Bakı Yerevandan erməni silahlı qüvvələrinin “Azərbaycanda yerləşdirilməsinə son qoymağı tələb edir"

bu gün Azərbaycan

Şəklin mənbəyi, Xarici İşlər Nazirliyi

Azərbaycan XİN-i Ermənistandan özünün silahlı qüvvələrini Azərbaycan ərazilərinə göndərilməsinə son qoymağı tələb edib; Sputnik, AstraZeneca, Pfizer və Moderna peyvəndləri Azərbaycana hələ verilməyib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Azərbaycan öz ərazisinə "erməni silahlı qüvvələrin göndərilməsinə son qoymağı Yerevandan tələb edib

Rəsmi Bakı Ermənistandan özünün silahlı qüvvələrini "qanunsuz şəkildə Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı" tələb edib və beynəlxalq ictimaiyyəti "Ermənistanın bu cür təxribatçı hərəkət və fəaliyyətlərə son qoyması üçün zəruri tədbirlər görməyə" çağırıb.

"10 noyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında birgə bəyanatın imzalanmasından sonra Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi xidmət üçün göndərilməsi hallarına rast gəlinir," - Azərbaycan Xarici İşlər Nazirliyinin Məbuat xidmətinin bu gün yaydığı məlumatda bildirilib.

Azərbaycan XİN-i qeyd edib ki, Ermənistanda fəaliyyət göstərən beynəlxalq media agentliklərinin məlumatlarında "hərbçilərin valideynlərinin açıq şəkildə öz övladlarını Azərbaycan ərazisində hərbi xidmətə cəlb olunmasına etiraz etdikləri, Ermənistan hərbçilərinin "Laçın dəhlizindən" gizli şəkildə keçirilərək Azərbaycan Respublikasının ərazilərinə zorla yerləşdirilməklə onların həyatlarının risk altına qoyulduğu" öz əksini tapır.

"Ermənistan hərbçilərinin hazırda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi Azərbaycan Respublikasının ərazilərinə qanunsuz şəkildə göndərilməsi eyni zamanda, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr tarixli birgə bəyanatının kobud şəkildə pozuntusudur," - məlumatda qeyd olunub.

Rəsmi Bakı hesab edir ki, Ermənistanın bu cür hərəkətləri "sülhməramlı kontingentin nəzarət mexanizmlərinin pozulması olmaqla, kontingentin bölgədə vəziyyətin sabitləşdirilməsi səylərinə zərbə vurur" və eyni zamanda, regionda dövlətlər arasında əlaqələrin normallaşdırılması, sülh və sabitliyin təmin edilməsini nəzərdə tutan tədbirləri "ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir."

"Qeyd etmək istərdik ki, məhz Ermənistan tərəfindən öz silahlı qüvvələrini üçtərəfli bəyanatın qüvvəyə minməsindən sonra ötən ilin noyabr ayının sonlarında qanunsuz şəkildə Azərbaycan ərazisində yerləşdirməsi bölgədə hərbi gərginliyə səbəb olmuşdur. Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı hücumlar təşkil edən Ermənistanın diversiya qrupu anti-terror əməliyyatı nəticəsində zərərsizləşdirilmiş, 62 nəfərdən ibarət qrup saxlanılaraq Azərbaycanın istintaq orqanlarına təhvil verilmişdir, - Azərbaycan XİN-i xatırladıb - Silahlı şəxslərin qanunsuz şəkildə Azərbaycan Respublikasının ərazilərinə daxil olması onların mənsub olduğu ölkə üçün beynəlxalq hüquqi məsuliyyət doğurmaqla yanaşı, həmin şəxslər üçün Azərbaycan Respublikasının milli qanunvericiliyinə uyğun olaraq fərdi cinayət məsuliyyəti yaradır."

Ermənistan tərəfi bu məsələ ilə bağlı hələlik şərh verməyib.

Azərbaycanda hələlik yalnız Çin vaksini tətbiq olunur. Sputnik, AstraZeneca, Pfizer və Moderna-nı isə verən yoxdur

Sinovac

Şəklin mənbəyi, Getty Images

"Biz AstraZeneca vaksinini çoxdan almalı idik. Almamışıq. Artıq bir neçə aydır ki, almamışıq. Sputnik vaksinini də almamışıq. COVAX təşəbbüsü üzrə Pfizer və Moderna peyvəndlərini almalı idik, almamışıq. Özü də bizə onları nə vaxt alacağımızı demirlər," - Prezident İlham Əliyev cümə günü keçirdiyi mətbuat konfransında Azərbaycanda Covid-19 pandemiyası ilə bağlı görülən tədbirlərdən danışarkən deyib.

"Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər, - Azərbaycan Prezidenti qeyd edib. - CoronaVac peyvəndinə gəldikdə isə bu vaksinin 4 milyon dozasının alınması barədə kontrakt bağlanıb. Mənə hər gün məruzə edirlər ki, bəzən gündə 15-20 min nəfər vaksinlənir. Yəni, bu istiqamətdə bütün imkanlardan istifadə edəcəyik. Bunun üçün müvafiq maliyyə vəsaitləri ayrılıb. Sadəcə, vaksinlərin istehsalçılardan gəlməsini gözləyəcəyik."

"Sizə açıq deməliyəm, əgər biz bütün istehsalçılarla saziş bağlamasaydıq, - bunu etmişik, - bu gün biz də vaksinsiz qalardıq," - Prezident Əliyev vurğulayıb.

Azərbaycan Prezidentinin təbirincə, "pandemiyanın lap əvvəlindən" vəziyyətə nəzarət edilir, karantin rejiminin tətbiqi üzrə "görülmüş tədbirlər kifayət qədər səmərəli olub."

"Bizdə yoluxmanın səviyyəsi kifayət qədər aşağıdır. Koronavirusa yoluxmuş insanların sayı hazırda 200 mindən bir qədər çoxdur. Bugünkü vəziyyətə görə, aktiv xəstələrin sayı 2 mindən bir qədər artıqdır. Bizim xəstəxanalarda boş yerlər çoxdur. Ona görə ki, əvvələn pandemiyanın ilk aylarında biz 10-dan çox modul tipli yeni xəstəxana yaratmışıq, həmçinin son iki ayda yoluxanların və sağalanların sayı arasında sağalanların xeyrinə müsbət dinamika müşahidə olunur," - Prezident Əliyev deyib.

O qeyd edib ki, Azərbaycan həm də Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir: "Biz peyvəndləməyə yanvarın 18-də başlamışıq, yəni Avropada peyvəndləmə başlanandan cəmi bir ay sonra."