You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Cəbrayıldan Zəngilana: uçuq binalar, minalı yollar və Arazbarı
Video açılmırsa YouTube-dan izləyin.
27 il sonra Cəbrayıl xarabalıqlarını canlı musiqi səsi ağuşuna alıb.
Azərbaycan Dövlət Flarmoniyası kvartetinin rəhbəri Ceyla Seyidova indi daşı daş üstündə qalmayan, səhnəsini yalnız təsəvvür etmək olan mədəniyyət evinin qalıqları arasında ilk dəfə ifa edir.
Cəbrayıl 1993-cü ildə işğal edilib, ötən ilin payızında, 44 günlük İkinci Qarabağ müharibəsində hərbi əməliyyatlar nəticəsində azad edilib.
Nəinki Cəbrayıl mərkəzi, keçdiyimiz kəndlərdəki evlər də, şəhər qəbiristanlığı dağıdılıb. Məzarlıqda ərəbcə də yazılmış başdaşılar var, demək olar ki, salamat bir qəbir yoxdu, hətta bəzi yerlərdə insan sümükləri ətrafa səpələnib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyir ki, işğal dövründə bu ərazilərdəki tikililər sökülərək tikinti materialları kimi istifadə olunub.
O deyir ki, işğal müddətində Ermənistan beynəlxalq humanitar hüquq normalarını pozub bu ərazilərdə məskunlaşma siyasəti aparıb.
Ermənistan tərəfindən bu iddialar barədə şərh yoxdur.
Sentyabrın 27-də Azərbaycan-Ermənsitan arasında başlamış müharibə Azərbaycanın torpaqlarının böyük hissəsini işğaldan azad etməsi ilə bitib. Tərəflər Rusiyanın vasitəçiliyi ilə bəyannamə imzalayıblar və bölgəyə rus sülhməramlıları gəlib.
Cəbrayılın Çocuq Mərcanlı kəndindən sonra İkinci Qarabağ müharibəsinə qədər təmas xətti sayılan hissəni keçəndən sonra yolboyu 44 günlük müharibənin izlərini görmək olar: erməni hərbçilərinin səngərləri, onlarla tank üçün saxlanclar, ağır texnika üçün torpaq yol, yanmış ərazilər...
Üzərində ermənicə ad-soyad yazılmış bir əsgər gödəkçəsi isə Cəbrayıl şəhərindəki qəbiristanlığa qalxan yolda atılıb qalıb.
Yolboyu minaaxtaranlara rast gəlmək olar: onlar işarələdikləri sahələrdə addım-addım mina axtarırırlar.
Cəbrayılda qollu-budaqlı, köklü-köməcli ağaca rast gəlmək mümkün deyil. Bir çox yerlər səhralaşıb, bəzi yerlərdə isə pərakəndə ağaclar bitib, hətta xarabalığa dönmüş binaların qalıqları arasında pöhrələnmiş, hələ qış yuxusundan ayılmamış ağacların çılpaq budaqları boylanır.
Cəbrayılla müqayisədə Zəngilanda yaşıllıq az da olsa var, hətta yarımdağılmış bəzi evlərin yeni dam örtükləri, binalardakı "Krosnı" antenaları, həyətdə qalıqları qalmış nəqliyyat vasitələri buralarda işğal dövründə yaşayış olduğundan xəbər verir. Zəngilan şəhəri və kəndlərində də bir çox evlərin yalnız quru divarları qalıb.
Şəhərdəki məscidin qalıqlarının yanındakı evin İkinci Qarabağ savaşı zamanı tərk edildiyini otaqlara səpələnmiş əşyalardan güman etmək olar.
Zəngilanın Naxçıvan-Mincivan dəmiryol xətti işğal müddətində təkcə fəaliyyətini dayandırmayıb, həm də dağılıb:
Azərbaycan höküməti təkcə Naxçıvan- Mincivan dəmiryolunu bərpa etmək yox, həm də Azərbaycanın İranla bu bölgədən keçən sərhədlərini işlək hala salmaq istəyir. İndi isə tarixi Xudafərin körpüsünə qıfıl vurulub.
Burda sovet dövründə sərhədi ayıran dirəklərin və tikanlı məftillərin də qalıqlarına rast gəlmək olar.
Arazın o tayında həyat qaynayır, çayın sahilində adamlar yığışıb, bu taydan keçən avtobuslara əl eləyirlər.
Arazın bu tayı isə Azərbaycanda akkreditə olunmuş diplomatların, jurnalistlərin tezliklə buranı tərk etməsindən sonra yenə kimsəsizliyə qərq olacaq.
Azərbaycan hökuməti ərazilərin minalardan təmizlıbməsindən sonra məcburi köçkünıəri geri qaytarmağı planlaşdırır. 2016-cı il dördgünlük aprel döyüşlərində geri qaytarılmış Cəbrayılın Cocuq Mərcanlı kəndində yerli sakinlər geri qaytarılıb.
Yerli sakinlər deyir ki, hazırda əhalinin yaşayışı üçün dövlət tərəfindən burada bütün şərait yaradılıb və 150 evdən ibarət qəsəbə salınıb.
Üç ildir burada məskunlaşan Elmira Cəfərova deyir ki, sakit yaşasalar da ailələri pensiya ilə dolanır.
Onun sözlərinə görə, dövlət onlara torpaq payı versə də onu əkib-becərmək böyük xərc tələb edir və bunu edə bilmirlər.
Elmira Cəfərova deyir oğlu və gəlini üçün dəfələrlə iş üçün rəsmi qurumlara müraciət etsələr də onların müraciəti cavabsız qalıb.
Amma o ümid edir ki, artıq Cəbrayıl və digər rayonlar işğaldan azad ediləndən sonra bu yerlərdə tezliklə həyat qaynayıb işsizliyə də əncam çəkiləcək.