Ermənistan Prezidenti və Baş naziri erkən seçkiləri "müzakirə ediblər", Ata Abdullayev “saxlanılıb”, Qarabağda radio yayıma iddiaçıların adları açıqlandı

Paşinyan və Sarkisyan

Şəklin mənbəyi, President.am

Bu gün Ermənistan Prezidenti və Baş naziri erkən seçkiləri "müzakirə ediblər", Ata Abdullayev "saxlanılıb", Qarabağda radio yayıma iddiaçıların adları açıqlandı, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Ermənistan Prezidenti və Baş naziri erkən seçkilər "məsələsini müzakirə ediblər"

Ermənistan Prezidenti Armen Sarkisyan şənbə günü prezident iqamətgahında Baş naziri Nikol Paşinyanla görüşüb, Prezidentin mətbuat xidməti xəbər verir.

Məlumata görə, Sarkisyanla Paşinyan ölkədə yaranmış siyasi böhrandan çıxış yollarını müzakirə ediblər.

Bu kontekstdə "həll variantı" kimi növbədənkənar parlament seçkiləri məsələsi nəzərdən keçirilib, məlumatda deyilir.

Danışıqlar Armen Sarkisyanın təşəbbüsü ilə siyasi qüvvələrlə görüşlər silsiləsi çərçivəsində keçirilir.

Prezident Armen Sarkisyan Paşinyandan sonra eyni məsələləri Ermənistan Milli Məclisinin "Mənim addımım" iqtidar parlament fraksiyasının rəhbəri Lilit Makuntsla müzakirə edib, Prezident mətbuat xidmətinin müvafiq press-relizində deyilir.

Ermənistan prezidenti ölkədə yaranmış gərginliyi aradan qaldırmaq və böhrandan çıxmaq yollarını axtarmaq məqsədilə müxalif və iqtidar parlament və qeyri-parlament qüvvələri və Baş nazir Paşinyanı danışıqlara dəvət edib.

Müxalif Zəkalı Ermənistan parlament fraksiyasının lideri görüşə razılıq verib, Firavan Ermənistan fraksiyası hələ münasibət bildirməyib, 17 siyasi qüvvənin birləşdiyi "Vətənin xilası" hərəkatı isə öz danışıqlar gündəliyini təklif edib.

Hərəkat bildirir ki, Paşinyanın istefasından sonra, müvəqqəti hakimiyyət və növbədənkənar seçkilər məsələsini müzakirə etməyə hazırdır.

Baş Prokurorluq

Şəklin mənbəyi, APA

Şəklin alt yazısı, Yerli mediada məlumatın Baş prokurorluq tərəfindən təsdiqləndiyi deyilir

Ata Abdullayev "saxlanılıb"

Azərbaycan mediasında yayılan məlumatlarda "özünü bloqçu kimi təqdim" edən Ata Abdullayevin saxlanıldığı bildirilir.

APA agentliyi məlumatın Baş Prokurorluq tərəfindən təsdiqləndiyini bildirib.

Mətbuatda Ata Abdullayevin müxalifət mitinqlərinin dağıdılması vaxtı "ziddiyyətli davranışı" qeyd olunur.

"Abdullayev müxalifət liderlərinə və fəallarına qarşı təxribatlarla, habelə keçmiş yüksək vəzifəli şəxslərə qarşı ədəbsiz davranışı ilə məşhurdur", - Turan agentliyinin xəbərində deyilir.

Abdullayevin DTX tərəfindən saxlanıldığı xəbər verilir. Hərçənd ki, bu məlumat rəsmi olaraq təsdiqlənməyib.

Abdullayevə qarşı hansı ittihamların irəli sürüldüyü barədə məlumat verilmir.

Antenna

Şəklin mənbəyi, SOPA/LightRocket/Getty Images)

Qarabağda radio yayıma iddiaçıların adları açıqlanıb

Qarabağda regional radio kanalının açılması ilə bağlı keçirilən müsabiqə üçün ərizələrin qəbulu başa çatıb.

Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) açıqlamasında deyilir.

102,7 MHs işçi tezliyində yeni kanalın açılması uçun sənədlərini təqdim edənlərin siyahısında yeddi iddiaçının adı əks olunur.

Bunlar "Real Təhlil İnformasiya Mərkəzi" MMC, "Caspian İnternational Broadcasting Company" MMC, "Balans Studiyası" MMC, "İNS ÇM" MMC, "İsti Press" MMC , "ARB 24" MMC və "Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyasıdır.

"Televiziya və radio yayımı haqqında" qanuna əsasən, MTRŞ müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

Polis

Şəklin mənbəyi, TASS/Getty Images

Yerevanda polis XİN binasını əhatəyə alıb

Yerevanda müxalifətin elan etdiyi etiraz aksiyası ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyi binasının ətrafına təhlükəsizlik qüvvələri yerləşdirilib, RİA Novosti agentliyi xəbər verir.

Ərazidə olan etirazçılar Baş nazir Nikol Paşinyanın XİN-ə gəlişini gözləyirlər.

"Nikolsuz Ermənistan!" tələbimizi bir daha səsləndirmək üçün onunla Xarici İşlər Nazirliyinin binası qarşısında görüşəcəyik", - müxalif "Vətənin xılası" hərəkatının Facebook saytındakı açıqlamasında deyilir.

Onik Qasparyanın

Şəklin mənbəyi, mod.am

Şəklin alt yazısı, Paşinyan Onik Qasparyanı baş qərargah rəisi vəzifəsindən azad etmək qərarını fevralın 27-də verib

Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan Baş nazirin istefasını tələb edib. Onun özünün vəzifədən azad olunması ilə bağlı Nikol Paşinyanın vəsatəti ölkədəki siyasi gərginliyi daha da artırıb.

Müxalif qüvvələr parlamentin qarşısında bir neçə çadır quraraq, aramsız aksiyalara keçdiyini elan edirlər.