Ötən il Azərbaycanın idxal-ixracında azalma olub, "Buta Airways" Bakı-İstanbul-Bakı marşrutu üzrə uçuşları bərpa edir

Şəklin mənbəyi, Dövlət Gömrük Komitəsi
Ötən il Azərbaycanın idxal-ixracında azalma olub, "Buta Airways" martın sonundan Bakı-İstanbul-Bakı marşrutu üzrə reysləri bərpa edir. İrana səfər etmək istəyən Azərbaycan vətəndaşları icazə almalıdırlar - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
2020-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyard 471 milyon dollar olub.
Bunu Gömrük Komitəsinin sədri Səfər Mehdiyev cümə axşamı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, idxal əməliyyatları əvvəlki illərlə müqayisədə 3 milyarda yaxın, ixrac əməliyyatları isə 5,8 milyard azalıb.
Səfər Mehdiyev 2020-ci ilin Azərbaycan üçün iqtisadi baxımından "cüzi daraldığını" desə də, "fisqal baxımdan uğurlu il" kimi qiymətləndirib.
Qurum rəhbərinin sözlərinə görə, idxal məhsulları arasında maşın mexanizmi, elektrik avadanlıqları və onların hissələri üstünlük təşkil edib.
Səfər Mehdiyev deyir ki, bu, əsasən, kənd təsərrüfatı üçün lazım olan avadanlıqlardır.
"Buta Airways" Bakı-İstanbul-Bakı marşrutu üzrə uçuşları bərpa edir

Şəklin mənbəyi, Buta Airways
"Buta Airways" Bakı-İstanbul-Bakı marşrutu üzrə reysləri bərpa edir.
Şirkət bildirib ki, xüsusi reyslər martın 18-dən etibarən bazar ertəsi və cümə axşamı günləri olmaqla həftədə iki dəfə həyata keçiriləcək.
Azərbaycan tərəfi bütün istiqamətlərdə olan uçuşlar üçün uçuşdan əvvəl 48 saat ərzində etibarlı olan COVID-19 testinin nəticəsini tələb edir.
Türkiyə uçuşdan əvvəl 72 saat ərzində etibarlı olan COVID-19 testinin nəticəsi tələbini martın aprelin 15-dək uzadıb, Türkiyənin Azərbaycandakı Səfirliyi bildirib.
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlərdən iki həftə ərzində özünütəcrid tələb olunur.
"Buta Airways" indiyədək İzmir istiqamətində uçuşlar həyata keçirirdi. Şirkət martın 19-dan Tbilisiyə reysləri həyata keçirəcəyini elan edib.
Hazırda Türkiyəyə uçuşlar əsasən AZAL və Türk-Hava Yolları vasitəsilə aparılır və sosial mediada vaxtaşırı biletlərin qiymətlərinin baha olması ilə bağlı şikayəltər əks olunur.
Koronavirus pandemiyasına görə, Azərbaycan quru sərhədlərindən kütləvi gediş-gəlişi bağlayıb və yalnız hava nəqliyyatı vasitəsilə bəzi ölkələrə uçmaq mümkündür. Amma bu zaman sərnişindən COVID-19 testi tələb olunur.
Azərbaycan vətəndaşlarının İrana səfər etməsinin şərtləri açıqlanıb

Şəklin mənbəyi, AZERTAG
İrana səfər etmək istəyən xaricilər, o cümlədən Azərbaycan vətəndaşları bu ölkədə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə səfərdən öncə giriş icazəsi almalıdılar.
İranın Azərbaycandakı səfirliyindən BBC News Azərbaycancaya bildiriblər ki, bu ölkənin Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalarda belə deyilir.
Məlumatda "İrana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının əvvəlcə Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahdan çıxış icazəsi əldə etməli olduğu" bildirilir.
Səfirlikdən BBC News Azərbaycancaya verilmiş məlumata görə, "İrana tibbi məqsədlərlə gedən şəxslər müalicə aldıqlarına dair tibbi sənədləri, pasportun surətini, şəxsi müşaiyət edəcək şəxsin pasportunun surətini, bu ölkəyə nə üçün səfər etmək barədə ərizə ilə birgə Operativ Qərargaha göndərməlidirlər".
"Daha sonra Operativ Qərargahdan gələn müsbət cavabla birgə vətəndaşlar İranın Bakıdakı Səfirliyinin Konsulluq şöbəsinə müraciət edib qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazəsi almalıdılar," - məlumatda deyilir.
Qurumdan bildiriblər ki, İran hökuməti bu icazələrin cavablarını təxminən 10-12 gün müddətində açıqlayır.
BBC News Azərbaycanca Irana səfər etməyin şərtləri ilə bağlı Operativ Qərargahdan hələlik şərh ala bilməyib.








