Azərbaycanda yerli bazarın "indikatoru" yumurtanın qiyməti yenidən artıb. Niyə?

yumurta, yumurta istehsalı, xarici yem, monopoliya, inhisarçılıq

Şəklin mənbəyi, azertag.az

Şəklin alt yazısı, Yumurta istehsal edən quşçuluq cəmiyyətləri qiymətdə yemi xaricdən idxal etdiklərini deyirlər.
    • Müəllif, Redaksiya
    • Vəzifə, BBC News Azərbaycanca

Azərbaycanda toyuq yumurtası bahalaşıb - media ağ yumurtanın qiymətinin 12 qəpikdən 19 qəpiyə, sarı yumurtanın isə 19 qəpikdən 22 qəpiyə qalxdığını yazır. "Kənd yumurtası" adı altında satılan yumurtanın topdansatış qiyməti 25 qəpikdən 30 qəpiyə qalxıb.

Bəzi ekspertlərə görə, yumurtanın qiyməti yerli bazarın sanki bir "indikatoru" rolunu oynayır.

"Ümumi trend"

"Azərbaycanda son zamanlarda bütün sahələrdə qiymət artımının sürət yığdığının şahidi oluruq", - iqtisadi məsələlər üzrə təhlilçi Natiq Cəfərli BBC News Azərbaycancaya bildirib.

"Bu bahalaşmaya gətirib çıxaran səbəblərin aradan qalxmadığını nəzərə alanda isə bu qiymət artımının, inflyasiya dalğasının davam edəcəyini ehtimal etmək olar", Cəfərli düşünür.

Azərbaycanda bahalaşan ərzaq qiymətləri

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images

İqtisadçı hesab edir ki, yumurtanın bu dəfəki bahalaşmasının əsas səbəblərindən biri "ilin əvvəlində dizel yanacağının 34 faiz bahalaşması" olub, digər bir səbəb isə "ölkənin idxaldan asılılığıdır".

"Ərzaq məhsullarında ölkənin az qala yarıbayarı idxaldan asılı vəziyyətə düşməsi qiymət artımının əsas faktorlarından birinə çevrilib. O cümlədən, əhalinin ən çox istehlak etdiyi məhsul növlərində də qiymət artımı nəzərə çarpacaq dərəcədədir," - təhlilçi vurğulayıb.

Natiq Cəfərli ərzağın bahalaşmasının hazırda ümumi trendə çevrildiyini qeyd edir.

"İstehsalçıların xərclərinin artması fonunda onlar da qiymətləri artırmaq məcburiyyəti qarşısında qalırlar. Dizel yanacağının qiymətilə əlaqəli həm logistika, yəni daşıma xərcləri artır, həm yem qiymətləri artır, həm də xaricdən idxal olunan məhsullarda qiymət artımı müşahidə olunur," - ekspert xatırladıb.

Onun qənaətinə görə, "artıq daxili bazarda qiymətləri nəzarət altında saxlamaq, tənzimləmək mümkünsüz hala çevrilməkdədir".

"Nəticədə bir çox ərzaq məhsullarında olduğu kimi, yumurtanın da qiymətində ciddi artım müşahidə olunur", - Cəfərli bildirib.

"Marketlər istədiyini edir"

BBC erzaq

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyub Hüseynov yumurtanın bahalaşması ilə bağlı onun təşkilatına da telefon zənglərinin daxil olduğunu deyir.

O hesab edir ki, bahalaşma satış şəbəkəsində baş verir.

"Broyler fabriklərində son 3 ayda yumurtanın çıxış qiyməti sabitdir, təxminən 15-16 qəpik civarındadır", - Hüseynov BBC News Azərbaycancaya söyləyib.

İstehlakçı maraqlarının müdafiəçisi yumurtanın bahalaşmasında "marketlərin xüsusi rol oynadığının" qənaətindədir: "Qazancı götürmək üçün qiyməti qaldırırlar. Broylerlərdə son üç ayda qiymət dəyişmədiyi halda, marketlər əhalidən əlavə pul çəkir."

Eyub Hüseynov eyni zamanda qiymət artımına mövsümü amillərin də təsir göstərdiyini qeyd edib: "Hazırda yumurtaya tələbat artıb. Çünki kənd təssərüffatı məhsullarının, gündəlik istifadə olunanan məhsul artıq azalması başlayıb. Məsələn, bu günlərdə pomidora qiymətin artması barədə məlumat bizə çatıb. Belə proseslər fonunda yumurtanın da qiymətində artım başlayıb."

Eyyub Hüseynov yumurtanın bahalaşmasının ilk növbədə imkansız təbəqəyə daha çox yük olduğunu düşünür: "Çünki ailələr üçün yumurta gündəlik istehlak edilən ərzaq növüdür."

"Əhalinin sosial vəziyyəti aşağı olan, xüsusilə pandemiya şəraitində yumurta istehlakına çox fikir verən əhalinin təbəqəsi daha çox əzab çəkəcək, istər-istəməz çoxuşaqlı ailələr, sosial vəziyyəti nisbətən yaxşı olmayan insanlar bundan əziyyət çəkəcəklər", - o deyib.

Hüseynov hesab edir ki, yumurtanın qiymətinin qalxması bundan sonra da davam edə bilər: "Çünki Azərbaycanda bir dəfə qalxan qiymət bir daha enmir."

"Sürətlə dəyişən"

Bakıda yumurta

Ancaq son illərin statistikası Azərbaycanda yumurtanın qiymətində yalnız artımın yox, enmələrin də olduğunu göstərir.

Təkcə bu ilin əvvəlindən yumurtanın qiymətində qış aylarında və Novruz Bayramı ərəfəsində artm olduqdan sonra aprel və may aylarında ucuzlaşma baş verib.

Rəsmi statistikaya görə, bu ilin aprel ayında marta nisbətən yumurtanın qiyməti 2,1 faiz ucuzlaşıb. Mart ayında da fevral ayına nisbətən yumurtanın qiyməti 0,3 faiz aşağı düşüb.

Digər tərəfdən, fevral ayında yanvar ayına nisbətən yumurtanın qiyməti 3,4 faiz, yanvar ayında isə ötən ilin dekabrına nisbətən yumurta 5,9 faiz bahalaşmışdı.

Mediada gedən məlumatlara görə aprel-may aylarında yumurtanın qiyməti bazarda 18-20 qəpik arasında dəyişib.

Həmin dövrdə Azərbaycan Quşçular Cəmiyyətinin Aydın Vəliyev yerli mediaya bildirmişdi ki, yumurtanın çeşidindən asılı olaraq istehsalçılar yumurtanı mağazalara "12-14 qəpikdən verirlər."

"Mağazalarda satılan yumurtaların qiyməti isə istehsalçının qoyduğu qiymət deyil", Vəliyev qeyd edib.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri hələ bu ilin əvvəlində "yumurtanın qiymətinin bahalaşacağının" qaçılmaz olduğunu deyib: "Bu, bizdən asılı deyil, xaricdə yem bahalaşıb."

"Xaricdə yem və yem əlavələrinin qiyməti 30-40 faiz bahalaşıb. Eyni zamanda, yem və yem əlavələri ölkəyə idxal edilən zaman 18 faizlik əlavə dəyər vergisinə cəlb edilir", - cəmiyyət sədri qeyd edib.

İqtisadçı-ekspert Rəşad Həsənov "yumurtanın qiymətinin sürətlə dəyişən" olduğunu qeyd edib.

"Qiymət tələb və təklif əsasında formalaşır. Xüsusilə soyuq aylarda istehsal imkanları məhdudlaşır, məhsuldarlıq aşağı düşür və belə olanda isə qiymətlər də artır", Həsənov Sputnik Azərbaycan nəşrinə bildirib.

Ekspertlər qeyd edirlər ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşəndə ucuz qida məhsullarına, o cümlədən yumurtaya da, tələb artır.

"Yerli istehsal yetərli deyil"

İqtisadi məsələlər üzrə təhlilçi Natiq Cəfərli hazırkı bahalaşmanın "problemləri üzə çıxardığını" vurğulayıb.

"Bu həm də onu göstərir ki, yerli istehsal yetərli deyil, tələbatı ödəyəcək səviyyədə deyil, istər-istəməz xaricdən, əsasən Türkiyə və Gürcüstandan və bəzi hallarda Rusiyadan da bu məhsullar idxal olunur. Və nəticə etibarıylə də idxal xərclərinin artması, daşınma xərclərinin artması, ümumilikdə dünyada ərzaq indeksinin bahalaşması fonunda ərzaq məhsullarınının bahalaşması nəticə etibarıylə də Azərbaycan bazarına da ciddi təsir göstərir", - Natiq Cəfərli BBC News Azərbaycancaya söyləyib.

Təhlilçi hesab edir ki, bu bahalaşmanı aradan qaldırmaq üçün tez görülə biləcək yeganə tədbir gömrük rüsumları ilə bağlı ola bilər: "Gömrük rüsumları heç olmasa müvəqəqəti olaraq ya aşağı salınsın, ya ümumiyyətlə sıfırlansın ki, xarici bazarlardan gələn məhsullar daha da ucuzlaşsın və yerli məhsularla rəqabətli şəkildə bazarda qiymət balansı yarada bilsin."

Orta və uzun müddətli addımlar isə, onun qənaətinə görə, ölkənin bu məsələdə xaricdən asılılığının aradan qaldırılmasına yönəldilməlidir: "Çünki bu gün bir çox yem qatqılarından, dərman preparatlarından, damazlıq yumurtadan kifayət qədər xaricdən asılıyıq və bu yerli istehsalın genişlənməsinə mane olan əsas faktorlardan birinə çevrilib".

"Dövlət təşviq siyasəti nəticəsində yeni quşçuluq fermaları yaradılmalı, onlar yem bazası ilə təmin edilməli, damazlıq yumurta ilə bağlı problemlər həll olunmalıdır", Natiq Cəfərli əlavə edib.