Azərbaycanda şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nikah və boşanma üçün rüsumlar artırılır

Şəklin mənbəyi, Getty Images
Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
"Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklərdə xarici pasportlardan tutmuş dərman preparatlarının dövlət qeydiyyatına alınmasına qədər müxtəlif rüsumların qaldırılması nəzərdə tutulmuşdu.
Şərhçilərə görə, əhali bu xidmətlərin bəzilərini "dövlətdən alternativsiz aldığı" üçün artım "narazılıq yarada bilər".
Yerli media Azərbaycanda dövlət rüsumları ilə bağlı noyabr ayında, ümumilikdə, 250-dən çox dəyişikliyin təklif olunduğunu yazırdı.
Maliyyə Nazirliyindən BBC News Azərbaycancaya bildiriblər ki, bəzi xidmətlərdə "dövlət rüsumlarının çoxu 15 il bundan əvvəl müəyyən edilib və o zamandan dəyişməyib".
"Bu müddət ərzində baş verən inflyasiya dövlət rüsumunun məbləğinin maya dəyərindən aşağı düşməsinə səbəb olub, Dövlət rüsumu dərəcələri sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması təklif olunur." - qurum noyabr ayında BBC-yə bildirmişdi.
Hansı rüsumlar artıb?
Nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata, nikahın pozulmasının qeydə alınması üçün dövlət rüsumunun məbləği 15 manatdan 20 manatadək qaldırılıb.
Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği artırılır.
Belə ki, ümumvətəndaş pasportları10 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda 2 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
- bir yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manatdan 25 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manatdan 35 manata
- on səkkiz yaşına çatmış vətəndaşlara - 40 manatdan 60 manata.
5 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
- bir yaşınadək uşaqlar üçün -20 manatdan 25 manata
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 40 manatdan 55 manata
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 60 manatdan 75 manata
- on səkkiz yaşına çatmış vətəndaşlara - 80 manatdan 120 manata
1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə:
- bir yaşınadək uşaqlar üçün - 40 manatdan 55 manata;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 80 manatdan 115 manata;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 120 manatdan 155 manata
- on səkkiz yaşına çatmış vətəndaşlara - 160 manatdan 210 manata qaldırılır.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar da artırılır:
Belə ki, ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən 10 iş günü müddətində verildikdə:
- bir yaşınadək uşaqlar üçün- 20 manatdan 25 manata;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 30 manatdan 40 manata;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 40 manatdan 55 manata
- on səkkiz yaşına çatmış vətəndaşlara - 50 manatdan 75 manata
5 iş günü müddətində verildikdə:
- bir yaşınadək uşaqlar üçün- 30 manatdan 40 manata
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 50 manatdan 70 manata
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 70 manatdan 100 manata
- on səkkiz yaşına çatmış vətəndaşlara - 90 manatdan 135 manata
1 iş günü müddətində verildikdə:
- bir yaşınadək uşaqlar üçün- 50 manatdan 65 manata;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 90 manatdan 125 manata;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 130 manatdan 165 manata;
- on səkkiz yaşına çatmış vətəndaşlara - 170 manatdan 220 manata;
Həmçinin, Azərbaycanın hüdudlarından kənara getməsi üçün Azərbaycanda daimi yaşayan, vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum 11 manatdan 14 manata qaldırılır.
Eyni zamanda, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə aşağıdakı rüsumlar tətbiq olunacaq:
- on gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat (əvvəl bu məblğ 4 manat idi)
- üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 25 manat (əvvəl bu məbləğ 20 manat idi)
- bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 30 manat (əvvəl bu məblğ 25 manat idi).
Layihəyə əsasən, Azərbaycan Respublikası ilə həmsərhəd olan dövlətlərə vətəndaşların sadələşdirilmiş qaydada gediş-gəlişi üçün sənədlərin verilməsinə görə tətbiq edilən rüsum 3 manatdan 5 manata qaldırılır.
- Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə rüsum 10 manatdan 20 manata,
- Azərbaycan ərazisində istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycanda daimi yaşayan vətədanşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum 6 manatdan 10 manata;
- Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına dəvət olunması haqqında sənədlərin verilməsinə görə rüsum 6 manatdan 10 manata qaldırılır.
Dəyişikliklə, avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır.
- Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşir.
- Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçünrüsum artırılaraq 10 manat məbləğində müəyyənləşir. Əvvəl bu rəqəm 5 manat idi.
Layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlara da dəyişiklik təklif olunur.
- Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılır.
Qanuna təklif edilən yeni maddəyə əsasən, artıq beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi də mümkün olacaq. Bunun üçün isə 12 manat rüsum müəyyən edilib.
Soyadın və adın dəyişdirilməsinə görə də rüsumlar bahalaşıb. Dəyişikliyə əsasən, dövlət rüsumu 10 manatdan 15 manata qaldırılıb.
"Bahalaşmaya səbəb olacaq"
Noyabr ayında sözügedən qanun layihələri Milli Məclisdə müzakirə olunarkən, keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirli BBC News Azərbaycancaya bildirmişdi ki, o, rusumları qaldırmaq planlarının "zəncirvari bahalaşmaya səbəb olacağını" düşünür.
"Bu gündən həm də qazın və elektrik enerjisinin yeni tarifləri qüvvəyə minir", - Bəydəmirli xatırladıb.
İqtisadçının qənaətinə görə, hökumət dövlət adından verilən xidmətlərin tariflərini və rüsümlarını maya dəyərinə uyğunlaşdırmalıdır, yəni maya dəyərindən çox da ciddi fərqlənməməlidir.
"Vətəndaş həm vergi ödəyicisidir, həm də bu xidmətləri dövlətdən alternativsiz alır, çünki bazar iqtisadiyyatı olmasına baxmayaraq, kommunal xidmətləri başqa şirkətlər vermir, dövlət şirkətləri və dövlət mülkiyyətində olan şirkətlər verir", - iqtisadçı vurğulayıb.
"Maya dəyəri 2 manata olan pasportu vətəndaş nəyə görə 40-50 manata almalıdır və yaxud sürücülük vəsiqəsi və yaxud nigahın qeydiyyata alınması sənədləri olsun?", - Bəydəmirli sual edir.
"Sivil dünyada, bazar iqtisadiyyatı oturuşmuş ölkələrdə dövlət adına verilən rüsumlar, xidmətlərin rüsumları maya dəyərindən ciddi fərqlənmir. Maksimum 30 faiz, rentabelliyi nəzərə almaqla maya dəyərindən o qədər artıq ola bilər. Bizdə isə ASAN xidmət də başda olmaqla dövlət orqanları tərəfindən vətəndaşa verilən xidmətlər sanki kommersiya fəaliyyəti kimi həyata keçirilir, nəticədə də vergi ödəyicisi, vətəndaş bir xidmətə görə bir neçə dəfə ödəniş etmək məcburiyyəti qarşısında qalır."
İqtisadçı hesab edir ki, bu addımları atan zaman cəmiyyətə əsaslı arayış, izahat verilməlidir ki, bu xidmətlərin maya dəyəri nə qədər artıb: "Onda təbii ki, bunlar audit yoxlaması ilə təsdiq olunmalıdır"
Keçmiş millət vəkili qeyd edib ki, "hökümətin borcudur ki, xidmət səviyyəsi yüksək olsun": "Hökümət vətəndaşa normal xidmət göstərməllidir - bu onun vəzifəsidir."
"Əgər xidmətin maya dəyəri artıbsa, bunu vətəndaşlara normal izah etmək lazımdır və hesabatlı olmaq lazımdır, ancaq bu tarifləri və rüsumları "Dövlət rüsumu haqqında" qanuna uyğun olaraq təsdiq edən Milli Məclisin üzvləri dövlət qurumlarını sorğu-sual etmirlər ki, niyə artıb, nə səbəbdən artıb və niyə bu qədər artıb?"
"Dövlət qurumlarını biz vətəndaşlar saxlayırıq, vətəndaşların vergiləri hesabına, onlar da bizə hər hansı xidmət göstərirsə, bunu niyə maya dəyərindən on dəfələrlə artığına satmalıdır? Hansı zərurətdən bu irəli gəlir? Bu, vətəndaşların narazılığına və etirazına səbəb olur", - Nazim Bəydəmirli qeyd edib.
Bu dəyişikləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi noyabrın 1-də keçirilən iclasında müzakirəyə çıxarıb.
BBC News Azərbaycancanın icmalında başqa xəbərlər
Hərbi prokuror: "İkinci Qarabağ Müharibəsində bəzi hərbçilərin səriştəsizliyinə görə cinayət işləri başlanıb"

Şəklin mənbəyi, APA.AZ
Hərbi prokuror Xanlar Vəliyev deyib ki, Azərbaycanın bəzi hərbçilərinin müharibə zamanı "səriştəsizliyinə görə" cinayət işləri başlanıb, Trend xəbər verir.
O bildirib ki, İkinci Qarabağ müharibəsində Ermənistanın "törətdiyi əməllərlə bağlı açılan cinayətlərin" bir qismi Hərbi prokurorluqda aparılır və bu işlərin "həcmi çox böyükdür".
Hərbi prokuror deyib ki, müxtəlif istiqamətlər üzrə cinayət işi başlanıb: "Hətta bizim bəzi hərbçilərin müharibə zamanı səriştəsizliyinə görə cinayət işləri başlanıb. Onu da qeyd edim ki, İkinci Qarabağ müharibəsində əsgər və zabitlərimiz arasında fərarilik edən kimsə olmayıb. Bu, əslində millətin ruhundan xəbər verir".
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin oktyabrında hələ İkinci Qarabağ Müharibəsi davam edərkən demişdi ki, döyüşlərdə uğurlar olmasına baxmayaraq, bəzi qüsurlar, çatışmazlıqlar var və onlar aradan qaldırılır.
Prezident o vaxt bildirmişdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir.
Jurnalistlərə açıqlamasında Azərbaycanın hərbi prokuroru "Tərtər işi"nə də toxunub, o deyib ki, həmin vaxt Hərbi Prokurorluq "istintaq aparana qədər olan dövrdə - bir neçə gün ərzində olub - dövlətə xəyanətdə şübhələndirilən şəxslərə qarşı qanundan kənar çox ciddi fiziki zorakılıqlar" həyata keçirilib.
İddialara görə, 2017-ci ildə onlarla, bəzilərinə görə isə yüzlərlə hərbçi işgəncələrə məruz qalıb və onlardan vətənə xəyanət etmələrini və Ermənistana məlumat ötürmələrini və ya məlumat ötürənlərinin adlarını verməkləri istənilib.
Bu işgəncə hallarının əksəriyyətinin Tərtərdə baş verməsi səbəbindən ictimaiyyətdə bu hadisələr "Tərtər işi" kimi tanınıb.
Xanlar Vəliyev deyib ki, bu işgəncə zamanı bir nəfər şəxs vəfat edib: "Şəxsən mən özüm, eləcə də Respublika Hərbi Prokurorunun birinci müavini, istintaq üzrə kurator Şəfahət İmranov, bundan başqa, Baş prokurorunun birinci müavini Rüstəm Usubov, İdarə rəisi və digərləri həmin hərbi hissəyə getdik. Müəyyən etdim ki, doğrudan da kütləvi şəkildə hərbçi şəxslərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilib. Ona görə dərhal cinayət işi başladıq. Mənim tələbim əsasında Müdafiə Nazirliyinin tibb xidmətindən böyük həkim briqadası gəldi, oradakı şəxsləri müayinə etdi. Kimlərin hansı dərəcədə müalicəyə ehtiyacı olduğunu müəyyənləşdirdi".
Xanlar Vəliyev "Tərtər işi" ilə bağlı Hərbi Prokurorluğun obyektiv olmağa çalışdığını deyib, APA yazıb.
Hüquq müdafiəçiləri hesab edirlər ki, "Tərtər işi"nə "bağlılığı olan" bəzi şəxslər yüksək səviyyələrdəki əlaqələrinə görə məsuliyyətdən kənar qalıblar.









