Uşağıma koronovirus barədə nə deyim?

Şəklin mənbəyi, Getty Images
Dünya boyunca sürətlə yayılan koronavirus haqqında müntəzəm olaraq yeni məlumatlar ortaya çıxır.
Virusdan irəli gələn təhlükələr bir çox insanı narahat etməkdədir. Onlar arasında məsləhət üçün adətən valideynlərinə üz tutan uşaqlar da var.
Bəs görəsən, qorxu və ya narahatlıq hissi keçirən uşaqlara virus barədə necə danışmalı?
Özünə əminlik
Altı yaşlı oğlan uşağının atası olan, ingiltərəli ailə həkimi Punam Krishan BBC Radio Scotland proqramına bunları deyib: "İlk növbədə narahatlığı aradan qaldırıb, özünə əminlik hissi yaratmaq lazımdır. Uşağa demək olar ki, bu, soyuqdəymə, ishal və ya ürək bulanmasına səbəb olan viruslardan biridir".


Həkim tövsiyəsinə əsasən, valideyn öz övladı ilə "həqiqətən də açıq, dürüst və səmimi" şəkildə danışmalıdır.
"Elə mənim özüm də belə edirəm və məni görməyə gələn digər valideynləri də məhz bunu etməyi həvəsləndirirəm".
Koronavirus kimi mövzularda uşaqla danışmağın düzgün tərzi onun yaşına görə müəyyən edilməlidir, uşaq psixoloqu dr. Richard Woolfson belə düşünür.

Şəklin mənbəyi, Getty Images
"Daha azyaşlı uşaqlarda, yaşları yeddi və ya altıdan aşağı olanlarda virus barədə söhbət böyük bir ehtimalla nigarançılıq hissi yarada bilər".
Richard Woolfson deyir ki, uşaqda qorxu hissi yaratmamaq üçün ona ürək-dirək vermək lazımdır.
"Əvvəlcə uşağınıza ürək-dirək verin. Deyin ki, nə olacağı bilməsəniz də, "hər şey yaxşı olacaq, hər şey qaydasında olmalıdır. Bəzi insanlar bu virusa yoluxsa da, hər şey yaxşı olacaq."
Əməli addımlar
Dr. Woolfson-un etirafına əsasən, övladınızın virusa yoluxub-yoluxmayacağını dəqiq bilmək mümkün deyil. Amma uşağınızı əbəs yerə narahat etməkdənsə, nikbin olmaq daha məntiqli görünür.
"Uşaqları arxayın etmək kifayət etmir, onlara həmçinin daha çox imkan vermək lazımdır".
Uşaqlara əməli addımlar öyrətmək lazımdır. Bu onların virusa yoluxma şanslarını azaltmaqla yanaşı, vəziyyətə nəzarət hissini də artıra bilər.

Şəklin mənbəyi, Getty Images
Uşaqlara xatırlatmaq olar ki, "özününün və hamının sağlamlığını qoruyacaq müəyyən şeylər var, misal üçün - müntəzəm olaraq əlləri yuyub təmiz saxlamaq və s."
Deyilənlərlə razılaşan dr. Krishan əlavə edir ki, "virusun qarşısını almaq naminə infeksiyaya nəzarət, özünüqoruma qaydalarının aşılanması həqiqətən də böyük əhəmiyyət kəsb edir."
O tövsiyə edir ki, uşaqlarla əllərin təmiz saxlanması kimi mövzular müzakirə olunsun.
Virusun qarşısını almaq
Uşaqlarla gigiyena barədə danışmaq yalnız narahatlığı aradan qaldırmaq məqsədini daşımır.
Uşaqlar hər şeyə maraq göstərir, onların əşyalara toxunmaqdan xoşu gəlir. Uşaqlar içki və yeməklərini bölüşməyi də sevir.
Məhz bunlara görə, uşaqlar infeksiyanın ötürülməsində əsas mənbələrdən biri sayılır, dr. Krishan belə deyir.

Şəklin mənbəyi, Getty Images
"Biz onlara bu həyati bacarığı ən gənc yaşlarından öyrətməliyik."
Övladlarınıza effektiv gigiyena qaydalarını aşılamaq bütöv cəmiyyətin qorunmasına xidmət edə bilər.
Saxta xəbərlər
Dr. Woolfson deyir ki, uşaqlarda əmələ gələn narahatlıq hissi valideynlərdən irəli gələ bilər.
"Şübhəsiz ki, gənc yaş qrupuna aid uşaqlara valideynlərin təsiri çox böyük olur."
Onlar valideynlərin narahatlığını, həyəcan keçirdiyini görsələr, valideynlərin dostları ilə etdikləri söhbətləri eşitsələr, bundan daha çox təsirlənərlər".

Şəklin mənbəyi, Getty Images
Valideynlər övladlarının qarşısında öz davranışlarına hakim ola bilər. Lakin onların məktəbdə baş verənlərə nəzarət etmək imkanları yoxdu.
"Mənim on iki, on və səkkiz yaşlı nəvələrim bir çox uydurmalar barədə danışır", dr. Woolfson deyir.
"Hər biri məktəbə kiminsə gəldiyini, onların başqa bir yerdə olduğunu və daha sonra həmin şəxslərin evə göndərildiyi barədə danışır, belə şeyləri onların hamısı danışır. Bu, belə hekayələrin necə bir sürətlə yayıldığını göstərir. Uşaqları sakitləşdirmək və onlarla açıq danışmağın çox vacib olduğunu düşünürəm."
Yeniyetmələr
Valideynlərinə daha az güvənib, baş verən hadisələr barədə xəbər almaq üçün əsasən öz dostlarına üz tutan yeniyetmələrlə bağlı vəziyyət bir qədər fərqlidir.
"Yeniyetmələrin öz məlumat şəbəkələri var", - dr. Woolfson deyir.
"Onlar daha çox öz həmyaşıdlarına güvənir. Təbii ki, problemlərdən biri də budur ki, yeniyetmələr konkret olmağa meyllidir.
14 yaşlı yeniyetməyə "Hər şey yaxşı olacaq!" demək birmənalı qarşılanmaya bilər. Çünki o, "Sən haradan bilirsən ki?" cavabını qaytara bilər.

Şəklin mənbəyi, Getty Images
Beləliklə, yaşı nisbətən çox olan övladınızla mübahisə ehtimalı xeyli yüksəkdir. Çox güman ki, onlar sizin dediklərinizi qəbul etməsinlər".
Ancaq bütün uşaqlara məxsus olan ortaq cəhət də var.
"Söhbət, yaş qrupundan asılı olmayaraq, uşağın istədiyi fikri söyləyə biləcək atmosferin yaradılmasından gedir".









