Azərbaycan Kəlbəcərdə mövqelərinin atəşə tutulduğunu bildirib, Bakıda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü olacaq

Şəklin mənbəyi, MOD.GOV.AZ
Azərbaycan Kəlbəcərdə mövqelərinin atəşə tutulduğunu bildirib,TBMM sədri Mustafa Şentop Bakıda Azərbaycan, Pakistan və Türkiyə parlamentləri sədrlərinin birgə iclasında iştirak edəcək, AŞPA məruzəçisi Paul Gavan informasiya toplamaq məqsədi ilə iyulun 26-dan 28-dək Azərbaycana səfər edəcək, Leyla Abdullayeva: "Dağlıq Qarabağ" olmadığı kimi "status" məsələsi də yoxdur - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətində Azərbaycan mövqelərinin atəşə tutulduğunu bildirib.
"İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub", - MN mətbuat xidmətinin məlumatında deyilib.
"Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur, - məlumatda qeyd olunub. - Qarşı tərəf cavab atəşi ilə susdurulub."
Məlumatı şərh edən Ermənistan Müdafiə Nazirliyi isə "Ermənistan tərəfinin Azərbaycan mövqelərini atəşə tutmadığını" bəyan edib.
Bir neçə gündür ki, Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrinin Kəlbəcər, Şuşa və Naxçıvandakı mövqelərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu açıqlayır.
Mustafa Şentop Bakıya niyə gəlir?

Şəklin mənbəyi, Azertag
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop bazar ertəsi Bakıya gəlir.
TBMM sədri Azərbaycan, Pakistan və Türkiyə parlamentləri sədrlərinin ilk üçtərəfli iclasında iştirak edəcək, Türkiyə mediası xəbər verir.
Bakıdakı görüş 27 iyul çərşənbə axşamı keçiriləcək. İclasda "Bakı Bəyannaməsi" adlı üçtərəfli sənədin imzalanma mərasiminin keçiriləcəyi gözlənilir. İclasdan əvvəl TBMM sədri Mustafa Şentop və digər parlament sədrləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.
Parlamentlərarası forum iştirakçılarının Şəhidlər Xiyabanını, Bakı Türk Şəhidliyi memorialını ziyarət edəcəkləri gözlənilir.
Şentop 28 iyul çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək, türk iş adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul edəcək.
Şuşa və Füzuli şəhərlərini ziyarət etdikdən sonra Türkiyə nümayəndə heyəti vətənə dönəcək.
Leyla Abdullayeva: "Dağlıq Qarabağ" olmadığı kimi "status" məsələsi də yoxdur

Şəklin mənbəyi, Azertac
"Dağlıq Qarabağın statusu" məsələsini süni şəkildə gündəmə gətirmək istəyənlər birdəfəlik anlamalıdırlar, "Dağlıq Qarabağ" olmadığı kimi "status" məsələsi də yoxdur, Azərbaycan XİN rəsmisi Leyla Abdullayeva Ermənistan XİN-in 23 iyul tarixli açıqlamasına dair şərhində qeyd edib.
Leyla Abdullayeva Ermənistan XİN-in 23 iyul tarixli açıqlamasına dair şərhində qeyd edib.
"Ermənistan XİN-ə xatırladırıq, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Respublikasının Parlamenti tərəfindən 1991-ci ilin noyabrında qanuni şəkildə ləğv edilib", - Mətbuat xidməti idarəsinin rəisi bildirib.
"AR Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə isə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazi Azərbaycanın tərkib hissəsidir və burada yaşayan ermənilər də, azərbaycanlılarla birgə bizim vətəndaşlarımız kimi yaşaya bilərlər", - Leyla Abdullayeva vurğulayıb.
O qeyd edib ki, azərbaycanlılar tarixən "Zəngəzurda yaşayıb, bu tarixi faktdır."
"Burada, eləcə də müasir Ermənistanın digər ərazilərində tarixən yaşayan soydaşlarımız, etnik təmizləmə siyasətinin qurbanı olublar, evlərindən didərgin düşüblər, bu da bir tarixi reallıqdır", - Leyla Abdullayeva xatırladıb.
Ermənistan XİN-in 23 iyul tarixli bəyanatında bildirib ki, Azərbaycan Prezidenti "qoşunlarının Ermənistanda olmasını "Zəngəzur dədə-baba torpağımızdır" ruhunda açıqlamalar verməklə əsaslandırır.
AŞPA məruzəçisinin Azərbaycanda "qaçqınları dinləmək imkanı olacaq"

"Azərbaycan və Ermənistan arasında münaqişənin humanitar nəticələri" adlı məruzəsi üçün informasiya toplamaq məqsədi ilə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin təmsilçisi Paul Gavan Azərbaycana iyulun 26-dan 28-dək səfər edəcək.
Paul Gavan Bakıda Milli Məclisin sədri, parlament üzvləri və "münaqişənin humanitar nəticələri ilə məşğul olan" müxtəlif nazirliklərin nümayəndələri ilə görüşlər keçirəcək, AŞPA-nın açıqlamasında deyilib.
AŞPA məruzəçisinin "qaçqınları dinləmək imkanı olacaq, o həmçinin Azərbaycan İnsan Hüquqları Müvəkkili və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək."
"Bu səfər eyni zamanda, bu məsələdə Azərbaycanda işləyən beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) və BMT Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) rolunu və iştirakını daha yaxşı anlamasına" Paul Gavan-a imkan verəcək, AŞPA-nın məlumatında qeyd olunub.
Gavan sözügedən hesabatın hazırlanması çərçivəsində artıq bu ilin mayında Ermənistanda səfərdə olub
Məlumatda bildirilib ki, Paul Gavan məruzəçi hesabatını sentyabrda yekunlaşdırmağı planlaşdırır.







