Moskva NATO-dakı missiyasının işini dayandırır

Sergey Lavrov

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Rusiya XİN başçısı Sergey Lavrov

Rusiya NATO-da öz daimi nümayəndəliyinin işini dayandırır, bazar ertəsi günü Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

"NATO-nun hərəkətlərinə cavab olaraq, biz NATO nəzdində öz daimi nümayəndəliyimiz, o cümlədən, baş hərbi nümayəndəmizin işini dayandırırıq. Yəqin ki, noyabrın 1-dən və ya bu daha bir neçə gün tələb edər", - Lavrov Moskvada mətbuat konfransında deyib.

"İkincisi, NATO-nun Moskvada hərbi rabitə missiyasının fəaliyyətini dayandırırıq, onun əməkdaşlarının akkreditasiyası bu il noyabrın 1-dən ləğv olunar. Və, üçüncüsü, NATO-nun Moskvada Belçika Krallığı səfirliyi nəzdində təsis olunmuş informasiya bürosunun fəaliyyəti dayandırılır", - Rusiya XİN başçısının sözlərini İnterfaks agentliyi sitat gətirir.

Onun sözlərinə görə, NATO-nun Rusiya ilə hər hansı təcili işləri olarsa, "onlar bu məsələlərlə Rusiyanın Belçikadakı səfirinə müraciət edə bilərlər".

Lavrov qeyd edib ki, "NATO-nun beynəlxalq katibliyi Rusiyanın cavab tədbirləri haqqında artıq xəbərdar edilib".

Nazirin sözlərinə görə, oktyabrın 6-da NATO rəsmən bildirib ki, Şimali Atlantika alyansının baş katibi Jens Stoltenberg noyabrın 1-dən NATO-da Rusiyanın daimi nümayəndəliyinin səkkiz əməkdaşının akkreditasıyasını ləğv etmək qərarı verib. Bundan başqa, həmin nümayəndəliyinin, inzibati-texniki heyəti də daxil, ümumi tərkibi 10 nəfərədək ixtisar edilməsi nəzərdə tutulur.

"Bu addımın səbəblərini izah etmək üçün heç bir addım belə atılmayıb. Bu qərarın elan olunmasından bir neçə gün əvvəl biz cənab Stoltenberg ilə Nyu-Yorkda görüşmüşük, o hər vəchlə, Şimali Atlantika alyansının Avropa kontinentində gərginliyin zəiflənməsi naminə Rusiya Federasiyası ilə münasibətlərin normallaşmasında, özünün dediyi kimi, səmimi maraqlı olmasını qeyd edirdi", - Lavrov bildirib.

Cənab Stoltenberg Rusiya diplomatlarının akkreditasiyasının ləğv edilməsinin hər hansı konkret işlərlə bağlı olmadığını bildirib.

O deyib: "Biz NATO nəzdində səkkiz Rusiya missiyası üzvlərinin akkreditasiyasını ləğv etmişik. Onlar missiya üzvləri adı altında işləyən kəşfiyyat xidməti əməkdaşları olub".