Avropa Azərbaycanda istifadə olunan Sputnik V vaksinini yoxlayır: Nə məlumdur?

Şəklin mənbəyi, Getty Images
Avropa İttifaqının dərmanlara nəzarət qurumunun (EMA) mütəxəssisləri Covid-19-a qarşı Rusiyaya məxsus Sputnik V peyvəndinin istehsal standartlarını qiymətləndirmək üçün Moskvaya yollanacağını deyib. EMA səfərin nə vaxt baş tutacağını rəsmən açıqlamayıb. Səfər Sputnik ətrafında Avropa ölkələrindəki müzakirələrin aktivləşməsinə təsadüf edir. BBC News Azərbaycanca mayın 2-də Bakıya ilk partiyası çatdırılan Rusiya peyvəndi barədə məlumatlara nəzər salıb.
Ən son məlumat nədir?
Mart ayında Avropa İttifaqının dərmanlara nəzarət qurumu Avropa Dərman Agentliyi (EMA) Sputnik V peyvəndinin effektivliyi və təhlükəsizliyini nəzərdən keçirməyə başlayıb. Təşkilatın yüksək rütbəli nümayəndəsi bu proses başa çatanadək peyvəndi Aİ ölkələri səviyyəsində təsdiqləməkdən çəkinməyə səsləyib. Lakin bəzi ölkələr artıq Sputnik V peyvəndini alıb, ya da onu almaq niyyətindədir.
Sputnik V-ni alanlardan biri də Slovakiyadır. Lakin belə görünür ki, Rusiya peyvəndi bu ölkədə istifadə olunmaya bilər. Bu ayın əvvəlində yayılan məlumata görə, Slovakiyanın Milli Dərman İdarəsi (SUKL) Rusiyaya məxsus peyvəndin öncədən göstərilən standartlara uyğun olmadığını bildirib. Bu xəbərdən sonra Rusiya ixrac etdiyi 200 min doza vaksinin geri qaytarılmasını tələb edib.
Bu arada, Rusiya yüz milyonlarla doza vaksin təchizatını söz versə də, indiyədək bu vədin yalnız kiçik hissəsi yerinə yetirilib. Bu barədə AP agentliyi xəbər verir. Agentliyin yaydığı məlumata əsasən, artan tələbat şəraitində Rusiya istehsalı sürətləndirmək məqsədiylə bir sıra Çin şirkətlərinə müraciət edib.
Azərbaycan Sputnik V-ni təsdiq edibmi?
Azərbaycan Səhiyyə Nazirliyi Sputnik V peyvəndinin istifadəsini martın 12-də təsdiqləyib.
Bundan başqa, fevralın əvvəlində Azərbaycan dünyada ilk olaraq Sputnik V və AstraZeneca vaksinlərinin birgə tətbiqi tədqiqatına icazə verib.
Araşdırma proqramı bir neçə ölkənin ərazisində keçirilməlidir və onun 6 ay davam edəcəyi bildirilir. Azərbaycan 300 min doza "Sputnik V" vaksinin alınmasına dair razılaşma imzalayıb. Bu razılaşmaya uyğun olaraq peyvəndin 40 min doza təşkil edən ilk partiyası Azərbaycana mayın 2-də çatdırılıb.
Aprel ayının əvvəlində EU Observer qəzeti Sputnik V-nin tətbiqindən sonra dörd nəfərin öldüyünü və daha altı nəfərin sağlamlığında ciddi problemlər yaşandığını xəbər verdi. Hərçənd ki, Rusiyanın səhiyyə sahəsində nəzarət qurumu - Roszdravnadzor göstərilən halların peyvəndlə əlaqəsi olduğu barədə iddiaları rədd etdi.
Roszdravnadzor Sputnik V peyvəndinin vurulmasından sonra mümkün yan fəsadlar arasında qripə oxşar simptomların olduğunu bildirir.
Sputnik V-nin effektivliyi barədə nə məlumdur?
Sputnik V peyvəndini hazırlayan Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin testlərinə əsasən, ikinci dozanın tətbiqindən sonra peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Üçüncü mərhələyə aid bu araşdırmanın ilkin nəticələri fevral ayında nüfuzlu tibbi Lancet dərgisində dərc olunub. Öz növbəsində, Azərbaycan Səhiyyə Nazirliyi bildirir ki, Rusiyada istehsal olunan peyvənd COVID-19-a qarşı müvəffəqiyyətlə istifadə olunmaqla "yüksək effektivlik" göstərir.
Sputnik V-nin istehsalı nə yerdədir?
Hazırda bir çox ölkədə vaksinlərin kəskin çatışmazlığı hiss olunur. Rusiya bu vəziyyətdə öz peyvəndinin həm də Aİ ölkələrinə ixracını artırmağa çalışır. Amma belə görünür ki, vaksinin istehsal həcmləri hazırda elə bir səviyyədədir ki, yalnız Avropanın yüz minlərlə dozaya tələbatını tezliklə qarşılamaq mümkün olmaya bilər. Qamaleya Mərkəzinin rəhbəri Aleksandr Gintsburg mart ayının ortalarında Rusiyada yalnız 10 mln dozanın istehsal edildiyini bildirib. Rusiya vaksinin hazırlanmasını həm ölkə daxilində, həm də xaricdə təşkil etməkdə maraqlı olduğunu bildirir.

Şəklin mənbəyi, Petr Kovalev/TASS
Xəbərlərə görə, Sputnik V-nin, o cümlədən Braziliya, Çin, Hindistan və Koreya Respublikası kimi ölkələrdə istehsalı nəzərdə tutulub. Burada hazırlanan peyvəndlərin ixrac ediləcəyi də bildirilir. Rusiyanın Səhiyyə Nazirliyi Sputnik V ilə yanaşı Sputnik Light peyvəndinin qeydiyyatı üçün təqdim olunan sənədləri nəzərdən keçirir. Məlumata görə, xarici bazarlara hesablanan bu vaksinin bir dozasının tətbiqi nəzərdə tutulur. Belə halda yaranan immunitetin üç-dörd ay davam edə biləcəyi deyilir. Onu uzatmaq üçün peyvəndin əlavə ikinci dozası tətbiq oluna bilər.
Sputnik V-nin qiyməti barədə nə məlumdur?
Bir çox ölkədə Covid-19-a qarşı aparılan vaksinasiya kampaniyası vaxtı xüsusi diqqət peyvəndlərin effektivliyi və təhlükəsizliyinə yönəlir. Lakin dünya boyunca statistik məlumatları təhlil edən statista.com internet resursuna əsasən, vaksinlərin saxlanması, çatdırılması və ən başlıcası - qiyməti kimi amillər də nəzərdən qaçmamalıdır.
Saytdakı qiymət cədvəlində Sputnik V-nin bir dozasının - 10, Çinin CoronaVac vaksininin isə 30 dollar olduğu göstərilir. Astra-Zeneca-nın qiyməti 4 dollar təşkil edir. Məlumatlar dekabr ayı üçün etibarlıdır və dəyişə bilər, statista.com bidirir.
Rusiya hökumətinin internet portalında "miqyaslı dövlət proqramları" üçün Sputnik V peyvəndinin (iki dozasının) maksimum satış qiymətinin 11 dollar olduğu bildirilir. Rusiyada koronavirusla bağlı vəziyyəti izləyən Gogov.ru saytına görə indiyədək ölkədə vaksinin bir dozasını 10 475 126 insan alıb, yəni əhalinin 7.17 faizi.
SputnikV-nin sınaqları vaxtı etik normalar pozulub?
EMA Sputnik V-nin klinik sınaqları vaxtı etik və elmi standartlara əməl olunub-olunmadığını nəzərdən keçirəcək, media xəbər verir. İddia olunur ki, iştirakçılar sınağa qatılmağa rəhbərlərinin təzyiqi nəticəsində məcbur oluna bilərdilər. Rusiya iddiaları rədd edib.
"[İştirakçılara] heç bir təzyiq olmayıb və Sputnik V bütün kliniki qaydalara riayət edib," - mövzunu işıqlandıran The Financial Times qəzetində Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbərinin sözləri iqtibas olunur. Kiril Dmitriyev EMA tərəfindən araşdırma aparıldığını təsdiqləyib.
EMA Sputnik V vaksininə dair yoxlamanın qəbul edilmiş standart təcrübənin bir hissəsi olduğunu bildirir.
Azəbaycanda daha hansı vaksinlər istifadə olunacaq?
Hazırda Azərbaycanda Çinin CoronaVac vaksinlərindən istifadə olunur.
Mayın sonunadək ölkəyə AstraZeneca-nın istehsal etdiyi 432 000 peyvənd dozasının idxalı nəzərdə tutulub. Onun ilk partiyası artıq aprelin əvvəlində gətirilib. Həmin ərəfədə Gavi (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) nümayəndəsi 8 həftə ərzində ölkəyə 218,790 doza Pfizer-BioNTech peyvəndinin gətiriləcəyini deyib.
Video açılmırsa YouTube-dan izləyin.










