"Füzulinin kəndlərində hər evin azı 12 sot torpağı olacaq", - İlham Əliyev

Şəklin mənbəyi, Azərtac
Azərbaycan Prezidenti "Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub", Füzuli hava limanı beynəlxalq status alıb. İlham Əliyev gələn ilin büdcəsində maaş və pensiyaların artırılmasını nəzərə almağa tapşırıb. Bakı: Azərbaycanın atəşkəsi pozması barədə Ermənistanın məlumatı "yalandır" - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı deyib ki, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır və Azərbaycan bu işləri "heç kimdən asılı olmayaraq, öz vəsaiti hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən" görəcək.
O söyləyib ki, uzun illər həm torpaqların azad edilməsi üçün Azərbaycan ordusu gücləndirilib, həm də post-müharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün texniki imkanlar, maliyyə resursları, intellektual və kadr potensialı yaradılıb.
İlham Əliyev söyləyib ki, Azərbaycan xalqının əzmkarlığı ona "güc verib", çünki işğal olunmuş torpaqları görməyən gənclər "həmin torpaqlar uğrunda ölümə" gedirdilər.
"Biz həmişə bir arzu ilə, bir fikirlə yaşamışdıq ki, gün gələcək, ədaləti bərpa edəcəyik, xalqımızın üstündən "məğlubedilmiş" sözünü atacağıq, qürurlu xalq kimi, müzəffər xalq kimi yaşayacağıq və bu gün gəldi. Əgər xalqımız buna inanmasaydı, əgər cəmiyyətimiz bizim o sahədəki siyasətə dəstək olmasaydı, müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı".
Prezident deyib ki, o, gələn ilin sonunadək beş kəndi birləşdirəcək "Ağıllı kənd" konsepsiyasının keçmiş məcburi köçkünlərin sərəncamına veriləcəyinə ümid edir.
İlham Əliyev bildirib ki, Füzuli rayonunda birinci mərhələdə 450, sonrakı mərhələdə 300 evin tikintisi nəzərdə tutulur: "Torpaq da yaxşı, münbit torpaqdır. İndi aparılan şum, səpin, əkin o məqsədi güdür ki, vaxt itirməyək, bu torpağı artıq diriliyə gətirək. Ona görə camaat qayıdandan sonra, əlbəttə ki, yenidən bölgü aparılacaq. Bir də ki, burada həyətyanı torpaqlar da nəzərdə tutulur, mənə məruzə edildi. Kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq.

Şəklin mənbəyi, Azertag
Azərbaycan Prezidenti Füzuli-Ağdam avtomobil yolunun, Azərişıq ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin, Füzulidə ilk yaşayış binalarının, Füzuli rayonunun Dövlətyarlı kəndində yeni "ağıllı kənd"in təməllərini qoyub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar.
Onlar daha sonra Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar, parkda ağac əkiblər.
Cənab İlham Əliyev həmçinin "Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub", rəsmi məlumatda deyilib.
Azərbaycan Prezidenti "Füzuli Memorial Kompleksinin (Füzuli İşğal Muzeyi və Memorial Parkı, Füzuli Zəfər Muzeyi, Füzuli Zəfər Abidəsi və Füzuli Bayraq Meydanı) layihələndirilməsi və tikintisi məqsədilə" Mədəniyyət Nazirliyinə ilkin olaraq 1,5 milyon manat məbləğində vəsaitin ayrılması barədə sərəncam imzalayıb.
Füzuli aeroportuna beynəlxalq status və IATA kodu verilib

Şəklin mənbəyi, AZAL
Füzuli hava limanına beynəlxalq status verilib, bu barədə müvafiq qərar Azərbaycanın Baş naziri Əli Əsədov tərəfindən imzalanıb, AZAL-ın mətbuat xidməti bildirib.
"Beləliklə, Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır və Qarabağın turizm potensialının inkişafına töhfə verəcək", məlumatda deyilib.
Beynəlxalq statusun verilməsi haqqında qərar Füzulidə yerləşən hava limanında bütün tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qəbul olunub.
Füzuli hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət FZL kodu verilib. ⠀
"Hava limanlarının IATA kodları sərnişin daşımaları üçün böyük əhəmiyyət kəsb edir, bu kodlar aviaşirkətlər, aviabilet satışı üzrə agentliklər, biletləri beynəlxalq təxsisetmə sistemləri və s. tərəfindən istifadə olunur", AZAL qeyd olunub.⠀
Daha əvvəl Füzuli hava limanına Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən UBBF kodunun verilməsi təsdiq edilib.
"Füzuli hava limanı ən yüksək beynəlxalq standart və normalara uyğun tikilib, istənilən növ təyyarəni qəbul etmək imkanına malikdir", AZAL bildirib.
Füzuliyə ilk sınaq uçuşu sentyabrın 5-də həyata keçirilib və AZAL-ın ən böyük sərnişin təyyarəsi - Airbus A340-500 burada eniş edib.
"Hava limanında ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki, əsas və ikinci dərəcəli radiolokasiya sistemi ilə tam təchiz edilmiş 3000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilmişdir", AZAL-ın məlumatında deyilib.
Aeroportun ərazisindəki "perronun sahəsi 60 min kvadratmetrdir və 8 hava gəmisinin dayanacağı üçün nəzərdə tutulub."
"Avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş hava hərəkətini idarəetmə qülləsinin inşası başa çatmışdır. Bu, Füzuli hava limanına ICAO və IATA standartlarına uyğun uçuşların başlanmasına imkan yaradacaq", məlumatda deyilib.
AZAL Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisinin davam etdiyini bildirib.⠀
Füzuli hava limanından əlavə, hazırda Azərbaycanda altı beynəlxalq hava limanı fəaliyyət göstərir - Bakıda (GYD), Gəncədə (GNJ), Naxçıvanda (NAJ), Qəbələdə (GBB), Lənkəranda (LLK) və Zaqatalada (ZTU).
Bundan əlavə, Azərbaycanda Yevlax hava limanı və Abşeronun Zabrat qəsəbəsində yerləşən "ASG Helicopter Services" (ZXT) helikopter aviaşirkətinin bazası aviasiya xidmətləri göstərir.
Prezident Əliyev maaş və pensiyaların artırılması üçün təkliflər istəyib

Şəklin mənbəyi, President.az
Prezident İlham Əliyev Nazirlər Kabinetinə əhalinin əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb təqdim etməyi tapşırıb.
Bu barədə İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında"sərəncamda deyilib.
Bu tədbirin "beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə" görüldüyü qeyd olunub.
Sərəncamda deyilib ki, "dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaratmışdır".
"Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir."
Bakı: Azərbaycanın atəşkəsi pozması barədə Ermənistanın məlumatı "yalandır"

Şəklin mənbəyi, mod.gov.az
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kəndi istiqamətində Azərbaycan tərəfindən atəş açmadığını bildirib.
"Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqəti əks etdirmir və qarşı tərəfin növbəti yalanıdır", Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilib.
Bundan əvvəl, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrinin oktyabrın 15-də Ermənistanın Yerasx (Arazdəyən) kəndi istiqamətində yerləşən erməni mövqelərini atəşə tutduğunu bildirmişdi.
Məlumatda deyilirdi ki, Ermənistan hərbçiləri və mülki əhali arasında tələfat olmayıb.







