Elman Rüstəmov devalvasiya ilə bağlı: "Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur"

Şəklin mənbəyi, AZERTAG
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov ölkədə devalvasiya iddialarına cavab verib, Rusiya XİN-nin sözçüsü "Zəngəzur dəhlizi" barədə deyib ki, bu məsələləri üç ölkənin Baş nazirlərinin müavinlərindən ibarət işçi qrup həll edir - ətraflı BBC News Azərbaycancanın icmalında.
Cümə günü Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında deyib ki, "manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur".
Mərkəzi Bankın rəhbəri devalvasiya barədə suala cavab verərəkən deyib ki, devalvasiya ehtimalı ilə bağlı səslənən iddiaların əsası yoxdur.
"Biz tədiyyə balansında əhəmiyyətli profisit gözləyirik. Bildiyiniz kimi, beynəlxalq təşkilatlar neftin qiyməti proqnozunu əhəmiyyətli dərəcədə qaldırıb. Bu gün Milli Məclisdəki sənədlər İqtisadi Şurada müzakirə olunub. Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur",- Elman Rüstəmov deyib.
İlin əvvəlində dünya bazarında neftin bir barelinin qiyməti aşağı olub. Azərbaycan hökuməti də bu ilin büdcəsində neftin qiymətin 45 ABŞ dollarından hesablamışdı. Sonra neftin dünya bazarında qiyməti artmağa başlayıb. Gələn ilin dövlət büdcəsində hökumət neftin qiymətini 50 ABŞ dollarından hesablayacaq.
Elman Rüstəmov deyib ki, manatın məzənnəsinin möhkəmlənməsinə əhəmiyyətli təzyiq var və bu da Azərbaycanın iqtisadi siyasətinə uyğun deyil.
Onun sözlərinə görə, ilin sonuna qədər bu təzyiqin azalması gözlənilir.
Bəzi iqtisadi təhlilçilər hesab edir ki, Azərbaycanda manatın dəyərsizləşməsi özünü manatın "alıcılıq qabiliyyətinin düşməsində" göstərir və bu, ən azı devalvasiya qədər təhlükəli prosesdir.
Cənab Rüstəmov deyib ki, hazırda Azərbaycanda hökumətin və Mərkəzi Bankın əsas vəzifəsi pandemiyadan zərər çəkmiş iqtisadiyyatın bərpası istiqamətindədir. O bildirib ki, gələn il inflyasiya 5,6 faiz səviyyəsində proqnozlaşdırılır.
Mariya Zaxarova: "Zəngəzur dəhlizi barədə məsələləri üçtərəfli işçi qrup həll edir"

Şəklin mənbəyi, Getty Images
Maria Zaxarova deyib ki, Cənubi Qafqazda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı mübahisələr də daxil olmaqla nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı bütün məsələlər üçtərəfli işçi qrupu çərçivəsində nəzərdən keçirilir və həll edilir.
Rusiyanın TASS agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sozçüsü Mariya Zaxarova bildirib ki, üçtərəfli işçi qrupun səkkiz görüşü baş tutub və bütün tərəflər onun fəaliyyətini yüksək qiymətləndirirlər.
Keçirdiyi brifinqdə Zaxarova deyib ki, "Biz Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli sazişlərin həyata keçirilməsinə töhfə verən bəyanatlara və addımlara əməl etməyi düzgün hesab edirik".
Azərbaycan Ermənistan ərazisindən keçməklə Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin təməlini qoyduğunu elan edib.
Həmin dəhliz vasitəsiylə Sovet dövründə mövcud olan münaqişə müddətində dağıdılan avtomobil və dəmir yolunun çəkilməsi nəzərdə tutulur.
Çəkiləcək avtomobil və dəmiryolu ilə Azərbaycan Naxçıvan üzərindən Türkiyə və Avropa ilə, Türkiyə Azərbaycan vasitəsilə Xəzərdən keçməklə Mərkəzi Asiya ölkələri ilə, Ermənistan Azərbaycandan keçməklə Rusiya və İranla əlaqə qura biləcək.
Rəsmi Yerevan "Zəngəzur dəhlizinin olmayacağını, heç bir dəhliz məsələsinin müzakirə olunmadığını" deyir. Rəsmi Bakı işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işləri çərçivəsində Zəngəzur dəhlizi kimi tanınan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyub.






