You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanın yeni meyvə-tərəvəz bazarları hansı ölkələr ola bilər?
Prezident İlham Əliyev 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi müşavirədə deyib ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı məsələsinə yenidən baxmalıdır. Cənab Əliyev Rusiyanın Azərbaycandan ixrac edilən pomidorlara bir neçə dəfə qoyduğu sanksiyanı xatırladaraq hökumətə ənənəvi bazarlar saxlanılmaqla yeni bazarlar axtarışına çıxılmağı tapşırıb. Bundan başqa, Prezident ixrac, eləcə də ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatı məhsullarının çeşidinin artırılmalı olduğunu söyləyib.
Mütəxəssislər Azərbaycan məhsullarının alıcılarının yaxın qonşular yox, əsasən Avropa və Orta Asiya ölkələri ola biləcəyini deyir. Onların sözlərinə görə, Azərbaycan yeni bazarlara çıxmaq üçün ilk növbədə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsini həll etməlidir.
İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanın kənd təsərrüfatı ixracatının Rusiyadan asılılığı kifayət qədər ciddidir və bununla bağlı zaman-zaman problemlər yaşanır.
O deyir ki, Rusiya bu məsələdən bəzən "təzyiq vasitəsi kimi" istifadə edir.
"Azərbaycanın kənd təsərrüfatı məhsullarının az qala 80 faizi, pomidorun isə 90 faizə yaxını Rusiyaya ixrac olunur. Bu, kifayət qədər ciddi asılılıq deməkdir. Çoxşaxəli ixrac modelinə keçid çoxdan gündəmə gəlməli və bununla bağlı işlər görülməli idi. Birinci yaxın çevrəmizdə bazarlar axtarılmalıdır, amma elə o ölkələrin bəziləri özləri də kənd təsərrüfatı məhsullarının ixracatçısıdır. Məsələn, biz Türkiyə və ya Gürcüstana pomidor sata bilməyəcəyik, çünki onlar özləri də ixrac bazarları axtarırlar. Orta Asiya bazarında müəyyən yer tutmaq mümkündür, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan - bu bölgələrdə bazar tapmaq mümkündür. Düzdür, orada da ciddi kənd təsərrüfatı məhsulları ixracatçısı olan Özbəkistanla rəqabət aparmalı olacağıq".
Beynəlxalq bazarlara çıxmağa nə mane olur?
Natiq Cəfərli söyləyir ki, Azərbaycan ÜTT-yə üzv olmaq istəmir və Avropa İttifaqı ilə geniş sazişin imzalanmasını yubadır, bununla da uzun illərdir ki, bəzi beynəlxalq öhdəliklərdən "qaçır".
O deyir ki, Avropa İttifaqı ilə əməkdaşlıq sazişi 2021-ci ildə imzalanarsa, Avropa bazarlarına çıxış imkanları yaranacaq, çünki tərəfdaş ölkələrə müəyyən güzəştlərlə Avropa İttifaqı ölkələrinə məhsulların ixrac olunması üçün kvotalar ayrılır.
İqtisadçı hesab edir ki, "ən bahalı və ən yaxşı bazar" Avropa bazarıdır, Azərbaycan istehsalçıları da Avropa bazarlarında özlərinə yer tapmağı "orta və uzunmüddətli hədəf kimi qarşıya qoymalıdırlar".
"Beynəlxalq bazarlara çıxmaq üçün ilk tələb olunan məsələ ÜTT standartlarıdır. Bu standartları Azərbaycan qəbul etmədən dünya bazarlarına ikitərəfli müqavilələrlə çıxa bilir ki, bu da müəyyən əngəllər yaradır. 1997-ci ildən danışıqlar aparılır və artıq 24-cü ilə keçir, amma sanki Azərbaycan əlindən gələni edir ki, təşkilata üzv olmasın. İlkin olaraq hüquqi baza yaradılmalı, bundan sonra rəqabətli bazara çıxış imkanları, qablaşdırma, sertifikatlaşdırmanın həmin o beynəlxalq bazaya uyğun şəkildə aparılması öyrədilməlidir. Bunun üçün fermerlərə təlimlər keçirilməlidir. İlk illərdə təşviq paketi kimi həmin sertifikatların alınmasına çəkilən xərclər, hüquqi prosedurlar dövlət tərəfindən dəstək kimi edilə bilər. Biz gec-tez dünya bazarlarına çıxmalıyıq. Bunu öyrənmək üçün gecikmişik".
Cənab Cəfərli söyləyir ki, ÜTT-yə üzvlük o deməkdir ki, "beynəlxalq oyun qaydalarını qəbul edirsən".
Onun sözlərinə görə, burada gömrük rüsumları, sərhədlərin sürətli keçilməsi, mal və xidmətlərin sertifikatlaşması ilə bağlı müəyyən beynəlxalq standartlar var.
İqtisadçı deyir ki, Türkmənistandan başqa bütün ətraf ölkələr ÜTT-yə üzv olsalar da, Azərbaycan bu siyahıda deyil.
O, bunun səbəbini Azərbaycanın daxili bazarında "yerli maraq qrupları" olan topdansatış idxalındakı "hegemonlarda" görür və düşünür ki, üzvlük bu qrupların ÜTT-yə "fərqli baxışları" olduğu üçün baş tutmur.
"Hökumətin rəsmi mövqeyi ondan ibarətdir ki, ona görə üzv olmuruq ki, daxildə kənd təsərrüfatı istehsalçılarına dotasiya vermək çətinləşəcək və bu da bizim məhsulların rəqabətlilik gücünü azaldacaq. Daxili bazara çoxlu sayda xarici istehsalçılar sərbəst şəkildə girə bilər. Bu, ilk baxışda məntiqli görünsə də, uyğunsuzluq var, axı Azərbaycanda 10 milyon istehlakçı var. İstehlakçı nöqteyi-nəzərindən baxanda bazarda oyunçuların çox olması daha yaxşıdır - keyfiyyət düzələcək, rəqabət artacaq, qiymət aşağı düşəcək. Hökumətin gətirdiyi arqumenti də neytrallaşdırmaq mümkündür. Bu bəhanəni kənara qoymaq lazımdır. Subsidiyanı birbaşa vəsait kimi verməyə bilərsən - gübrə, toxum, avadanlıq, yanacaq kimi vermək olar, dövlət satınalmalarında ancaq yerli məhsullara icazə verilə bilər. Hərbi, bağça, məktəb, xəstəxanaların təchizatı üçün yerli məhsullardan istifadə etmək olar".
"Avropanın özü maraqlıdır ki,..."
Keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirli də Azərbaycan üçün alternativ ixrac bazarını Avropada görür.
O deyir ki, bunun üçün azad ticarət haqqında saziş imzalanmalı və Azərbaycan istehsalçıları Avropa bazarlarına maneəsiz çıxış əldə etməlidirlər.
"İqtisadi inkişaf etmiş ölkələrdə daha çox geni modifikasiya edilmiş məhsullar bazara çıxarılır. Buna görə də Avropanın özü maraqlıdır ki, Azərbaycan kimi geni modifikasiya edilməmiş, təmiz məhsulları ixrac edən ölkələrə üstünlük versin. Azərbaycan üçün alternativ bazar olaraq Avropa İttifaqı ölkələrini görürəm. Bunun yanında ərəb ölkələri, Afrika ölkələri də ola bilər. Müxtəlif ölkələrlə ticarət etmək lazımdır. Rusiya böyük bazar olsa da, onunla iqtisadi əməkdaşlığın fəsadları da var. Müxtəlif embarqolar qoya bilir deyə o, daha çox siyasiləşmiş bazardır".
Cənab Bəydəmirli söyləyir ki, dünya ticarətinin 98 faizindən çoxu ÜTT-nin üzvləri arasında aparılır və təşkilatın anlaşmaları ölkələrə yox, daha çox istehlakçılara xidmət etmək məqsədi daşıyır.
İqtisadçı vurğulayır ki, Azərbaycanın ÜTT ilə danışıqlarında əsas problemlərdən biri mallara idxal gömrük rüsumlarının yüksək olması olub.
"Azərbaycanda monopoliya tərəfdarları, məmur sahibkarlığı, onun aparıcı qüvvəsi olan Dövlət Gömrük Komitəsi, onun lobbiçiliyi sayəsində ÜTT-yə üzv ola bilmirik. ÜTT sazişində idxal gömrük rüsumu maksimum 7 faiz olmalıdır, Azərbaycanda isə əksər məhsullara rüsum 15 faizdir. İllərdir guya daxili istehsalı qorumaq bəhanəsi ilə hökumət Dövlət Gömrük Komitəsinin lobbiçiliyi ilə monopolist istehsalçıları və idxalçıları qoruyur. Əslində isə, hökumət vətəndaşın xərcini artırır və eyni zamanda, daxili istehsal stimullaşdırılmır".
Azərbaycan kənd təsərrüfatının xarici bazarlara ixracı ilə bağlı məsələlərlə məşğul olan əsas qurumlardan biri - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo)Azərbaycanın 170-dən çox ölkə ilkə xarici ticarət əlaqəsinin olduğunu bildirir.
Qurum Azərbaycanın əsas ticarət tərəfdaşları kimi Rusiya, Türkiyə, ABŞ, Almaniya, Fransa və İtaliyanın adını çəkir.
Azpromo-nun məlumatında deyilir ki, Azərbaycan qeyri-neft məhsulları arasında ən çox meyvə-tərəvəz, spirtli və spirtsiz içki, şəkər, müxtəlif yağlar, çay, plastik və kimya məhsulları ixrac edir.
Qurumun kənd təsərrüfatı məhsulları üzrə bazar araşdırmaları bölməsində Baltik ölkələri, İsveçrə, Böyük Britaniya, Almaniya, Rusiya, Çin kimi ölkələrin adlarına rast gəlmək mümkündür.
Dövlət Gömrük Komitəsinin 2020-ci il üzrə statistikasında ən çox ixrac edilən kənd təsərrüfatı məhsulları arasında meyvə-tərəvəz, çay, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər kimi məhsullar yer alır.
Pomidor ixracı: Azərbaycan "Rusiyadan imtina etmir", Avropa və Körfəz ölkələrini hədəfləyir
Azərbaycan pomidor ixracı üçün yeni bazarlar kimi Avropa və Körfəz ölkələrini hədəfləyir. Bu barədə İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) bildirir.
Azərbaycanın təşəbbüsü Rusiyanın pomidor idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda yer alır.
AZPROMO Avropa və Körfəz ölkələrini hədəfləsə də, Rusiya bazarından imtina etmək fikrində olmadığını vurğulayır.
"Bu bazardan tamamilə imtina edib, digər bazarlara yönəlmək istəmirik. Sadəcə pomidor ixracını diversifikasiya etmək istəyirik," - AZPROMO-nun sədri vəzifəsini icra edən Yusif Abdullayevin sözləri Report agentliyi iqtibas olunur.
AZPROMO hazırda Körfəz ölkələrinə ixrac üçün sahibkarların "Qlobal GAP" (Keyfiyyət və sertifikatlaşdırma sistemi - red.) sertifikatı əldə etməsi üçün işlərin aparıldığını bildirir.
Qurum Avropa və Körfəz ölkələrinə 50 milyon dollar dəyərində ixracı hədəfləyir ki, bu da Rusiyaya pomidor ixracının təqribən dörddə birini təşkil edir.
"Məqsədimiz 5 il ərzində bu göstəriciyə çatmaqdır," - Yusif Abdullayev deyib.
Kənd təsərrüfatı məhsullarında çeşidliliyi necə artırmalı?
Natiq Cəfərli deyir ki, çeşiddən daha çox məhsuldarlıq önəmli olmalıdır, çünki "Azərbaycanda bir hektardan götürülən məhsuldarlıq qonşu ölkələrdən, dünya ortalamasına görə daha aşağıdır".
Onun sözlərinə görə, bunun üçün aqrotexniki qaydalara əməl edilməli, elmi yanaşma olmalı, gübrə və toxumların seçimində elmi seleksiyadan istifadə olunmalı, əl əməyindən daha az istifadə olunmalıdır.
İqtisadçı söyləyir ki, Azərbaycanda kənd təsərrüfatına iş yerlərinin yaranması kimi baxılır və bu, "düzgün yanaşma deyil".
Cənab Cəfərli hesab edir ki, məhsul çeşidinin seçilməsi fermerlərin "öz öhdəliyinə buraxılmalıdır" və bunu dövlətin "hansısa formada əmr və ya qərarla yerinə yetirməsi doğru deyil".
"Məsələn, 2015-ci ildən sonra dövlət qərarı ilə pambıqçılığa üstünlük verildi, amma indiyədək bu sahədə ciddi nailiyyət əldə edilmədi. Dövlətin hansısa mərkəzdən verəcəyi qərardan daha çox torpaqdan hansı məhsulun daha yaxşı əldə olunacağını bilən iri fermer təsərrüfatlarının yaradılmalı, aqrotexniki qaydalarla bağlı dəstək, uzunmüddətli aşağı faizli kreditlərlə bağlı dəstək verilməlidir. Çeşidlərin seçilməsi üçün torpağın özəlliyi, hansı məhsul növünün məhsuldarlıq verəcəyi öyrənilməlidir. Bundan sonra çoxçeşidli məhsulların əkimi ilə bağlı elmi yanaşmanı da ortaya qoymaqla fermerlər də qərar verə bilər, bazar da bunu tənzimləyə bilər. Ona görə də, ənənəvi məhsullar, yəni, pomidor, xiyar, tərəvəz, nar, heyva, xurma kimi meyvə-tərəvəzlərlə yanaşı fındıq, badam, arıçılığın perspektivləri genişləndirilməlidir".
Natiq Cəfərli əlavə edir ki, çeşidliliyin artırılması üçün birbaşa məhsula deyil, ondan alınan son məhsulun ixracına köklənmək daha doğru olar.
Qarabağda kənd təsərrüfatı potensialı
Natiq Cəfərli deyir ki, işğaldan azad olunan torpaqlar münbitdir və orada su resursları çox olduğuna görə əlverişlidir.
O düşünür ki, həmin ərazilərin taxılçılıq, tərəvəzçilik və heyvandarlıqla bağlı ciddi potensialı var.
Natiq Cəfərli hesab edir ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində kadr çatışmazlığı var və söyləyir ki, ölkədə bu sahədə fəaliyyət göstərən iri holdinqlər ilk olaraq xaricdən mütəxəssis cəlb edirlər.
"Dövlət proqramı çərçivəsində bu sahəyə çox az fikir verilir. Yerli ali məktəblər yetərli deyilsə, xarici ölkələrdə bu sahənin kadrlarının yetişdirilməsi prioritet elan edilib gənclər göndərilməlidir və ya bir neçə məsələni birləşdirərək işğaldan azad olunmuş torpaqların birində aqrar sahə ilə bağlı xarici universitetin filialı kimi bir universitet tikmək olar. Bu, həm iqtisadi fürsətləri genişləndirəcək, həm də yeni mütəxəssislərin yetişdirilməsi üçün baza rolunu oynayacaq".