Suriya düşərgələrində saxlanılan 11 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb

Azərbaycan Suriyada olan 11 vətəndaşını geri qaytarıb

Şəklin mənbəyi, Getty Images

Cümə axşamı günü Azərbaycan Suriyadakı düşərgələrdə olan 11 nəfər vətəndaşını ölkəyə qaytarıb.

Ölkəyə qaytarılanların 8-i uşaq və 3-ü qadındır, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirib.

Nazirlik bildirib ki, geri qaytarılan şəxslərinə yeri müəyəyən edildikdən sonra onlar Türkiyəyə aparılıblar və orada Azərbaycan dövlət qurumlarının nümayəndələri onları ilkin tibbi və psixoloji müayinədən keçirib sonra ölkəyə gəlmələrini təmin ediblər.

Nazirliyin məlumatına görə, ölkəyə qaytarılmış şəxslərin sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə işlər görüləcək.

Suriya düşərgəsində saxlanılan 12 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb

Şəklin mənbəyi, Getty Images

Əvvəl gələnlər

Bundan əvvəl 2021-ci ilin noyabrında Azərbaycan Suriyadakı düşərgədə saxlanılan 12 vətəndaşını ölkəyə qaytarıb.

XİN-n məlumatına görə həmin vaxt ölkəyə gətirilən azərbaycanlılar Suriyada Cerablus şəhərindəki Amerna düşərgəsində olublar.

Qurum gətirilən 12 azərbaycanlının cins və yaş məlumatlarını açıqlamayıb.

Nazirlik bildirib ki, hökumətin "mərhələli və əlaqələndirilmiş tədbirlər" nəticəsində azərbaycanlıların qaytarılmasına nail olunub.

"Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız "Azərbaycan Respublikasına qayıdış şəhadətnamə"ləri ilə təmin edilib və 24 noyabr tarixində qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası həyata keçirilib", - Azərbaycan XİN bildirib.

Nazirlik elan edib ki, ölkəyə gətirilən vətəndaşların reabilitasiyası və reinteqrasiyası üçün tədbirlər görüləcək.

2021-ci ilin oktyabrında Azərbaycan İraqın cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan 38 uşağı ölkəyə qaytarıb.

XİN həmin vaxt elan edib ki, ölkəyə İraqdan 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan vətəndaşı gətirilib.