AŞPA: Ermənistanda seçki ''rəqabət'' şəraitində keçib, amma...

Şəklin mənbəyi, Getty Images
Ermənistanda növbədənkənar parlament seçkisini müşahidə etmiş AŞPA seçkini "rəqabətli", amma "qütbləşmiş" dəyərləndirir.
"Ermənistandakı erkən seçki rəqabətli və yaxşı, amma aqressivləşmiş ritorika ucbatından qütbləşmiş və qeyri-mükəmməl keçib, AŞPA-nın müşahidəçiləri daxil beynəlxalq müşahidəçilər deyiblər," - AŞPA-nın rəsmi Twitter hesabında yazılıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X
"Dərin qütbləşmə yaxşı təşkil edilmiş seçkilərə xələl gətirməyib," - AŞPA nümayəndə heyətinin rəhbəri George Katrougalos bildirib.
O deyib ki, nəticələrin bütün siyasi partiyalar tərəfindən qəbul ediləcəyi və "kampaniyanın sərt ritorikasının" tarixə göndəriləcəyi ümid edilir.
Nikol Paşinyan hökumət quracaq
Ermənistanda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası təkbaşına hökumət qura bilər.

Şəklin mənbəyi, Getty Images
Ermənistan Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, Vətəndaş Müqaviləsi partiyası 53,92 faiz səslə rəqiblərini xeyli geridə buraxıb. Nikol Paşinyanın əsas rəqibi sayılan, ölkənin keçmiş Prezidenti Robert Koçaryanın "Hayastan" bloku 21,64 faiz səs qazanıb.
"Yeni seçilmiş parlamentdə "Vətəndaş Müqaviləsi" partiyası konstitusiya çoxluğuna sahib olacaq və bir hökumət quracaq," - Nikol Paşinyan bu barədə rəsmi Facebook səhifəsində yazıb.
Bakının gözləntisi
Rəsmi Bakı Ermənistandan ölkədəki mürəkkəb siyasi böhrandan düzgün nəticə çıxaracağını gözləyir. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bazar ertəsi keçirilən brifinqdə bildirib.
"Dünən məlum olduğu kimi Ermənistanda növbədənkənar parlament seçkisi keçirilib. Yenidən hökumətin formalaşması gözlənir. Hesab edirik ki, bu proseslərin nəticəsində Ermənistanın siyasi rəhbərliyi həmin böhranın real nəticələrini düzgün anlayacaq və təhlil edərək düzgün nəticələr çıxaracaq".
Ceyhun Bayramov deyib ki, Ermənistanda bu böhranı ölkənin məğlubiyyəti ilə bitən İkinci Qarabağ müharibəsi ilə əlaqələndirirlər, "amma bu böhranın səbəbi daha dərindir".

Şəklin mənbəyi, Getty Images
Azərbaycanlı nazir bu böhranın "dərin kökünü" Ermənistanın uzun illər "beynəlxalq hüququ pozaraq 20-ci əsrin sonunda, 21-ci əsrdə dövlətlərin beynəlxalq tanınmış sərhədlərini güc yolu ilə dəyişdirilməsində, qonşu ölkəyə təcavüzdə, aqressiya siyasətini həyata keçirməsində" görür.
Ceyhun Bayramovun fikrincə, region ölkələrinin normal inkişafı üçün "beynəlxalq hüququn prinsip və normalarına əsaslanan münasibətlərin formalaşmasına alternativin olmaması anlayışı" nə qədər tez qəbul olunarsa, "nəinki Azərbaycan və Ermənistan, eləcə də bütün region bölgələri üçün o qədər tez yaxşı nəticələr əldə edilə bilər".
Seçkinin yekun nəticəsi
Ermənistan Mərkəzi Seçki Komissiyası ümumi 2008 seçki məntəqəsində səsvermənin nəticələrini yekunlaşdırıb.
MSK-nın hesablamalarına görə, bu məntəqələr üzrə Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası 53,92, Robert Koçaryanın "Hayastan" bloku 21,64 faiz səs qazanıb.
Üçüncü yerdə keçmiş Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın başçılıq etdiyi "Pativ unem" (Təzim edirəm) blokudur. Bu blokun lehinə 5,23 faiz səs verilib. Lakin parlamentə mandat almaq üçün seçki blokları səslərin 7 faizlik həddini aşmalıdır.
Qaqik Tsarukyanın Firavan Ermənistan Partiyasına seçicilərin 3,96 faizi səs verib. Partiyalar parlamentdə təmsil olunmaq üçün 5 faizlik həddi keçməlidır.
Beşliyə 3,04 faiz səslə sabiq Baş nazir Aram Sarkisyanın (1999-cu ildə parlamentdə terror aktı zamanı öldürülmüş Baş nazir Vazgen Sarkisyanın qardaşı) başçılıq etdiyi Respublika partiyası da daxildir.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi partiyasının lehinə seçicilərin 1,54 faizi səs verib.
Ermənistan parlamentində 3 siyasi qüvvə olacaq
Növbədənkənar seçki nəticəsində Ermənistanın yeni Milli Məclisində Vətəndaş Müqaviləsi Partiyası, "Hayastan" bloku təmsil olunacaq.
Bunlardan başqa, 5,23 faiz səs qazanmış, lakin bloklar üçün nəzərdə tutulan 7 faizlik həddi aşmayan Artur Vanetsyanın başçılıq etdiyi blok da mandat alacaq.
Ermənistan qanunlarına əsasən, səsvermə nəticəsində yalnız iki siyasi qüvvə parlamentdə təmsil olunmaq üçün kifayət qədər səs qazanarsa, üçüncü, daha çox səs qazanmış, siyasi qüvvəyə də parlamentdə təmsil olunmaq haqqı verilir.
Koçaryan seçkilərin nəticələrini tanımır
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın başçılıq etdiyi "Hayastan" bloku erkən parlament seçkilərinin ilkin nəticələrini "hələ ki, tanımağa hazırlaşmır", bazar günü seçkilərdən sonra "Hayastan" blokun yaydığı bəyanatda deyilir.
Koçaryanın başçılıq etdiyi seçki alyansında səsvermə nəticələrinin mübahisəli olduğunu və etimad doğurmadığını düşünürlər.
Onların fikrincə, səsvermənin ilkin nəticələri Ermənistanın ictimai həyatında son 8 ay ərzində müşahidə olunan proseslərə ziddir.
"Müxalif qüvvələrin izdihamlı mitinqləri və hakimiyyətin kiçik saylı tədbirləri, ölkədə hökm sürən etimad böhranı tamam başqa əhval-ruhiyyələrdən xəbər verir. Ciddi etimadsızlıq çatışmazlığına seçki məntəqələrindən alınan mütəşəkkil və planlaşdırılmış saxtakarlıq haqqında yüzlərlə siqnal əsas verir," - bəyanatda deyilir.
"Hayastan" bloku qeydə alınmış ehtimal olunan pozuntuları araşdırmağa hazırlaşır və bütün bu sualların tam cavabı tapılmayana qədər səsvermənin yekunlarını tanımayacağını bildirir.

Şəklin mənbəyi, Kiran Ridley/Getty Images
Elektron səsvermədə də Paşinyan irəlidədir
Ermənistanda növbədənkənar seçkilərdə elektron səsvermə nəticələrinə görə, Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası 163 səslə birinci, Robert Koçaryanın "Hayastan" (Ermənistan) seçki bloku 135 səslə ikinci yerdədir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, elektron sistem üzrə səs vermə hüququna 650 nəfər malikdir.
Səsvermədə 500 vətəndaş iştirak edib, 45 bülleten etibarsız kimi tanınıb.
Qalan 152 səs, bu iki siyasi qüvvədən başqa 23 seçkidə iştirak edən partiya və blokların arasında bölünüb: Ən azı - sıfır səs (Dirçəliş Partiyası) və ən çoxu - 43 səs (Ter-Petrosyanın Erməni Milli Konqresi).

Şəklin mənbəyi, KAREN MINASYAN/Getty Images

Şəklin mənbəyi, Alexander Ryumin/Getty Images
İşıqlar sönüb
Ermənistanda erkən parlament seçkisi başa çatandan sonra səssayma başlayanda bir sıra yaşayış məntəqələrində elektrik enerji təchizatı 10 dəqiqəyə kimi kəsilib.
Bu barədə yerli sosial media istifadəçiləri məlumat yayıblar.
Məlumatlara görə, işıqlar Vamadzor, Spitak şəhəri və ətraf kəndlərdə, Gümri, Artik və ətraf kəndlərdə, Tavuş vilayətinin Dilican və Noyemberyan şəhərləri, Metsamor, Armavir və Aparan şəhərlərində, eləcə də paytaxt Yerevanın Malatiya-Sebastiya və Erebuni rayonlarında sönüb.
Bəzi yerlərdə 2 dəqiqə, bəzilərində - yarım saatadək elektrik olmayıb, sosial media istifadəçiləri bildiriblər.
Ermənistan Elektrik Şəbəkələri şirkəti Armenia Today informasiya portalına elektrik enerji təchizatının arasının kəsilməsini Gürcüstandan elektrik enerji ötürmə xətlərində problem yaranması ilə izah edib.

Şəklin mənbəyi, Alexander Ryumin/Getty Images
Seçici fəallığı proqnozdan yüksəkdir
Ermənistan Mərkəzi Seçki Komissiyasının saat 11-ə olan məlumatına görə, səsvermə hüququna malik vətəndaşların 300 mindən çoxu səs verib. Bu, bütün seçicilərin 12,2 faizi təşkil edir.
MSK-nın sədr müavini Laura Qalstyan deyib ki, 2018-ci il növbədənkənar parlament seçkisi zamanı bu müddətdə seçicilərin 7,76 faizi səs vermişdi.
Laura Qalstyanın açıqlamasına görə, paytaxt Yerevan üzrə saat 11-ə kimi seçicilərin 14 faizə yaxını səs verib.
Saat 14:00-a olan məlumata görə, seçkilərdə seçici fəallığı 26,82 faiz təşkil edib. BBC News Ruscanın Yerevana ezam olunmuş müxbiri Grigor Atanesyan bu seçkidə gözlənilməyən dərəcədə yüksək seçici fəallığının müşahidə olunduğunu qeyd edir.
"Bu gün Yerevanda 36 dərəcə istidir, lakin buna baxmayaraq bəzi seçicilər işgüzar kostyum geyinərək səs verməyə yollanıblar. Bu bayram ab-havası təəccübləndirməyə bilməz, çünki seçkiqabağı kampaniya dövründə bir növ laqeydlik yaranmışdı - çoxları Azərbaycandan əsir düşmüş ermənilərin qaytarılması və ya sərhədin qorunması kimi məsələlərin onlar üçün seçkidən daha vacib olduğunu söyləyirdi.
Ekspet Riçard Giraqosyan bugünkü səsverməni "iki şər arasında seçim" adlandırırdı. BBC-nin keçmiş bələdiyyə deputatı olan həmsöhbətlərindən biri isə Ermənistanda "pivə partiyası" olmadığına heyfslənirdi, çünki bu halda, onun təbirincə, məhz həmin partiyaya səs verərdi.
Seçicilərin yüksək fəallığı ekspertlər üçün gözlənilməz olub: ilkin məlumatlara görə, yerli vaxtla saat 11:00-a qədər seçicilərin 12 faizdən çoxu səsvermədə iştirak edib - bu, əvvəlki parlament seçkilərində müvafiq göstəricidən xeyli çoxdur.
Liberal müxalifəti təmsil edən namizədlərdən biri bizimlə söhbətində bildirib ki, yüksək seçici fəallığını cəmiyyətin uzun müddət mövqe bildirməyən hissəsinin qəfil fəallığının nəticəsi olduğunu, həmin kəsimin ümumi seçici sayının təxminən 25-30 faizini təşkil etdiyini düşünür.
Bəzi siyasi qüvvələr exit-poll keçirir, lakin həmin sorğuların nəticələri ya gizli saxlanılır, ya da etibarlı deyil.
Səsvermənin nəticələrinə dair ilkin məlumatlar gecəyarısından sonra elan oluna bilər, lakin etibar ediləsi nəticənin yalnız səhərə yaxın çıxacağı gözlənilir".

Şəklin mənbəyi, Reuters
Səsvermə zamanı hansı qanun pozuntularına yol verilib?
Ermənistanda səsvermə zamanı bəzi qanun pozuntularına yol verilib, - Ermənistan İstintaq Komitəsi bildirib. Qurum 15 qanun pozuntusu ilə bağlı araşdırma aparıldığını açıqlayıb.
"10 epizod bir dəfədən artıq və ya başqasının əvəzinə səs vermək haqqındadır, 4 halda səsvermə məxfiliyi pozulub, seçki məntəqəsi ərazisinə silahla daxil olmaq və silahdan istifadə etmək halı qeydə alınıb. Son hadisə ilə bağlı cinayət işi açılıb, digər hadisələr üzrə material hazırlanır," - məlumatda deyilir.
İstintaq Komitəsi bildirib ki, səsvermə zamanı baş vermiş və qanun pozuntusu kimi qiymətləndirilən hadisələr Ermənistanın bölgələrində qeydə alınıb.
Silahla bağlı cinayət işi "Şirinyan-Babacanyan demokratlar alyansı" blokunun rəhbəri, indiki parlamentdə müstəqil millət vəkili kimi təmsil olunan Arman Babacanyanın avtomobilinin atəşə tutulması ilə bağlıdır.
Bu səhər Arman Babacanyan şəxsi minik avtomobilinin atəşə tutulduğunu bildirmişdir. Maşın üzərrində güllə izləri qalıb.
Seçki bülletenlərinin çıxarılmasına cəhd
Abovyan şəhərində seçki məntəqəsindən seçki bülletenlərinin çıxarılmasına cəhd edilib, lakin polis bunun qarşısını alıb. Bu barədə öz Facebook hesabında baş prokurorun müşaviri Qor Abrahamyan yazıb.
Ermənistanda səsvermə zamanı seçiciyə seçkidə iştirak edən 25 siyasi qüvvənin bülleteni verilir. Seçici seçdiyi siyasi qüvvənin bülletenini zərfin içinə qoyub seçki qutusuna atır, qalan bülletenləri isə səsvermə kabinəsındə qoyulmuş xüsusi qutuya atmaq lazımdır.
Bu hadisə ilə bağlı səsvermə məxfiliyini pozmaq maddəsi ilə cinayət işi açılıb.
Ombudsman Aparatı 500-dən çox məlumatı araşdırır
Ermənistan İnsan Haqları Müdafiəçisi (ombudsman) ofisinə günorta saatlaırna qədər seçki pozuntuları barədə 59 müraciət daxil olub, yerli mediada yayılmış 500-dən çox məlumat araşdırılır.
Müraciətlər əsasən əlilliyi olan şəxslərin seçki məntəqələrinə getməsi ilə bağlı çətinliklərlə, bəzi vətəndaşların siyahıda adı olmaması və əlavə siyahıya daxil edilməsi, səsvermə qaydalarının pozulması ilə bağlıdır, ombudsman Arman Tatoyan öz Facebook səhifəsində yazıb.
Səs üçün 60 dollar rüşvət təklifi
Ermənistan polisinin mətbuat xidməti iki seçiciyə rüşvət verməkdə şübhəli bilinən 43 yaşlı Vedi şəhər sakininin saxlanıldığını bildirir.
Bu barədə polis şöbəsinə Vedi şəhərinin bir sakini və onun həyat yoldaşı məlumat verib.
Onların sözlərinə görə, həmin şəxs onların konkret seçki blokuna səs verməsi üçün hərəsinə 30 min dram (təxminən 60 dollar) təklif edib.
Seçici fəallığı
Yerli vaxtla saat 14:00-a olan məlumata görə, seçkilərdə seçici fəallığı 26,82 faiz təşkil edib.
Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Qarabağdakı müharibədən sonra kürsüsünü qoruyub saxlaya biləcəkmi, yoxsa onun hakimiyyətdəki sələfləri seçicilərin gözündə özlərini bərpa edə biləcəklərmi? Ermənistanda bazar günü keçirilən erkən parlament seçkisi bu kimi sualları cavablandırmalıdır.

Şəklin mənbəyi, Alexander Ryumin/TASS
Bir kənd seçki məntəqəsində qaz tapançasından atəş açılıb
Ermənistanda Ararat rayonu Azataşen kəndi seçki məntəqəsində səsvermə zamanı qaz tapançasından atəş açıldığı bildirilir.
Ermənistan polisinin verdiyi məlumata görə, Azataşen kəndi seçki məntəqəsində Firavan Ermənistan Partiyası və Verelk (Dirçəliş) seçki bloku nümayəndələri arasında mübahisə nəticəsində hadisə iştirakçılarından biri qaz tapançadan bir neçə atəş açıb.
Polis tapançanı müsadirə edib.
Araşdırma aparılır.
Adı çəkilən blokların hadisəyə münasibəti bəlli deyil.
Bazar günü iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkisi keçirilir.
Erkən seçki Ermənistan-Azərbaycan arasında ötən payız başlamış və 44 gün davam etmiş müharibə nəticəsində Azərbaycanın öz ərazisinin böyük bir hissəsini azad etməsi və Ermənistanda siyasi böhran yaranması fonunda keçirilir.
Seçkiyə ölkənin keçmiş prezidentləri, o cümlədən Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan qatılıb.

Şəklin mənbəyi, Nikol Paşinyan/Facebook
Seçkilərdə 25 siyasi qüvvə (21 partiya və 4 blok) iştirak edir.
Seçici hüququna malik olan vətəndaşların ümumi sayı 2 milyon 600 minə yaxındır. Bu, Ermənistan polisi tərəfindən "dəqiqləşdirilmiş" rəsmi rəqəmdir.
Partiyalar üçün keçid həddi 5 faizdir, siyasi bloklar parlamentdə təmsil olunmaq üçün səslərin 7 faizini qazanmalıdır.
Parlament seçkisi tək proporsional seçki sistemi üzrə (partiya və ya birləşmələr siyahıları əsasında) keçirilir.
Əgər səsvermə nəticəsində yalnız iki siyasi qüvvə parlamentdə təmsil olunmaq üçün kifayət qədər səs qazanarsa, qanuna görə, üçüncü, daha çox səs qazanmış siyasi qüvvəyə də parlament üzvü mandatı təqdim olunur.
Siyasi qüvvələrdən heç biri səslərin 50 faizdən artığını qazanmasa və digər parlamentə seçilmiş qüvvə ilə 6 gün ərzində koalisiya təşkil etmək istəməsə, seçkilərin ikinci turu keçirilir. Koalisiya üç siyasi qüvvədən də ibarət ola bilər.
Seçkilərin gedişi yerli və xarici müşahidəçilər tərəfindən izlənir.









