Ermənistan Prezidenti Paşinyanın yeni vəsatətini də imzalamadı

Sarkisyan, Paşinyan, Davtyan

Şəklin mənbəyi, AFP/GETTY IMAGES/PRESIDENT.AM/MIL.AM

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə general-leytenant Artak Davtyanı təyin etmək haqqında vəsatətini imzalamayıb.

"Respublika Prezidenti Baş Nazirin Artak Davtyanı SQ Baş Qərargahının rəisi vəzifəsinə təyin edilməsi haqqında təklifini öz etirazları ilə geri qaytarıb," - Ermənistan Prezidenti mətbuat xidmətinin bəyanatında deyilir.

Martın 10-da Ermənistan Müdafiə naziri Vağarşak Harutyunyan general-leytenant Stepan Qalstyana müvəqqəti baş qərargah rəisi vəzifəsinin icrasını tapşırıb.

Ermənistan Baş Qərargah rəisi Onik Qasparyan Paşinyanın fərmanı ilə martın 10-da istefaya çıxarılıb və o, "qanun qüvvəsi ilə" vəzifədən azad olunmuş hesab edilir.

Baş nazir tərəfindən təqdim edilən sənəd "Hərbi xidmət və hərbçi statusu haqqında" qanuna əsasən, martın 9-dək prezident tərəfindən ya təsdiqlənməli, ya da əsas qanuna uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə göndərilməlidir.

Armen Sarkisyan bu müddətdə bunları etmədiyinə görə, 10 mart 2021-ci il tarixindən SQ Baş Qərargah rəisi Onik Qasparyan vəzifədən azad edilmiş hesab olunur, Baş nazir Paşinyanın rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.

Paşinyan Onik Qasparyanı baş qərargah rəisi vəzifəsindən azad etmək qərarını fevralın 27-də verib.

Onik Qasparyanın

Şəklin mənbəyi, mod.am

Şəklin alt yazısı, Paşinyan Onik Qasparyanı baş qərargah rəisi vəzifəsindən azad etmək qərarını fevralın 27-də verib

Bundan əvvəl Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın başçılığı ilə 40-a yaxın yüksək rütbəli hərbçi Baş nazirin və Nazirlər Kabinetinin istefasını tələb edən bəyanatla çıxış edib.

Paşinyan bunu hərbi çevriliş cəhdi adlandırıb və dərhal Baş Qərargah rəisinin istefasına sərəncam verib, lakin Prezident Armen Sarkisyan müxalif və parlament siyasi qüvvələri və hərbi rəhbərliklə məsləhətləşdikdən sonra sənədi imzalamayıb və qeyd-şərtlə geri qaytarmışdı.

Manukyan

Şəklin mənbəyi, TASS/Getty images

Şəklin alt yazısı, Müharibədən sonra Nikol Paşinyanın istefası ilə tələbi ilə etiraz aksiyaları keçirilir

Baş Qərargah rəisini vəzifədən azad etmək qərarı ölkədə Qarabağ müharibəsində məğlubiyyətdən sonra yaranmış vəziyyəti daha da gərginləşdirib.

Yerevanda Nikol Paşinyanın istefasını tələb edən qüvvələrin nümayişləri davam edir.