Ermənistan Dağlıq Qarabağa 27 milyon dollar ayıracaq

Şəklin mənbəyi, Minfin.am
Ermənistan Dağlıq Qarabağa 27 milyon dollar ayıracaq. Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Sünik (Zəngəzur) vilayətində yaranmış vəziyyətə görə "məsuliyyətdən boyun qaçırmağa çalışmır". Ermənistan baş nazir müavini regionda hansı yolların açılmasının müzakirə olunduğunu deyib. Azərbaycan hökuməti İraqda cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan 38 azərbaycanlı uşağı ölkəyə gətirib - ətraflı BBC News Azərbaycancanın icmalında.
Ermənistan Dağlıq Qarabağa 27 milyon dollar ayıracaq
Ermənistan hökuməti noyabr ayı xərcləri üçün Dağlıq Qarabağa təxminən 27 milyon dollar ayırır.
"Belə qərar artıq beşinci dəfə qəbul olunur. İyula kimi kredit çərçivəsində 65 milyard dram (təxminən 137 milyon dollar) ayrılıb. İyuldan başlayaraq ümumi məbləğin həcmi daha 57 milyard drama artırılıb", - çərşənbə günü növbəti hökumət iclasında layihəni təqdim edən maliyyə naziri Tiqran Xaçatryan deyib.
Onun sözlərinə görə, bu məbləğ maaşların və təqaüdlərin ödənməsinə, uşaqlar üçün maddi yardıma, kənd icmalarına dotasiya paylanmasına və əhalinin qaz, elektrik və rabitə xərclərinin ödənilməsi üçün kompensasiya kimi veriləcək.
Nazir deyib ki, sentyabr ayından Ermənistan yalnız sosial məsələlərin həlli üçün deyil, iqtisadi proqramların həyata keçirilməsi üçün də pul ayırır. Məsələn, yaşayış problemlərin həlli, infrastrukturun abadlaşdırılması və kənd təsərrüfatının inkişafına.
Baş nazir Nikol Paşinyan isə deyib ki, "bu il ərzində Dağlıq Qarabağa 120 milyard dram (təxminən 253 milyon dollar) ayrılıb, gələn ildə isə 144 milyard dram ayrılacağı planlaşdırılır".
Bir il əvvəl 44 günlük müharibədən sonra Azərbaycanın Qarabağ bölgəsində erməni əhali yaşayır və bura və Laçın dəhlizinə bölgəyə yerləşdirilmiş rus sülhməramlıları nəzarət edir.
Azərbaycan Dağlıq Qarabağ adında ərazinin mövcud olmadığını, Ermənistan isə münaqişənin başa çatmadığını, bölgənin statusunun öz həllini gözlədiyini deyir.
Bu ilin yayında Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb.
Paşinyan: "Qoşunların geri çəkilməsi əmrini mən vermişəm"

Şəklin mənbəyi, Getty Images
Ermənistan Baş naziri Nikol Paşinyan Milli Məclisdə hökumət saatı vaxtı deyib ki, Sünik (Zəngəzur) vilayətində yaranmış vəziyyətə görə məsuliyyətdən boyun qaçırmağa çalışmır.
O bunu keçmiş prezident Robert Koçaryanın himayə etdiyi müxalif "Hayastan" parlament fraksiyasının üzvü Anna Qriqoryanın sualına cavab olaraq çərşənbə günü deyib. Anna Qriqoryan soruşmuşdu ki, 2020-ci ilin dekabrında Azərbaycan hərbçilərinin Sünikdə lap yolların yaxınında peyda olmasına səbəb olan, erməni qoşunlarının geri çəkilməsinə kim əmr verib.
Paşinyan deyib ki, belə qərar qəbul olunmasaydı, orada döyüşlər başlanardı.
"Qərar müharibədən qacınmaq üçün qəbul olunub, çünki mən əmin idim ki, bu qərar olmasaydı, orada döyüş əməliyyatları başlanardı və biz həqiqətən Sünikdə ciddi problemlərlə üzləşərdik... Biz onlarla kilometr qabaqda dayanmışdıq, lakin, təəssüf, gəlib bu yerə çatdıq", - o deyib.
"Siz demək istəyirsiniz ki, qoşunların geri çəkilməsinə əmr verən şəxs Vağarşak Harutyunyandır [o vaxt Ermənistan müdafiə naziri olub]?" - millət vəkili davam edib.
"Yox, qoşunların geri çəkilməsinə mən əmr vermişəm, Vağarşak Harutyunuan həmin əmri yerinə yetirib", - Paşinyan etiraf edib.
Ötən ilin dekabrında Ermənistan ordusu Qafan ətrafındakı yüksəklikləri tərk etməklə öz postlarını Qafan meri Gevorq Parsyanın təbirincə, "Sovet sərhədlərinə"-dək çəkmişdilər.
Bu, Ermənistan-Azərbaycan-Rusiya arasında imzalanmış üçtərəfli razılaşmaya əsasən həyata keçirilib.
Bu hadisə Ermənistanda qəzəb yaratmış, günlərlə davam etmiş Baş nazir Nikol Paşinyanın istefasına səsləyən etirazları daha da qızışdırmışdı
Bu hadisədən əvvəl Ermənistan mənbələri yazıb ki, Azərbaycan hərbçiləri Ermənistanın Sünik vilayətinin sərhəd əraziləri olan Şurnux və Vorotan kəndlərinə gedərək rus sərhədçilərlə danışıqlar aparıb və Gorus-Qafan yolunun sağ tərəfinə düşən, bağların və 12 evin olduğu ərazinin Azərbaycanın ərazisinə düşdüyünü deyib.
Bu barədə indiyədək nə Azərbaycan, nə də Rusiya rəsmiləri şərh veriblər.

Şəklin mənbəyi, Gov.am
Ermənistanın baş nazir müavini: "Yeni yolların açılması müzakirə olunmur"
Ermənistan baş nazir müavini hansı yolların açılmasının müzakirə olunduğunu deyib.
Ermənistan, Azərbaycan və Rusiya baş nazi müavinlərinin rəhbərliyi ilə fəaliyyət göstərən işçi qrup hələ ki yalnız əvvəllər də işləyən yolların açılmasını müzakirə edir, parlament üzvlərinin növbəti sual-cavab saatı zamanı Ermənistan baş nazir müavini Mher Qriqoryan deyib.
Onun sözlərinə görə, yeni yolların açılması, 11 yanvar 2021-ci il birgə bəyanatın müddəalarından irəli gəlmədiyinə görə, müzakirə olunmur.
İndi işçi qrup keçmiş Sovet İttifaqının cənub sərhədi boyunca, xüsusən, Yerevan, Naxçıvan, Meğri və oradan şərqə uzanan dəmiryolun açılmasını müzakirə edir, o deyib.
"Avtomobil yolların sözügedən marşrut üzrə açılması müzakirə olunmur, çünki, bir daha deyirəm ki, biz 11 yanvar bəyanatı çərçivəsində hərəkət edirik, orada isə yalnız keçmiş kommunikasiyaların bərpa olunması bəhs olunur", - Mher Qriqoryan əlavə edib
O deyib ki, avtomobil yolların üzərindən blokadanın götürülməsi məsələsi üzrə hələ ümumi anlaşma yoxdur və Mardakert-Vardenis yolun üzərindən blokadanın götürülməsi məsələsi müzakirə olunmur.
Oktyabrın 20-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə keçirilmiş üçtərəfli işçi qrupun 8-ci iclasında Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri nəzərdən keçirilib.
Rusiya hökumətinin yaydığı məlumata görə, iclasda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanat çərçivəsində görülən işlərin gedişi müzakirə olunub.
Azərbaycan görüşlə bağlı təfərrüatlı məlumat verməyib.
Azadlıq Radiosunun erməni xidməti yazır ki, görüş bağlı qapılar arxasında keçib.
Media orqanı öz mənbələrinə istinadən xəbər verir ki, tərəflər əsas məsələlərlə bağlı hələ razılığa gələ bilməyiblər.
Azərbaycan və Ermənistan 1 il əvvəl baş vermis və 44 gün çəkmiş İkinci Qarabağ müharibəsindən sonra regionda nəqliyyat kommunikasiyalarının açılmasını istəsələr də, hələlik bu istiqamətdə konkret addımlar atılması üçün razılığa gələ bilməyiblər.

Şəklin mənbəyi, Getty Images
İraqda saxlanılan 38 uşaq Azərbaycana qaytarılıb
Cümə axşamı günü İraqın cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan 38 uşaq Azərbaycana qaytarılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, hökumət buna "koordinasiyalı və mərhələli tədbirlər" həyata keçirməklə nail olub.
Nazirliyin məlumatına görə, əvvəlcə onların yeri və Azərbaycan vətəndaşlığı müəyyənləşdirilib.
"Onlar Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib. Uşaqların İraq və Suriyadan gətirilməsi üçün onların repatriasiya və reabilitasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Bağdad şəhərinə ezam edilib. İşçi Qrupunun üzvləri tərəfindən Azərbaycan vətəndaşlarının ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib", - Azərbaycan XİN bildirib.
Uşaqlar Azərbaycan nümayəndə heyətinin müşayiəti ilə Bağdad-İstanbul-Bakı marşrutu üzrə ölkəyə gətirilib.
Qurum bildirib ki, gəldikdən sonra uşaqların reinteqrasiyası və reabilitasiyası üçün lazımi tədbirlər görüləcək.
XİN bildirib ki, indiyədək İraqdan 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan vətəndaşı gətirilib.







