Əfv sərəncamı: bəzi "Gəncə və Nardaran məhbusları" azadlığa çıxır

Şəklin mənbəyi, AZERTAG
475 məhbusun azadlığa çıxmasını əhatə edən əfv sərəncamının icrasına başlanıb, Yerevanda Ermənistana qazın Azərbaycan ərazisi ilə ötürülməsinin pərdəarxasında uzaqgedən məqsədlər görürlər, Azərbaycanda koronavirusun Britaniya ştammının aşkarlandığı bildirilir, ABŞ Prezidenti Joe Biden-in Rusiya Prezidenti Vladimir Putin haqqında dediklərindən sonra Rusiyanın Washington-dakı səfiri danışıqlar üçün Moskvaya çağrılıb, - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Bəzi "Gəncə və Nardaran məhbusları" azadlığa çıxır
Prezident İlham Əliyevin ötən gün imzaladığı, 475 məhbusun azadlığa çıxmasını əhatə edən əfv sərəncamının icrasına başlanıb.
Əfv sərəncamı əsasında 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.
Azadlığa buraxılanlar arasında 11 qadın məhbus da var, bir qadın məhbusun isə cəzası yarıya endirilib, Azərtac bildirib.
Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Azərtaca bildirib ki, əfv sənədində müxtəlif siyahılarda adları hallanan 39 nəfərdən otuzu Nardaran, üçü isə Gəncə hadisələri ilə bağlı həbs edilən şəxslərdir.
Onun sözlərinə görə, əfv olunanlar arasında AXCP-nin beş üzvü və bir jurnalist də var.
Vəkil Zibeydə Zəkəriyyayeva deyir ki, azadlığa buraxılan siyasi məhbus hesab olunan şəxslərin əksəriyyəti Nardaran işinə görə həbs edilənlərdir.
O deyir ki, Nardaran işində onun müdafiə etdiyi cəmi 2 nəfər həbsdə qalıb və bu əfvlə təxminən 30 nəfər azadlığa buraxılıb.
Nardaranda 2016-cı ilin noyabr ayında keçirilən əməliyyatdan sonra bir sıra sakinlərə hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülmüşdü.
Əməliyyat vaxtı baş vermiş silahlı qarşıdurmada ikisi polisi əməkdaşı olmaqla, 6 nəfər öldürülmüşdü.
Vəkil Zibeydə Zəkəriyyayeva deyir ki, azadlığa çıxanlar arasında AXCP fəalları və Gəncə işinə görə həbs olunan şəxslər də var.
2018-ci ildə iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olmuşdu. O və mühafizəçisi ağır yaralanmışdılar. Bundan sonra naməlum şəxslər iyulun 10-da Gəncədə aksiya keçirəcəklərini elan etmişdilər. Həmin gün iki yüksək rütbəli polis zabiti hücum nəticəsində öldürülmüş, bir polis zabiti isə yaralanmışdı.
Məhbus Ailələri Koordinasiya Mərkəzinin də koordinatoru Zəfər Əhmədov BBC news Azərbaycancaya bildirir ki, hüquq müdafiəçisi Leyla Yunusun hazırladığı "siyasi məhbus siyahısı"nda olan 146 məhbusdan təxminən 40-ı hazırkı əfv sərəncamı ilə azadlığa çıxıb.
Azərbaycanda ayrı-ayrı hüquq müdafiəçilərinin müxtəlif "siyasi məhbus siyahısı" var və onlar bu siyahıda adı olan məhbusları "siyasi məhbus" kimi tanıyırlar.
Azərbaycan siyasi hakimiyyəti isə dəfələrlə ölkədə siyasi məhbus olmadığını, yerli və və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin müxtəlif qanun pozuntularına yol verdiklərini və buna görə də həbs edildiklərini bildirib.
Ölkə prezidentinin sərəncamının imzalandığı gündən qüvvəyə mindiyi bildirilir.
Hər il Novruz bayramı ərəfəsində ənənəvi olaraq əfv sərəncamı imzalanır.
"Qazın Ermənistana Azərbaycandan ötürülməsi kimə sərfəlidir?"

Daşnaksutyun bürosunun iqtisadi məsələlər üzrə məsul şəxsi Suren Parsyan hesab edir ki, əgər Ermənistana qazın Azərbaycandan idxal edilməsi uzunmüddətli perspektivləri nəzərdə tutmursa, onda bu üç həftəlik müvəqqəti ixraca ehtiyac yoxdur.
Büronun İqtisadi Təhqiqatlar Ofisinin nümayəndəsi Suren Parsyan Facebook hesabında bildirib ki, Ermənistanın üç həftəlik qaz ehtiyatı var: "Qazın Ermənistana Azərbaycandan ötürülməsi kimə sərfəlidir?" - o sual edir.
Bir müddət əvvəl Qazprom Export məlumat yaymışdı ki, təmir işlərinə görə Rusiya qazının Ermənistana tədarükü müvəqqəti olaraq, Azərbaycan ərazisindən həyata keçiriləcək və bunun üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə müqavilə imzalanıb.
Suren Parsyan yazır ki, Abovyan qaz anbarında toplanmış təbii qazın həcmi Ermənistanın daxili tələbatını üç həftədən də çox ödəməyə bəs edər, yəni, Ermənistana üç həftə ərzində qazı Azərbaycandan idxal etməyə ehtiyac yoxdur.
İqtisadçı "hərbi vəziyyətdə olan Ermənistanda" hakimiyyətin bu qərara münasibət bildirməməsindən və onun nə dərəcədə "Ermənistanın maraqlarına uyğun" olduğunu dəqiqləşdirmədiyindən təəccüblənir.
"Odur ki, ehtimal etmək qalır ki, bu sövdələşməyə Ermənistan infrastrukturlarının blokadadan azad edilməsi bəhanəsi ilə suveren Naxçıvan-Azərbaycan yolunun güzəşt edilməsi səbəb olub, yəni, nəyin bahasına olursa olsun, Türkiyə-Azərbaycan tandeminin nail olmaq istədiyinə..." - Daşnaksutyun bürosunun iqtisadi məsələlər üzrə məsul şəxsi Suren Parsyan ehtimal edir.
"Qazprom" bildirib ki, Rusiya qazını Gürcüstan ərazisindən keçməklə Ermənistana daşıyan Şimali Qafqaz - Zaqafqaziya qaz kəmərində planlaşdırılmış profilaktik təmir işləri zamanı Rusiya qazı Azərbaycan ərazisindən istehlakçılara tədarük ediləcək.
SOCAR-dan APA-ya bildirilib ki, müvafiq qaz kəmərindəki təmir işləri ilə bağlı Rusiya öz təbii qazının Azərbaycan ərazisindən Gürcüstan ərazisinə tranzit nəqli ilə bağlı Azərbaycana müraciət edib və müvafiq ödəniş müqabilində razılıq əldə olunub.

Şəklin mənbəyi, Getty Images
Azərbaycanda koronavirusun "Britaniya ştammı aşkarlanıb"
Bu barədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) sözçüsü Elnarə Baxış BBC News Azərbaycancancaya bildirib.
O deyib ki, bu məlumatı Milli Hematologiya və Transfuziologiya Mərkəzi yayıb və TƏBİB də təsdiqləyir.
Qurumun məlumatında deyilir ki, Mərkəzin Genetik Diaqnoz Mərkəzində "Sars Cov-2" genom analizi edilən üç nümunədə virusun Britaniya variantı aşkarlanıb.
"Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq, "Sars Cov-2" genom analizləri edilərək şübhəli variantlar təqib olunur. Azərbaycanda koronavirus əleyhinə istifadə olunan "Coronavac" vaksini yeni ştammlara qarşı da effektivdir," - Milli Hematologiya və Transfuziologiya Mərkəzi bildirib.
Azərbaycanda ilk koronavirusa yoluxma hadisəsi 2020-ci ilin fevralın 28-də qeydə alınıb.
İndiyədək bu virusa yoluxmuş şəxslərdən 231 min 638 nəfər müalicə olunaraq sağalıb, 3307 nəfər vəfat edib.

Şəklin mənbəyi, Getty Images
Biden-in Putinə "qatil" deməsindən sonra Rusiyanın ABŞ-dakı səfiri Moskvaya çağırılıb
ABŞ Prezidenti Joe Biden-in Rusiya Prezidenti Vladimir Putin haqqında dediklərindən sonra Rusiyanın Washington-dakı səfiri danışıqlar üçün Moskvaya çağrılıb.
Rusiya hökuməti səfir Anatoli Antonovun ABŞ-la münasibətlərin "çıxılmaz vəziyyətdə" olduğu üçün çağrıldığını bildirib.Moskvanın qərarı ABŞ Prezidenti Biden-in Putinin seçki müdaxiləsi iddialarına görə "əvəzini ödəyəcəyini" söyləməsindən sonra qəbul edilib. ABC News-a verdiyi müsahibədə Biden Rusiya liderinin "qatil" olduğunu düşündüyünü təkrarlayıb.
Biden bu sözləri Putinin keçən ilin noyabr ayında keçirilmiş "prezident seçkilərinə müdaxiləsindən" bəhs edən Amerika kəşfiyyatının hesabatını şərh edərkən söyləyib.Biden öz məruzəsində Rusiyanı seçkilərdə keçmiş Prezident Donald Tramp-ın lehinə təsir etməyə çalışmaqda günahlandırıb.Putinin sözçüsü Dimitri Peskov ittihamlar üçün heç bir dəlilin göstərilmədiyini və daha çox ikitərəfli münasibətlərə zərər verəcəyini bildirib.Hesabatda yer alan qərarlara görə, ABŞ-ın gələn həftə Rusiyaya qarşı embarqo tətbiq edəcəyi gözlənilir.

Şəklin mənbəyi, Getty Images
Rusiya Xarici İşlər Nazirliyi nə deyib?
Rusiya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilir ki, "Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-la münasibətlərdə nələrin edilməsi lazım olduğunu təhlil etmək üçün Moskvaya çağrılıb". Açıqlamada deyilir ki, Moskva "münasibətlərdə düzəlməyəcək dərəcədə pisləşmənin qarşısını almaqda" maraqlıdır.Bəyanatda "Bizim üçün ən başlıcası Waşinqton-u çıxılmaz vəziyyətə gətirərkən Rusiya-Amerika münasibətlərini düzəltməyin yollarını müəyyənləşdirməkdir" ifadələri də yer alıb.
Biden nə deyib?
Yanvar ayının sonunda bir telefon söhbətində Biden Putini seçki müdaxiləsi iddialarına veriləcək potensial cavab barədə xəbərdar etdiyini açıqlayıb və "bunun əvəzini verəcəyini" söyləyib.
Bunun nə olduğu soruşulduqda Biden "bunu tezliklə görəcəksiniz" deyib və Putinin qatil olduğunu düşündüyünə dair suala "düşünürəm" cavabını verib.Daha sonra çıxış edən Ağ Ev sözçüsü Jen Psaki Rusiya-Amerika münasibətlərinin Tramp-ın prezidentliyi zamanındakından fərqli olacağını söyləyib və "Ruslardan mütləq atdıqları addımların hesabı istəniləcək" deyib.ABŞ Ticarət Nazirliyi 17 Mart çərşənbə günü Rusiya ilə ticarətdə yeni məhdudiyyətlər elan edib. Bunlar milli təhlükəsizliklə əlaqəli avadanlıqların, texnologiyaların və proqram təminatlarının Rusiyaya ixracı və yenidən ixracı ilə əlaqədardır. Yeni ticarət məhdudiyyətləri 18 Mart tarixindən etibarən qüvvəyə minəcək.Rusiya öz vətəndaşlarına - Aleksey Navalniyə, o cümlədən Yuliay və Sergey Skripala qarşı kimyəvi silah istifadə etməklə yanaşı 2020 Amerika seçkilərinə müdaxilə cəhdində günahlandırılır.
Kəşfiyyat hesabatında nə deyilirdi?
ABŞ Milli Kəşfiyyat İdarəsi tərəfindən çərşənbə axşamı günü yayımlanan 15 səhifəlik hesabatda İranla yanaşı Rusiya tərəfindən də həyata keçirilən "müdaxilə əməliyyatları" təsvir olunur.ABŞ Milli Kəşfiyyatının məxfi hesabatı yayımlandıqdan sonra Rusiya və İranın 2020-ci il prezident seçkilərinin nəticələrinə təsir göstərməyə çalışdıqlarını, onlardan başqa heç bir xarici dövlətin səsləri, bülletenləri saxtalaşdırmağa və nəticələrini dəyişdirməyə çalışmadığı bildirilib.
Sənəddə, həmçinin Rusiya ilə əlaqəsi olan şəxslərin 3 noyabr seçkilərindən əvvəl Prezident Biden haqqında əsassız iddialar yaydıqları vurğulanır. Eyni zamanda, dezinformasiya kampaniyasının seçki prosesinə inamı sarsıtmağa çalışdığı iddia edilir.Hesabatda, Rusiya kəşfiyyatına bağlı bəzi şəxslərin mediada və yüksək vəzifəli məmurlarla və Trampın müttəfiqləri ilə Biden əleyhinə ritorika yaydıqları qeyd edilib. Rusiyanın Vaşinqtondakı səfirliyi bu ittihamları əsassız hesab edib.Rusiya fond birjası, həmçinin rublun dəyəri Biden-in açıqlamalarından və Amerika səlahiyyətlilərinin hərəkətlərindən sonra düşüb. Moskva birjasının məlumatlarına əsasən, dolların məzənnəsi 1,13 rubl artaraq 73,98 rubla, avronun məzənnəsi isə 1,33 rubl artaraq 88,08 rubla qədər yüksəlib.







