İlham Əliyev: "Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına müsbət baxırıq"

İlham Əliyev

Şəklin mənbəyi, President.az

Prezident İlham Əliyev deyib ki, Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına "müsbət baxır".

"Bu münasibətlərin normallaşması üçün bizim hər hansısa xüsusi fikrimiz yoxdur", - Prezident bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında söyləyib.

Prezident bildirib ki, Türkiyə özü sərhədlərin nə zaman açılacağını müəyyən edə bilər və Azərbaycan tərəfindən buna "hər hansısa mənfi rəy verilməyəcək".

"Hesab edirəm ki, bölgənin sabitliyi, davamlı sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Ermənistan-Azərbaycan sərhədinin açılmasından bəhs edirik. Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına ehtiyac qalmır. Əgər biz Zəngəzur koridorunu gerçəkləşdirmək istəyiriksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Ancaq bu, Türkiyənin öz qərarıdır. Azərbaycan tərəfindən bu məsələ ilə bağlı hər hansısa xüsusi fikri yoxdur. Bir də ki, Türkiyənin xeyrinə nə olacaqsa, bu bizim də xeyrimizədir", - İlham Əliyev deyib.

Prezident İlham Əliyev deyib ki, Türkiyə-Ermənistan arsındakı sərhədlər 1993-cü ildə Kəlbəcər işğal olunandan sonra bağlanıb və bu, Azərbaycana göstərilən "dayanışma aktı" olub.

Cənab Əliyev söyləyib ki, Ermənistanın konstitusiyasında "Türkiyəyə qarşı ərazi iddiası var və onlar bundan əl çəkməlidirlər".

Füzuli hava limanı

Biz Füzuli aeroportunu payızın əvvəlində istifadəyə buraxmağı planlaşdırırıq, - İlham Əliyev deyib.

O bildirib ki, sözügedən hava limanında tikinti işləri başlayıb və "yaxın zamanda istifadəyə veriləcək".

İlham Əliyev hava limanının "beynəlxalq" statuslu olacağını və bütün növ təyyarələri qəbul etmək imkanına malik olacağını qeyd edib.

"Aeroport həm yüklərin daşınması üçün, həm də turistlərin Şuşaya səfəri üçün istifadə ediləcək. Tikinti prosesini tezləşdirmək çətindir, çünki minalardan təmizlənməyə dair məsələlər var. Ancaq biz aeroportu payızın əvvəlində istifadəyə buraxmağı planlaşdırırıq", - cənab Əliyev söyləyib.

İlham Əliyev hərbi əsirlər barədə suallara cavab verib.

O deyib ki, Azərbaycan "bütün hərbi əsirləri qaytarıb" və əlavə edib ki, müharibədən sonra gizlənən diversantlar "əsir yox, terrorçudurlar".

"Müharibədən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan bütün əsirləri qaytarmışıq. Özü də biz əsirləri onların bizə qaytardığından qabaq vermişik. Bu adamlar isə bu kateqoriyaya daxil deyillər, onlar diversant və terrorçudurlar", - Prezident vurğulayıb.

Əhalinin işğaldan azad olunmuş yerlərə qaytarılması

İlham Əliyev azad edilmiş ərazilərə "insanların nə vaxt qayıdacağı" sualına cavabında deyib ki, bunun üçün "kompleks tədbirlər görülməlidir".

O, buna "qısa müddət ərzində nail olmaq" istədiyini, lakin bunun "vaxt tələb etdiyini" və dədiq vaxt bildirmək istəmədiyini bildirib.

"Təbii ki, bu böyük vaxt tələb edir. vəsait də var, bütün gücləri də səfərbər etmişik. Hansısa tarix vermək istəməzdim. Halbuki fikrimdə tarix var, amma vaxtından əvvəl insanları sevindirməyim, bəzilərini hətta həyəcanlandırmayım. İnanın ki, maksimum qısa müddət ərzində mərhələli şəkildə insanları o yerlərə qaytaracağıq", - Prezident deyib.

Cənab Əliyev deyib ki, Qarabağın bərpasına nə qədər pul xərclənəcəyini hesablamaq "çox çətindir".

O qeyd edib ki, bu il üçün 2,2 milyard dollarlıq büdcə yarılıb və əlavə edib ki, bu büdcə "artırıla bilər".

Prezident söyləyib ki, bəzən Rusiya sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı "o qədər də dəqiq olmayan fərziyyələr" irəli sürülür.

O bildirib ki, onların bu gün Azərbaycan ərazisində olması azad edilmiş torpaqlara Azərbaycan əhalisinin qayıtması üçün də "müsbət rol oynayacaq".

"Çünki Ermənistanın diversiya qrupunun azad edilmiş torpaqlara göndərilməsi bunu göstərir. Ona görə hesab edirəm ki, onların fəaliyyəti müsbətdir. Bu fəaliyyət əminəm ki, belə də davam edəcək. Amma yenə də Azərbaycan ərazisində hər hansı bir başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil".

İlham Əliyev dini işğaldan azad olunan ərazilərdəki dini abidələr barədə suala cavabında deyib ki, "biz Azərbaycan dövləti olaraq onların hamısını qoruyur və bərpa edirik. Bununla bağlı kiminsə şübhəsi olmasın".

"Kəlbəcər rayonunda olan şəxslər Xudavəng kilsəsinə gələ bilərlər. Gələcəkdə də bununla bağlı heç bir problem olmayacaq", - Prezident qeyd edib.

Qarabağda "rəsmi dil" iddiaları

İlham Əliyev Qarabağda rus dilinin rəsmi dil kimi qəbul edilməsi barədə iddiaları "manipulyasiya" adlandırıb.

O, Qarabağda ikinci bir rəsmi dilin ola biləcəyini "istisna edib".

"Dağlıq Qarabağ mövcud deyil, hər kəs oranı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir. Ona görə də Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz. Eyni zamanda, biz heç bir dilə qarşı hər hansı məhdudiyyət qoymuruq. 340-a yaxın rusdilli məktəbimiz var. Ermənistanda isə bu rəqəm sıfırdır. Orada yalnız rus hərbi kontingentinin uşaqları üçün məktəb var", - İlham Əliyev söyləyib.

Paşinyan Putinə zəng edib

Şəklin mənbəyi, Getty Images

Paşinyan Putinə zəng edib

Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin telefonla Ermənistandakı vəziyyəti müzakirə ediblər, cümə axşamı günü Kremlin mətbuat xidməti bildirib.

"Vladimir Putin Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanun çərçivəsində nizamlanması lehinə danışıb. Rusiya dövlət başçısı tərəfləri təmkinli olmağa çağırıb", - məlumatda deyilir.

Kremlin saytı söhbətin Ermənistan tərəfinin təşəbbüsü ilə baş verdiyini qeyd edir.

Xocalı abidəsi
Şəklin alt yazısı, BBC

Xocalı qırğınından 29 il ötür

Bu gün Azərbaycanda 29 il əvvəl Xocalıda törədilmiş kütləvi qırğının qurbanları anılır.

1992-ci ildə, Qarabağ müharibəsinin başlanmasının ilk illərində erməni silahlıları Xankəndi (Stepanakert) yaxınlığında yerləşən Xocalıda yaşayan sakinləri evlərindən çıxmağa məcbur ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının iştirakı ilə erməni silahlıları tərəfindən yüzlərlə qadın, kişi, uşaq öldürülüb, mindən çox adam əsir düşüb, yüzdən çox adamdan indiyə kimi xəbər yoxdur.

Tarixi mənbələrə görə, Xocalı faciəsində 613 nəfər həlak olub, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb.

Azərbaycan Xocalı faciəsini "soyqırım" kimi tanıyıb və digər ölkələrin də bunu qəbul etməsinə çalışır.

Faciənin anım mərasimi hər il ölkəboyu qeyd olunur.

BBC News Azərbaycanca anım günü barədə xəbərləri canlı yayımlayıb.