Azərbaycanda zavod çörəyinin qiyməti qalxıb: 50 qəpiklik çörək 65 qəpik olub

- Müəllif, Redaksiya
- Vəzifə, BBC News Azərbaycanca
Azərbaycanda unun qiymətinin qalxmasından sonra 50 qəpiklik zavod çörəyi də 15 qəpik bahalaşıb.
Cümə axşamı BBC News Azərbaycancanın müxbiri bir neçə zəncir və məhəllə marketinə baş çəkib, məlum olub ki, cərşənbə günü 50 qəpiyə satılan zavod çörəyi artıq 65 qəpiyə satılır.
Bir zəncir marketdə isə hələ ki, qiymət dəyişməyib. Bunu BBC müxbirinə "qərarın olmaması" ilə izah ediblər.
"Real qiymət formalaşıb"
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti cümə axşamı günü xəbər yayıb ki, hazırda un və çörək məhsullarının "real qiyməti formalaşıb".
"İstehsalçılarla qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilmişdir: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpikdir".
Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərinin davam etdirildiyini bildirib.
İri un və çörək istehsalçıları bir neçə gün öncə əhaliyə müraciət edərək "zavod" çörəyi kimi təsnif olunan dairəvi çörəyin qiymətinin 10-15 qəpik artacağını bildirmişdi.
"Biz nəzarət edəcəyik ki, qiyməti artıq qaldırmasınlar," - İqtisadiyyat Nazirliyinin sözçüsü Abbas Əliyev çərşənbə günü BBC News Azərbaycancaya demişdi.
O əlavə etmişdi ki, "nəzarət sui-istifadə hallarına yol verilməməsi üçün olacaq".

"Axşam iclasda biləcəyik"
Çörəyin qiymətinin yanvarın 6-da artacağı ilə bağlı gözləntilər əvvəldən vardı.
Mağazalarda əksər alıcıların söhbət mövzusu çörəyin qiymətinin bahalaşacağı ilə bağlı idi. Elə satıcılar da vurğulayırdı ki, unun qiyməti artandan bəri alıcıların əsas sualı çörək qiymətlərinin nə qədər artacağı ilə bağlıdır.
Söhbətləşdiyimiz məhəllələrarası marketlərdən birinin satıcısı BBC News Azərbaycancaya demişdi ki, "ayın 6-da qiymətlər bahalaşacaq".
Böyük marketlər şəbəkəsindən birinin kassiri isə bahalaşma ilə bağlı hələlik məlumatlı olmadığını bildirmişdi.
Binə Çörək Zavodunun ekspeditoru demişdi ki, qiymət artımı ilə bağlı onlara "dəqiq nəsə" deyilməyib. "Axşam iclas olacaq. Yəqin orada biləcəyik. İndi sizə heç bir məlumat verə bilməyəcəm," -o bildirmişdi.
Bir neçə gün öncə "Nömrə1" Gilan Çörək Zavodunun əməkdaşı Ramin Qədirov BBC News Azərbaycancaya "çörəyin yeni qiymətlərinin yanvarın 5-də bəlli olacağını" söyləmişdi.

"Sərbəst bazardır"
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyir ki, "qiyməti sahibkar müəyyənləşdirir, İqtisadiyyat Nazirliyi yox".
"Bu, sərbəst bazardır. Biz nəzarət edəcəyik ki, qiyməti artıq qaldırmasınlar. Hər hansı sui-istifadə hallarına yol verilməsin," - o vurğulayır.
İri un istehsalçılarından biri olan Neon firmasının baş direktoru Arif Həsənov un qiymətlərinin bahalanacağı üçün 500 qramlıq çörəyin qiymətinin artaraq 50 qəpik ola biləcəyini söyləmişdi. 30 qəpiklik çörək üçün bu, 66 faiz artım deməkdir.
O, çörəyin qiymətinin bahalaşmasının iki səbəbini izah edib: Azərbaycanda hökumət subsidiyanı dayandırır və Rusiyada buğdanın qiyməti bahalaşır.
Arif Həsənov BBC Azərbaycancaya bildirmişdi ki, dekabrın 30-da onları İqtisadiyyat Nazirliyinə çağıraraq subsidiyanın dayandırılacağını bildiriblər.
Onun sözlərinə görə, hazırda bazarda 50 kiloluq un 35 manat 70 qəpik və ondan yuxarı qiymətə təklif olunur.
"Hökumət 50 kiloluq unun 26 manat olması üçün külli miqdarda pul xərcləyirdi. ...bizim zərərimizi qarşılayırdı".
Arif Həsənov deyir ki, qiymətlər Rusiyada buğdanın qiymətindən asılıdır: "Rusiyada hər həftə buğdanın qiyməti dəyişir. Hətta söz-söhbət var ki, fevral ayında Rusiya buğda satışına kvota qoysun".
O əlavə edib ki, indiyə kimi Rusiyada artan qiymətləri Azərbaycan hökuməti subsidiyalarla tənzimləyib, amma bundan sonra bu tənzimləmə un istehsalçılarının üzərinə düşəcək.
Baş direktor hazırda Qazaxıstandan buğda almağı düşündüklərini deyir: "İndiyə kimi heç qiymət də təklif eləmirdilər, amma indi başlayıblar qiymət təklif eləməyə. Hər halda, ucuz olmayacaq ki, baha olacaq".
Müxtəlif qiymətlər
50 kiloluq unun qiymətinin çörəyi də bahalaşdıracağını istisna etməyən Arif Həsənov bildirib ki, 500 qramlıq "zavod çörəyinin" qiymətinin 50 qəpik olması gözlənir.
Daha kütləvi istehlak olunan "zavod çörəyi"nin qiyməti çəkisindən asılı olaraq, indi 30-55 qəpik civarındadır.
Hazırda Azərbaycanın çörək bazarında müxtəlif çəkili zavod çörəkləri təklif olunur və çəki 500-700 qram arasında dəyişir.
"Bravo market"in veb səhifəsində 500 qramlıq Bravo zavod çörəyinin qiyməti 30 qəpik, Nur və Binə istehsalı olan eyni çörəyin qiyməti isə 50 qəpik kimi göstərilir.
"BazarStore" isə internet səhifəsində Gilan zavodunun istehsalı olan 600 qramlıq çörəyin qiymətini 55 qəpik, eyni çəkidə "Bakıxanov zavod çörəyi"nin qiymətini isə 49 qəpik olaraq göstərib. Bu veb səhifədə 700 qramlıq "Çörəkçi zavod çörəyi"nin qiyməti 55 qəpikdir.
Xırdalandakı çörək zavodlarından birindən BBC-yə deyiblər ki, bu gün çörəklərin qiymətində artım, çəkisində isə fərq olmayıb.

Şəklin mənbəyi, Azertag
Maaşlar
İqtisadi təhlilçi Natiq Cəfərli düşünür ki, hazırkı bahalaşma əhalinin gəlirlərinə də təsir edəcək.
Azərbaycanda Prezident İlham Əliyevin fərmanı ilə minimum əmək haqqı yanvar ayından etibarən 20 faiz - 250 manatdan 300 manata artırılıb.
"Amma problem ondan ibarətdir ki, hökümət inflasiyanı iqtisadi alətlərlə nəzarəti altına ala bilməsə, maaş və təqaüd artımı inflyasiyanın qurbanına çevriləcək."
Natiq Cəfərli deyir ki, Azərbaycanda keçən il real gəlirlər azalıb və ərzaq qiymətləri inflyasiya nəticəsində artıb.
"Əgər eyni infyasiya sürəti Azərbaycanda davam edəcəksə, onda bu ilki maaş və təqaüd artımı gələn ilin iflyasiyasının qurbanına çevriləcək", iqtisadçı qeyd edib.
Buğda niyə yoxdur?
"Problemin kökü ondadır ki, Azərbaycanda bütün təbii imkanların olmasına baxmayaraq, ölkəmiz özü-özünü ərzaq buğdası ilə tam təmin edə bilmir", Natiq Cəfərli deyir.
Onun fikrincə, seleksiyadan, toxumçuluqdan tutmuş, suvarma və məhsuldarlığın aşağı olmasına qədər problemlər mövcuddur.
"Təəssüf ki, bu problemlər illərdir ki, həll edilmir və nəticədə, xaricdən asılılığımız artır", - o deyib.
Təhlilçinin qənaətinə görə, əhali artdıqca ərzaqlıq buğdaya da tələbat ildən-ilə artır. "Həm də çörək istehlakına görə Azərbaycan adambaşına dünyada bu göstəricinin ən çox olan ölkələrdən biridir, son statistikaya görə, Azərbaycan vətəndaşı ildə təxminən 130 kiloqram çörək istehlak edir ki, bu da kifayət qədər böyük rəqəmdir", - Natiq Cəfərli deyib.
Neon firmasının baş direktoru Arif Həsənov hesab edir ki, Azərbaycan iri buğda istehsalçına çevrilərsə, buğdanın qiymətinin xarici faktorlardan asılılığı azalar: "İşğaldan azad edilmiş ərazilərimizdə kifayət qədər sahələr var ki, taxılçılığı bərpa edək".








