi etirazçıların yolu bağladığına dair iddiaları təkzib edib və Laçın dəhlizinin mülki avtomobillər üçün açıq olduğunu bildirib.

Azərbaycan mediası Rusiya sülhməramlılarına məxsus yük maşınlarının etiraz aksiyasının keçirildiyi Şuşa-Xankəndi yolunun etirazlar olan hissəsindən keçməsinin videosunu paylaşıb.

İki gün əvvəl "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində separatçı "Qarabağ hökumətinin dövlət naziri" Ruben Vardanyan Laçın yolunun bağlanması ilə əlaqədar bölgədə "böhran gözləntisi" olduğunu təkzib edib.

O, həmçinin bildirib ki, tərəflər arasında etimad olmadığından Azərbaycanın yolun mülki avtomobillər üçün açıq olduğuna dair verdiyi zəmanətlərə baxmayaraq, Qarabağ erməniləri yoldan istifadə etməyə hazır deyil.